Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:38

Şahbaz Xuduoğlu Rasim Qaracanın ittihamlarına cavab verdi


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
Bir müddət əvvəl Azad Yazarlar Ocağının üzvü, şair Rasim Qaraca "Oxu zalı"na göndərdiyi yazıda "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun AYO-nu parçalamağa çalışdığını bildirmişdi. Həmin yazını olduğu kimi çap etmişdik. Ş.Xuduoğlu "Mərkəz" qəzetinə verdiyi müsahibədə R.Qaracanın yazısındakı ittihamlara cavab verib. "Oxu zalı"na göndərilən həmin müsahibəni də olduğu kimi çap edirik.


- Şahbaz bəy, bir ildən çoxdur ki “Ən Yeni Ədəbiyyat” seriyasına start vermisiniz. Bildiyim qədər layihəyə start verəndə AYO üzvləri ilə məsləhətləşmələriniz olub.

Bu gün bəzi AYO üzvləri xüsusən Rasim Qaraca “Ən Yeni Ədəbiyyat” layihəsindən və sizdən narazıdır.

Sizcə bu narazılıqların kökündə nə dayanır?


- Rasimin bu barədə yazısı var. Deyərdim ki, o yazı onların narazılıqlarının ümumiləşmiş formasıdır.

"AYO-nu parçalamaq məsələsi isə iftiradır, böhtandır. AYO özü-özünü parçalayır. AYO-nun bir neçə qocaman yazarları düşüblər son dərəcə məğrur bir gəncin üstünə. Qan Turalının əleyhinə hökm çıxarırlar. Ədəbi bir dərnəyin belə hərəkəti nə qədər düzgündür? Rasim Qaraca 22 yaşlı Elmin Həsənli ilə konfliktə girir, müstəqilləşmək istəyən gəncləri yeri gəldi-gəlmədi şantaj edir"
Böhtan, yalanla dolu o yazının sətirləri altından Rasimin ağıl zəifliyi aydın görünürdü.

Bundan sonra onun belə gözlənilməz və adekvat olmayan hərəkətlərini tez-tez görəcəyik. Bu onun özüylə bağlı olan məsələ deyil...

Əslində 3-4 il əvvəl mənə əziz olan bir adam Rasimə kömək etməyi tapşırdı.

O vaxtdan etibarən o artıq bir qədər imtiyazlı şəxs kimi nəşriyyata gəlməyə başladı.

Son vaxtlar işlə bağı bizim əməkdaşlarla narazılığı olmuşdu, Bakıda olmadığım zaman adımdan istifadə edərək mətbəədə bəzi işlər gördürmüşdü, detallarını açıqlamağa lüzum görmürəm, bu hərəkəti xoşuma gəlmədi və icazəsiz nəşriyyata girişini qadağan etdim.

Bundan sonra o bütün ətrafını mənə qarşı qaldırdı. Bax, bu söz-söhbətlərin kökündə Rasimin şəxsi incikliyi durur.

Orada heç bir ictimai maraqdan söhbət gedə bilməz.

Sualınızda olan AYO üzvləriylə məsləhətləşməyimə isə, mən heç zaman AYO-ya təşkilat kimi baxmamışam.

Heç indi də bilmirəm bu təşkilatın üzvləri kimlərdi.

Mən “Ən yeni ədəbiyyat” seriyasına başlayanda ədəbi çevrələrdə olan, ünvanını bildiyim şəxslərə məktub göndərmişəm. Onların biri də Rasim idi.

Amma orda Niyazi Mehdi, İlham Səfər, Pərviz, Şahvələd Çobanoğlu və sair Azərbaycanda bədii ədəbiyyatın inkişafını arzulayan şəxslər olub.

Layihə başlayarkən məqsədim yalnız AYO üzvlərini deyil, istedadına inandığım yazıçıların əsərlərini çap eləmək idi.

Seriyada çap olunan AYO-çularla yanaşı AYB üzvləri və heç bir quruma daxil olmayan yazıçıların əsərləri də var.

