Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:59

Oqtay Qorçu "Quduran qurbağa" (Hekayə)


Hər gün meşəyə, üç yüz yaşlı bu çinarı görməyə gələrdi. Və hər gün də göldə ancaq bir qurbağanın qurultusunu eşidərdi.

Elə ki adam ağaca yaxınlaşardı, həniri duyan qurbağa kirimək bilməzdi, qur-qur quruldardı, insan övladı meşədən uzaqlaşana qədər beləcə davam edərdi və o, geri dönən zaman həmişə qurbağanın səsi kəsərdi.

Bu balaca, hikkəli məxluqdan, qurultusundan bezmişdi.

Adamı şeytan yoldan çıxartdı, meşədə gəzmək, çinarı sakitcə ziyarət etmək xatirinə qərara aldı ki, qurbağanı tapıb öldürsün.

Həmin gündən gölün güdükçüsünə çevrildi, qurbağa isə quruldaya-quruldaya öz ovçusuna acıq verirdi, gölün bu başından vurub, o başından çıxırdı.

Bir gün daş dolu iri torba ilə gəldi gölün kənarına, hər dəfə qurultunu eşidəndə daş atırdı, qışqırırdı, söyürdü. Günlərlə yorulmadan daş atdı qurbağa qənimi.

May ayının 12-də, şənbə səhəri yenə meşəyə gəzməyə gəldi, gölə göz gəzdirdi, nə qurultu eşidilirdi, nə də qurbağa görünürdü.

Axtarmağa başladı. Çinarın gövdəsinə söykənib dodaqlarını büzdü, hər halda qurbağanın kələk gələ biləcəyini gözləmirdi.

Birdən eşitdiyinə inanmadı, diksindi, başını qaldırdı, qurbağa qudurmuşdu, çinarın budağının üstündə oturub quruldayırdı, yanında isə xumarlanan ilan elə həmin budağa sarılıb tənbəl-tənbəl qıvrılırdı.

Qurbağa qurultusunu kəsdi və qəfildən ilanın başından yapışıb onu aşağı, adamın üstünə atdı.

Hər şey bir anda baş verdi, meşədəki qonağın köynəyinin içindən sürüşüb kürəyinə düşən kimi ilan onu sancdı.

Vəhşi bağırtı eşidildi. Çinar budağının üstündə oturan qurbağa yenə başladı quruldamağa.

16 - 22 iyun, 2010, Bakı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG