Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Gəncədə «pay» davası...


İmamverdi Əhmədov
İmamverdi Əhmədov
Gəncə sakini İmamverdi Əhmədov 1977-ci ildən Azərittifaqın Gəncə avtobazasında işləyirmiş. Dediyinə görə, maşınlarda silindrli blokun güzgüləndirilməsi və dirsəkli valların cilalanması işini görürmüş. İşi də, aldığı əmək haqqı da onu qane edirmiş. Deyir ki, 2001-ci ildə bazanın müdirinin müəssisəni özəlləşdirməsindən sonra o həm işini itirib, həm də hüququ tapdalanıb, belə ki, müəssisənin ona verməli olduğu payı ala bilməyib.

«DEDİ RAZILIQ VERİN, QARAJI ÖZƏLLƏŞDİRİM»

«1977-ci ildən mən qarajda işləyirəm. Bir gün işə gələndə dedilər iclasdı. Müdir dedi ki, mən qarajı özəlləşdirirəm, siz də razılıq verin, sizi yaxşı dolandıracam. Mən cihazları öz payıma istədim, dedim ki, öz pulumla cihazları mənə sat, vermədi. Bununla bağlı mən qanuni tədbir gördüm, ərizə yazdım. Mən məhkəmələrə müraciət eləmişəm. Kəpəz rayon Xalq məhkəməsinə hər dəfə də mənim xeyrimə olmayan qərarlar veriblər. Axırda Səbail rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmələr də deyirlər ki, sənin burda özəl payın var, alıb verəcəyik, ərizəni yaz. Sonra əfsuslar olsun ki, bunun arxasında duran «böyük qüvvələr»in təzyiqi ilə Yusifli Hüseyn qələbə çalır».

Azərittifaqın Gəncə avtobazasından bildirdilər ki, müəssisənin direktoru Hüseyn Yusifli səhhəti ilə əlaqədar müalicədədir. Oğlu, həm də müəssisədə atasının köməkçisi işləyən Yusif Yusifli isə deyir ki, ortalıqda İmamverdi Əhmədovun özünün rəsmi qaydada pay istəmədiyini bildirən ərizə var.

ŞƏRİKLİKDƏN İMTİNA OLUNUB?

«Azərittifaqın avtobazası qarajıydı. Bizdə bütün işçilərin hamısı işləyir. Hamıdan bir-bir soruşulub, ki, ürəyin istəyirmi şərik olmaq? Notarial qaydada təsdiq olunub. İmamverdiyə də rəsmi şəkildə müraciət olunub ki, «şəriksinizmi?» deyib «yox». Rəsmi ərizəsi var, istəmir payçı olmaq».

Hafiz Babalı
«Turan» informasiya agentliyinin eksperti Hafiz Babalı deyir ki, özəlləşmə və ya satılma zamanı payçı tərəf müəssisəyə şərik olmaya bilər, bunun əvəzində mülkün bir hissəsi və ya hansısa avadanlığı tələb edə bilər.

«Bu, özəlləşdirmə deyil, satınalmadır. O, kooperativ cəmiyyətdən satın alıb. Satıla bilər, amma həmin payçıların razılıqları olmalıydı. Satın alıbsa, pulunu Azərittifaqa ödəyib, o da digər payçılara da pay ödəməliydi. Faktiki olaraq bu şəxslərin hüquqları pozulub. Deyə bilər ki, mən öz payımdan imtina edirəm və ya öz payını hansısa dəyərlə ifadə edir. Avadanlıqlar da vermək olardı. Orda əmlakın bölgüsü aparılmalıydı».

STRASBURQ MƏHKƏMƏSİNƏ MÜRACİƏT OLUNUB

Hüquqşünas Namiq Əliyev isə AzadlıqRadiosuna deyir ki, qanunvericilik, yəni «Özəlləşdirmə haqqında qanun»un 4.4 –cü maddəsi də təsdiqləyir ki, özəlləşdirilən dövlət müəssisəsinin işçiləri həmin müəssisənin əmlakının 15 faizini güzəştli şərtlərlə ala bilər.

Elə İmamverdi Əhmədov da deyir ki, o ərizəni avadanlıqları ala bilmək üçün yazıb, yəni payını tələb edir. Şikayətçi bildirir ki, haqqını axıracan tələb edəcək.

«Mən öz prinsipial mövqeyimdə durub məhkəmələrimi davam elətdirmişəm. Strasburq məhkəməsinə də müraciət etmişəm. Mən bacardığım qədər məhkəmələri davam edəcəm, Azərbaycanın hüquq və qanunlarından istifadə edəcəm. Məni müdafiə edən qanunlardan istifadə edəcəm».
XS
SM
MD
LG