Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:49

Müsabiqəyə 112 əsər təqdim olunub


Milli Kitab Mükafatı müsabiqəsinə əsər qəbulu başa çatıb.

Təşkilat komitəsindən “Media forum”a bildiriblər ki, müsabiqəyə 112 əsər (hekayə, povest, roman və digər nəsr əsərləri) daxil olub.

Ən yaşlı yazıçının 81, ən gənc yazarın 19 yaşı var. Müraciət edənlərin 21%-ni qadın, 79%-ni kişi yazarlar təşkil edir.

Əsərlərin 27-i rus, 85-i Azərbaycan dilindədir. İran, Türkiyə, Gürcüstan, Almaniya, Rusiya, Ukrayna və İsraildən də əsərlərini təqdim edən olub.

Əsərlər yanvarın 16-da ekspertlər şurasına təqdim olunacaq. Ekspertlər şurasında bu şəxslər yer alır: Elnarə Tofiqqızı - tənqidçi, filoloq; Mahir Qarayev - şair, tərcüməçi; Tehran Əlişanoğlu - tənqidçi, filologiya elmləri doktoru; Yaşar - yazıçı, tərçüməçı; Qan Turalı - köşə yazarı; Zahir Əzəmət - yazar. Martın 20-dək ekspertlər bütün əsərləri qiymətləndirəcək və 20 ən yaxşı əsər (uzun siyahı) seçilib elan olunacaq.

Martın 27-də isə 10 ən yaxşı əsər (qısa siyahı) seçilib münsiflər heyətinə təqdim olunacaq.

Münsiflər heyətinə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Jurnalistlər Birliyinin sədri, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, xalq şairi Vaqif Səmədoğlu, deputat, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, alim Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, professor Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə daxil edilib.

Münsiflər 10 ballıq sistem üzrə açıq səs verəcəklər və mayın 31-də üç qalibin adı elan olunacaq.

MKM-in baş sponsoru “Bakcell” şirkəti, sponsoru “Unibank” ASC və “Əli və Nino” Nəşriyyat Evidir. 1-ci yer üçün üç min, 2-ci yer üçün iki min, 3-cü yer üçün min manat pul mükafatı nəzərdə tutulub.

ABŞ səfirliyi isə ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə 1000 manat məbləğində mükafat verəcək.
XS
SM
MD
LG