Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:59

İlham Əliyev: «Dünyanın ən hündür bayrağı Bakıda ucaldılmışdır»


İlham Əliyev
İlham Əliyev
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə televiziya ilə xalqa müraciət edib.

Müraciətdə deyilir:

«2010-cu il arxada qalır. 2010-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. Baxmayaraq ki, 2010-cu ildə dünyada iqtisadi və maliyyə böhranı hələ də davam edirdi, Azərbaycan 2010-cu ildə böyük uğurlara nail olmuşdur... İQTİSADİYYATIMIZ TƏXMİNƏN 5 FAİZ, ƏHALİNİN PUL GƏLİRLƏRİ 12 FAİZ ARTMIŞDIR, inflyasiya cəmi 5.7 faiz təşkil etmişdir. Ölkəmizə 15 milyard dollar sərmayə qoyulmuşdur, bizim valyuta ehtiyatlarımız 20 milyard dollardan 29 milyard dollara qalxmışdır…

2010-cu ildə sosial sahədə böyük işlər görülmüşdür. 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmişdir, 5 Olimpiya-İdman Mərkəzi tikilmişdir. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi qaldırılmışdır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu, onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir…

2010-cu ildə ölkəmizdə siyasi proseslər müsbət istiqamətdə inkişaf etmişdir. Azərbaycanda demokratiyanın inkişafı yolunda böyük və uğurlu addımlar atılmışdır. 2010-cu ildə Azərbaycanda parlament seçkiləri şəffaf, ədalətli şəkildə keçirilmişdir…

Xarici siyasət sahəsində 2010-cu ildə böyük uğurlara nail olduq. Bizim DOSTLARIMIZIN, AZƏRBAYCANLA ƏMƏKDAŞLIQ ETMƏK İSTƏYƏN ÖLKƏLƏRİN SAYI ARTIR... Beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz artıq oturuşmuş əlaqələrdir, qarşılıqlı hörmət, qarşılıqlı inam, qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlərdir...

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir... Bizim ərazi bütövlüyümüzün bərpası mütləq baş verməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, heç vaxt bizim əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəkdir... Dağlıq Qarabağda yaşayan əhali və ora qayıdacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşayacaqlar və bu, məsələnin həlli üçün yeganə variantdır.

2010-cu ildə ölkəmizdə böyük infrastruktur layihələri icra edilmişdir. Nəqliyyat sektorunda, inşaat sektorunda, elektrik enerjisi güclərinin yaradılması işində böyük və önəmli addımlar atılmışdır. 2010-cu ildə Bakıda böyük gəmiqayırma zavodunun tikintisi başlanmışdır. Bakıda Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi başlanmışdır...

2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatmışdır...

Bildiyiniz kimi, 2010-cu il Azərbaycanda «Ekologiya ili» elan edilmişdir... Təkcə bir il ərzində görülmüş işlər və irəli sürülmüş təşəbbüs nəticəsində AZƏRBAYCANDA 6 MİLYONDAN ÇOX AĞAC ƏKİLMİŞDİR...

Əhalini, xüsusilə çaylar boyu yerləşən kəndlərdə yaşayan insanları içməli su ilə təmin etmək üçün təmizləyici qurğular tikilmişdir. Artıq o çaylar boyu yerləşən kəndlərdə yaşayan 300 min Azərbaycan vətəndaşı təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təchiz edilir.

2010-cu ildə bizim iqtisadiyyatımızın aparıcı sahəsi olan neft-qaz sektorunda da böyük uğurlar əldə edilmişdir. Ölkəmizdə 51 MİLYON TON NEFT, 27 MİLYARD KUBMETR QAZ HASİL EDİLMİŞDİR... 2010-cu ildə Azərbaycanda böyük qaz yatağı kəşf edilmişdir. «Ümid» yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf edilmişdir və bu yataq bizim enerji potensialımıza böyük dəstək verəcəkdir...

2010-cu ildə ölkəmizdə, ölkəmizin paytaxtında çox əlamətdar hadisə baş vermişdir. Bakıda Dövlət Bayrağı Meydanı yaradılmışdır və dünyanın ən böyük, ən hündür bayrağı Bakıda ucaldılmışdır. Bizim bayrağımız milli rəmzimizdir, dövlət rəmzimizdir, qürur mənbəyimizdir. Bizim bayrağımız bu gün işğal edilmiş torpaqlarda qaldırılmalıdır və qaldırılacaqdır. Şuşada, Xankəndidə bizim milli bayrağımız dalğalanmalıdır və dalğalanacaqdır. Bu günü biz hamımız yaxınlaşdırmalıyıq, bu günə biz hamımız nail olacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan dövləti bundan sonra da ancaq və ancaq inkişaf və tərəqqi yolu ilə gedəcəkdir...»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG