Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:02

Qubernator niyə öldürüldü?


Salman Tasirin dəfn mərasimi
Salman Tasirin dəfn mərasimi
Yanvarın 5-i ailə üzvləri, dostları, rəsmilər və tərəfdarları qətlə yetirilən Pakistanın Pəncab vilayətinin qubernatorunun dəfn mərasimində bir araya gəliblər.

Salman Tasir yanvarın 4-ü İslamabadda öz cangündəninin qəzəbinə tuş gəlib, mübahisəli kafirlik qanununa qarşı danışması cangüdəninə xoş gəlməyib. Bu nitqləri də onun həyatına son qoyub.

Mərhumun cənazəsi gecəyarı rəsmi dəfn mərasimi üçün vilayətin mərkəzi Lahora gətirilib. Minlərlə polis şəhərdə təhlükəsizliyi qorumaq məqsədilə cəmlənib.

Baş nazir Yusif Rza Gilani də mərasimdə iştirak edib.

2007-ci ildə qətlə yetirilən baş nazir Benazir Bhuttondan sonra Tasirin ölümü Pakistan ictimaiyyətini ən çox sarsıdan hadisələrdəndir.

Pakistanda üç gün matəm elan edilib və baş nazir ölkə bayraqlarının yarıyacan endirilməsi barədə göstəriş verib.

BU QƏTL BAŞ VERMƏMƏLİYDİ

İslamabadlı həkim Banqaş da «Reuters»ə qubernatorun qətlindən narahat olduğunu deyib:

- Bu, çox faciəvi hadisədir. Bu qətl baş verməməliydi. Bunu hər kim edibsə öz şəxsi səbəbləri üzündən törədib. Əgər bu hal Pakistanda davam etsə, ölkə üçün çox pisdir.

Tasirin cangüdənlərindən biri Malik Mümtaz Hüseyn Qadri qətldən dərhal sonra həbs olunub
Ancaq Tasirin ölümü bir çoxları tərəfindən alqışlanıb.

Sosial şəbəkələr Tasirin qatilini alqışlayanlarla aşıb-daşır. Bəzi dini liderlər qatilin «cəsarətini» alqışlayıb və Lahorda keçirilən dəfn mərasimini boykot etməyə çağırıblar.

«Camaat-i-Əhli-Sünnət Pakistan» qruplaşması bildirib ki, sünni müsəlmanların Barelvi sektasının 500-dən artıq din xadimi xəbərdarlıq edib ki, kafirlik qanununu tənqid edənlər və onları dəstəkləyənlər Tasirin ölümündən dərs götürməlidirlər.

Tasirin cangüdənlərindən biri Malik Mümtaz Hüseyn Qadri qətldən dərhal sonra həbs olunub. Daxili işlər naziri Rəhman Malik deyib ki, o, Tasiri öldürdüyünü etiraf edib və bunu qubernatorun kafirlik haqda qanunu pisləməsi ilə əlaqələndirib.

QƏTLİN ARXASINDA BAŞQALARI VAR?

Hazırda qətlə bağlı araşdırma aparılır, bunun sui-qəsd olub-olmadığı öyrənilir:

- O, öz cangüdəni tərəfindən öldürülüb. Ancaq biz araşdırmalıyıq ki, bu qətli o törədib, yoxsa bunun arxasında başqaları da var.

66 yaşlı Tasir prezident Asif Əli Zərdarinin yaxın müttəfiqi və hakim Pakistan Xalq Partiyasının mötəbər xadimi idi.

66 yaşlı Tasir prezident Asif Əli Zərdarinin yaxın müttəfiqi və hakim Pakistan Xalq Partiyasının mötəbər xadimi idi.
O, həmçinin Pəncabda islamçı yaraqlıların ən böyük tənqidçisi kimi tanınırdı. Bu yaxınlarda ölkənin mübahisəli kafirlik qanununa qarşı açıq çıxışlar da etmişdi. Qanuna görə, İslamı təhqir edən istənilən adam ölümlə cəzalandırılmalıdır.

XRİSTİAN QADINI ZİYARƏT

Tasir hətta kafirlik qanunu ilə ölümə məhkum edilmiş xristian qadını da ziyarət etmişdi. Bir çox Pakistan siyasətçiləri bu hadisəyə şərh verməkdən belə çəkinirdi.

Ancaq Pakistanın hakim Xalq Partiyası İslam partiyalarının təzyiqi altında kafirlik qanununa dəyişiklik etməyəcəyini bildirib. Hüquq müdafiəçiləri isə hesab edirlər ki, bu qanun azlıqları təqib etmək üçün istifadə edilir.

Tasirin ölümü ABŞ, Avropa Birliyi və BMT tərəfindən pislənib.

ABŞ Dövlət katibi Hillari Klinton onun ölümünü «böyük itki» adlandırıb və qubernatorun tolerantlıq və təhsillə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

/Sayta hazırladı Sevinc Hüseynzadə/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG