Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 16:29

Ev quşları niyə qırılır?


 Bəzi rayonlarda ev quşlarının kütləvi tələfatı baş verməkdədir
Bəzi rayonlarda ev quşlarının kütləvi tələfatı baş verməkdədir
HANSI HƏYƏTƏ XƏSTƏLİK DÜŞÜBSƏ, BİR DƏNƏ DƏ QALMAYIB

Bəzi rayonlarda ev quşlarının kütləvi tələfatı baş verməkdədir. Saatlı rayonunun Əlisoltanlı kənd sakini Məhbubə Mirzəyevanın dediyinə görə, onlar ev quşlarını qapalı şəraitdə saxlasalar da, onlara məlum olmayan xəstəlikdən hamısı qırılıb:

«Biz qapalı yerdə saxladıq, yenə xəstəlik düşdü. Bizdə az idi, amma elə adam var 70-ə yaxın toyuq-cücəsi qırılıb. Axşam saldıq yerlərinə, səhər gördük məsələn, 20 toyuqdan 10-u ölüb, sonra da qalanları öldü».

Məhbubə Mirzəyeva deyir ki, onlar bu barədə rayon baytarlıq idarəsinə müraciət edəndən sonra toyuq-cücəyə vaksin vurulub. Buna baxmayaraq, deyir ki, xəstəlik düşən yerdə bir dənə də toyuq-cücə qalmır. Həmsöhbətimin deməsinə görə, lap əvvəllər ildə bir dəfə vaksin vurulması bu kimi xəstəliklərin qarşısını alırdısa, indi ildə bir neçə dəfə vaksinləşmə belə vəziyyəti dəyişmir:

«Qışdır, hava soyuqdur bəlkə ona görədir, nədir, bilmirəm hansı həyətdə toyuqlara xəstəlik düşübsə bir dənə də qalmayıb».

BAYTAR: «XƏSTƏ TOYUQLARIN ƏTİNDƏN İSTİFADƏ ETMƏK OLAR»

Rayon Baytarlıq İdarəsinin rəisi Bəhman Namazov isə ev quşları arasında yayılan xəstəliyin qorxulu olmadığını deyir:

«Ölüm halları əsasən qurd xəstəliyindəndir, başqa xəstəliklər yoxdur. «Quş qripi» ilə bağlı bizdə daim monitorinq keçirilir, qan nümunəsi götürülür. Əlimizdən nə gəlirsə edirik ki, qorxulu xəstəlik olmasın. Allha şükür bizdə «quş qripi» yoxdur».

Sabirabad rayonunun daşqınlardan zərərçəkən ərazilərində də ev quşlarının kütləvi tələf olması halları müşahidə olunmaqdadır
Bəhman Namazov deyir ki, xəstəlik düşən ev quşlarının ətindən istifadə etmək mümkündür:

«Kütləvi ölüm halları olmazdan əvvəl həmin quşları kəsib ətindən istifadə etmək olar. Elə qorxulu bir xəstəlik yoxdur».

ƏRİ DÖYƏN ARVADI İT DƏ TUTDU BİR YANDAN

Sabirabad rayonunun daşqınlardan zərərçəkən ərazilərində də ev quşlarının kütləvi tələf olması halları müşahidə olunmaqdadır. Rayonun Balahəşimxanlı kəndindən Sadəddin Həmidovun dediyinə görə, daşqından götürüb qaçdıqları bir iki toyuq-cücə olub, indi onu da xəstəlik məhv eləməkdədir:

«Qaynımın həyətində iri hinduşkalar var idi, hamısı qırıldı, kəsdilər ki, yesinlər, baytar icazə vermədi, hamısını basdırdılar. Bundan başqa, xalam oğlunun da xeyli toyuq-cücəsi var idi, hamısı qırıldı. Daşqından sonra hərənin həyətində bir-iki toyuq, quş var idi, onu da xəstəlik qırdı-qurtardı. Bir misal var deyir, əri döymüş arvadı it də tutdu bir yandan. Çox yaxşı gündə idik, xəstəlik də bir yandan gəldi».

QUŞLAR ƏVVƏL QIRILIRDI, İNDİ SAKİTÇİLİKDİR


Ev quşlarının kütləvi qırılması halları Qəbələ rayonunun bir sıra kəndlərində də olub. Rayon Baytarlıq İdarəsinin rəisi Bəhmən Abdurəhmanov ev quşlarının kütləvi qırılması ilə bağlı məlumatları təsdiqləyir. Amma deyir ki, bu hal 10-15 gün əvvəl olub, indi isə narahatlığa əsas görmür:

Eyyub Hüseynov
«15-20 gün əvvəl bir-iki həyətdə quşların qəflətən tələf olması halları baş verdi. Getdik nümunələr götürdük, respublika laboratoriyasına göndərdik. Özümüz də müayinə elədik, məlum oldu ki, quşlar infeksion və qurd xəstəliklərindən ölüb. Yəni xüsusi təhlükəli bir xəstəlik yoxdur».

AZAD İSTEHLAKÇILAR BİRLİYİNİN NARAHATLIĞI

Rayon Baytarlıq İdarəsi ev quşlarına düşən xəstəliklərin təhlükəli olmadığını desələr də, Azad İstehlakçılar Birliyi narahatdır ki, xəstə və ölü ev quşları kəsilərək bazarlarda satıla bilər. Birliyin rəhbəri Eyyub Hüseynov deyir ki, yanvarın 13-də onlara edilən müraciətlərin beşi son vaxtlar bazarlarda ucuz quş ətlərinin çoxalmasından narahatlıq bildirib:

«Onu da qeyd edim ki, Bakı bazarlarında, xüsusən də «28 May» metrosunun yaxınlığındakı antisanitar bazarda heç bir laboratoriya yoxlaması aparılmadan kəndlərdən gətirilən quş əti satılır. Bu əlbəttə istehlakçıları narahat edir və ola bilər ki, həmin quş ətlərində müxtəlif xəstəliklərlə yanaşı «quş qripi» xəstəliyi də olmuş olsun».

«QUŞ QRİPİ» YOXDUR, TOYUQLAR SOYUQDƏYMƏDƏN QIRILIR

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti isə narahatlığa əsas görmür. Xidmətin sözçüsü Yolçu Xanvəli deyir ki, ölkədə çöl və ev quşlarından götürülən qan nümunələrində «quş qripi» xəstəliyinin törədicisi tapılmayıb. O, ev quşlarının əsasən soyuqdəymə, zəhərlənmə və baxımsızlıqdan tələf olduğunu bildirir.

Qaldı ki, bazarlara nəzarətsiz quş əti çıxarılması ilə bağlı deyilənlərə, Yolçu Xanvəli bununla da razılaşmır. Deyir hər şey nəzarət altındadır.
XS
SM
MD
LG