- Rasim Qaraca “Ən Yeni Ədəbiyyat” brendini mənimsəməyə çalışdı və bu məqsədlə məlum saytı yaratdı və sizi AYO-nu parçalamaqda suçlayır.

Siz özünüzü son olaylarda tərəf hesab edirsinizmi? Yəni etirazçı AYO üzvlərinin arxasında sizmi dayanırsınız?


- “Ən yeni ədəbiyyat” brendi Qanun nəşriyyatına məxsusdur.

Qanun nəşriyyatı o kitabları nəşr edib, onların təqdimatını təşkil edib.

Hər bir kitab üçün reklam kartları çap olunub, metrolarda, təhsil ocaqlarının qarşısında paylanıb.

Rasim Qaraca
Müəllifləri və kitabları tanıtmaq məqsədi ilə böyük tirajlarda bukletlər dağıdılıb.

Təbliğat işinə həm yazılı, həm də elektron KİV-ləri cəlb etmişik.

Bu işləri Qanun nəşriyyatı görüb. Biz neçə gördüyümüz işlərdən imtina edək? Hansı mənəvi və maddi haqla bu işləri başqası öz adına çıxa bilər?

Ən yeni ədəbiyyat virtual, havada olan bir layihə deyil ki, ona sahiblənəsən, bunlar konkret kitablardan ibarətdir.

Onları Qanun nəşriyyatı çap edib və bu kitab dünyası üçün böyük bir tövhədir.

Mən bu məsələdə QHT Şurasının mövqeyini başa düşə bilmirəm.

Ortada nəşriyyatın işi, zəhməti olduğu halda niyə eyni adlı saytın yaradılması üçün Rasim Qaracaya maliyyə ayrılmalıdır.

Mən QHT Şurasının ədəbiyyata dəstəyini alqışlayıram, amma bunu niyə Qanun nəşriyyatının brendinə sahiblənməyə şərait yaratmaq yolu ilə etməlidirlər?

Axı bu Əqli Mülkiyyət haqqında qanunun pozulmasıdır.

AYO-nu parçalamaq məsələsi isə iftiradır, böhtandır. AYO özü-özünü parçalayır.

AYO-nun bir neçə qocaman yazarları düşüblər son dərəcə məğrur bir gəncin üstünə. Qan Turalının əleyhinə hökm çıxarırlar.

Ədəbi bir dərnəyin belə hərəkəti nə qədər düzgündür? Rasim Qaraca 22 yaşlı Elmin Həsənli ilə konfliktə girir, müstəqilləşmək istəyən gəncləri yeri gəldi-gəlmədi şantaj edir.

Məqsəd bu iyrənc üsullarla onları AYO-nun təsiri altında saxlamaqdır.

Bu, bolşevik metodları ilə gənclərin heysiyyatı ilə oynayır, onları etmədikləri işlərə görə dönə-dönə ittiham edir.

Guya Abzas.net mənə məxsusdur, guya bu sayt Adyazarı dağıtmaq üçün yaranıb.

Mən dəfələrlə demişəm ki, gəncləri şantaj etməyin mənim o saytdan xəbərim yoxdur.

Biz Azərbaycan gəncini sərbəst, özgür görmək istəyirik.

Onların sərbəst seçim hüququ tanınmalıdır. Yaradıcı təşkilatlar nə qədər çox olarsa, ədəbi baxışlar da müxtəlif olar. Bundan ədəbiyyatımız və cəmiyyətimiz udacaq.

- Rasim Qaraca iddia edir ki, Şahbaz Xuduoğlu mənim təşkilatçılığımla beynəlxal sərgilərə gedirdi.

Məqsəd “sizdən yetişdirmək” imiş. Həqiqət varmı bu iddiada?


- Mən Frankfurtda keçirilən Beynəlxalq kitab yarmarkasında 3 dəfə iştirak etmişəm.

İlk dəfə 2000-ci ildə Soros fondunun təşkilatçılığı ilə, ikinci dəfə öz hesabıma, sonuncu dəfə isə Goethe İnstitutunun Tiflis ofisinin təşkilatçılığı və maliyyə dəstəyi ilə.

Rasimin belə bir iddiasının əsasız olması ilə bağlı o instituta məktub ünvanlamışam, məqsədim həqiqəti üzə çıxarmaqdır.

Qoy Goethe İnstitutu özü bu məsələyə aydınlıq gətirsin.

Rasim bu iddia ilə həm mənim, həm də İnstitutun imicini şübhə altına alır.

O ki qaldı Azərbaycanlı Maksvel Perkinsi məsələsinə, Həmid Herisçi postmodernizmi apardı, konspirologiyanı gətirdi...

Ən yeni ədəbiyyat seriyasından kitablar
Rasimin qlobal qəsdindən xəbərsiz olmuşam. Mən heç kimlə hansısa spekulyativ məqsədlə görüşməmişəm.

Ümumiyyətlə, Rasimlə kənar görüşlərim intensiv olmayıb. O, həmişə, çox vaxt nəşriyyata gəlib, oturub, nəsə danışıb.

Ciddi deyirəm, bu adamla görüşlərimdən bir cümlə belə xatırlaya bilmirəm. Mənim işlərim, onun isə vaxtı çox olub.

O, daha çox oturaraq danışmağı, mən isə daha tez durub getməsini istəmişəm. Nəşriyyata çox adam gəlir, əksəriyyəti yaradıcı adamlardı, onlara xüsusi münasibət lazımdır. Amma bəlli bir vaxt darlığında.

Kənar qüvvələrdən və kənar şəxslərdən həyatımda qorumaq istədiyim yalnız bir nəsnə var - o da vaxtdır. İndi ən çox onun mühafizəsi ilə məşğulam.

Bu mənada Rasimin yeyib-içməklə bağlı söylədiyi, yazmaq istədiyi növbəti hekayəsindən uğursuz bir parçaya bənzəyir...

- Keçən MKM-də AYO üzvlərini, “Ya MKM, ya da “Ən Yeni Ədəbiyyat” ” seçimi qarşısında qoyduğunuz söylənilir. Siz MKM-dən daha uğrlu bir müsabiqə təşkil edə bilərdinizmi?

Əgər belə bir imkanınız var idisə, nə üçün MKM-də münsif olmağı seçdiniz?


- O zaman “Ən yeni ədəbiyyat” seriyasından cəmi iki kitab çıxmışdı. Yazılmayan əsərə görə necə şərt qoymaq olar?

AYO-çular iştirak etməmək qərarı vermişdilər. Onların bu qərarına heç bir müdaxiləm olmamışdı. MKM kitab sahəsində ən böyük layihə idi.

Ədəbi fokus onun üzərinə yönəlmişdi. Prosesi daim müzakirə edirdik, iyirmilik və onluq siyahıları hər kəsdə etimad qazanmışdı. MKM-in onluğuna daxil olan on kitab bizdə nəşr edildi.

Bir kitabın nəşrini nəşriyyat öz hesabına etdi. Nəticə isə şok effekti yaratdı.

Bu, həqiqətən etiraz idi. Bu vaxta qədər olan ədəbiyyata və yazarlara etiraz.

Amma o əsəri oxuyanda 19 yaşlı gəncin hadisələrə yanaşma tərzindən razı qaldım.

Mən MKM-i yenə də günümüzün ən uğurlu layihəsi hesab edirəm. Nəşriyyat olaraq bu layihəyə dəstək verməyə hazıram.

Amma bu o demək deyil ki, mən eyni məqsəd naminə, lakin fərqli formada paralel mükafatı təsis edə bilmərəm.

Kitabın təbliğatı ilə bağlı hər cür layihəyə qoşulmağa hazıram.

Bəzi adamlar elə düşünür ki, bütün yaxşı işlər məhz onun özündən başlamalıdır.

Əks halda hər bir yaxşı iş qaralanmalıdır. Bu düzgün deyil.

- “Ən Yeni Ədəbiyyat” layihəsinin alovlu təbliğatçısı olan, sizi mütərəqqi naşir hesab edən yazarların çoxu sizi tənqid edir, sizi yazarların hesabına pul qazanmaqda suçlayırlar.

Yəni “Ən Yeni Ədəbiyyat” bu qədərmi çox pul gətirir?


Elmin Həsənli
- Birincisi, insan gərək özü özünə və öz fəaliyyətinə qiymət verməyi bacarsın, sonra kənar şəxslərə.

Mən 20-ildir nəşriyyat sahəsində çalışıram. Üç minə qədər kitab buraxmışam.

Azərbaycan dilli kitab bazarının 90%-i bizim nəşriyyatının üzərinə düşür. Başqa nəşriyyatlar sifarişlə işləyirsə biz öz kitablarımızı nəşr edirik. Kitab bazarını formalaşdıran nəşriyyatıq.

Mənimlə münaqişəyə girən adam bu işlərin azından 1 faizini görməlidir. Özümü bu sahədə yetkin insan hesab edirəm.

Həm təbliğ olunanda, həm də tənqid olunanda müvazinətimi qoruyuram. Əsas budur. Hər bir nəşriyyat sabit tərəfdaşlarla işləməyə önəm verir.

Bir gün yaltaq pişik, səhəri gün vəhşi canavar olmaq mümkün deyil.

Bu cür adamlarla heç kim işləmək istəmir.

Seymur Baycan və Əli Əkbər ikincinin kitabı çıxandan bir gün sonra belə bir şayiə yaymağa başladılar ki, guya kitab uçdu, Şahbaz artıq növbəti tirajı vurdu.

Mənə zənglər olmağa başladı, guya hansısa dükünlarda artıq bitibdir, nə bilim nə. Bu cür hallar ümumiyyətlə xoşagələn deyil.

İş prosesinə mənfi təsir edir. Gərginlik yaranır. İşlərini buraxıb, bunların yalanlarını doğrulamaqla məşğul olursan. Bu səbəbdən Seymurun kitabını çap etməkdən imtina etdim.

Dedim ki, əgər sizin kitablar gəlir gətirirsə, özünüz nəşr edin və özünüz də qazanın.

Bir dostum məni fikrimdən daşındırmağa çalışdı, lakin qəbul eləmədim, dedim nəticəni artıq görürəm, Ələkbərin etdiyini Seymur təkrar edəcək, bunlar bir-birinin içində gizlənmiş adamlardı.

- Gələcəkdə kitab biznesinin və ədəbiyyatın inkişafı üçün nə düşünürsünüz? Sizcə zəif əqidəli və cırtqoz insanlarla hədəflərə çatmaq olarmı? “Qanun” nəşrlər evinin gələcək strategiyasını necə düşünürsünüz? Yenə də AYO əsas partnyor olaraq qalacaqmı?

- Bu il iki Nobel mükafatı laureatının kitablarını dərc etdim. Bu nəşriyyatımız üçün çox böyük uğurdu.

Onlar 2008-ci il Nobel ödülçüsü Lö Klezio və 2009-cu il ödülçüsü Herta Müllerdir. Kitablar orijinildan tərcümədir.

Fransız dilindən daha iki kitab tərcümə olunub, “Geopolitikaya giriş” və “Bakıda son günlər”.

Xarici ədəbiyyatla bağlı çoxlu layihələrimiz var, onlar davam edəcək. “Ən yeni ədəbiyyat” seriyasının artıq oturuşmuş bir oxucu çevrəsi var.

Bu seriya davam edəcək. Artıq Pərviz ikinci romanını tamamlayıb, Sevinc Pərvanənin şerlər kitabı gələn həftə satışda olacaq. Pərvizin “Yad dildə” əsəri təkrar çap olunacaq.

Bu il də bədii ədəbiyyatla və tərcümə ədəbiyyatının nəşrinin davam edəcəyik.

Gənclər üçün başladığım seriyada bu ay ərzində 4 kitab nəşr ediləcək.

Başqa nəşriyyatlardan fərqli olaraq bunlar hamısı nəşriyyatın hesabına olacaq.

Söhbətləşdi Cəlil Cavanşir,
Mərkəz qəzeti

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG