Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Həbsdə olan polis zabitinin həyat yoldaşı da polisdən çıxarıldı


Emin Əhmədbəyov yol polisinə müqavimət göstərməkdə ittiham olunaraq 2010-cu ilin yanvarında 3 il müddətinə azadlıqdan məhrum edilib
Emin Əhmədbəyov yol polisinə müqavimət göstərməkdə ittiham olunaraq 2010-cu ilin yanvarında 3 il müddətinə azadlıqdan məhrum edilib
«Hesab edirəm ki, bu, ərimin həbsi ilə əlaqədar mənim ailəmə qarşı təqibdir».

Daxili İşlər Nazirliyinin 1 saylı poliklinikasının həkim-rentgenoloqu, polis kapitanı Nigar Əhmədbəyova əmək hüquqlarının pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsini məhkəməyə verib.

Nigar Əhmədbəyova deyir ki, daxili işlər orqanından xaric olunması həyat yoldaşı, keçmiş polis zabiti Emin Əhmədbəyovun sifarişli həbsindən sonra DİN rəhbərliyinin onun ailəsinə qarşı təqibinin davamıdır.

ZİDDİYYƏTLİ RƏYLƏR


Dekabrın 29-da Səbail rayon Məhkəməsində Nigar Əhmədbəyovanın iddiası əsasında ilk məhkəmə baxışı keçirildi. Nigar Əhmədbəyova 3 illik analıq məzuniyyəti başa çatana yaxın uşağının xroniki xəstəliyi ilə əlaqədar məzuniyyət müddətinin 1 il də uzadılmasını istəməsinə cavab olaraq işdən azad edilməsini qanunsuz hesab edir. O, işə bərpa olunmasını tələb edir.

İddiaçının səlahiyyətli nümayəndəsi Ələkbər Məmmədov bildirdi ki, Əmək Məcəlləsinə, müxtəlif konvensiyalara istinadən DİN Kadrlar İdarəsinin Nigar Əhmədbəyova barəsində işdən azadetmə barədə əmri vətəndaşın əmək hüququnun birbaşa pozulmasıdır. O, Əhmədbəyovanın 3 yaşlı oğlu Raufun xroniki xəstəliyili ilə bağlı həkim rəyini məhkəməyə təqdim etdi.

XƏSTƏNİ MÜAYİNƏ ETMƏDƏN RƏY VERİBLƏR

Daxili İşlər Nazirliyi
Məhkəmədə cavabdeh tərəfin nümayəndələri qismində DİN-nin Baş Kadrlar İdarəsinin əməkdaşı İxtiyar Nəcəfov və Nazirliyin Baş Tibb İdarəsinin əməkdaşı Zakir Həsənov iştirak edirdi.

İxtiyar Nəcəfov dedi ki, Nigar Əhmədbəyova analıq məzuniyyətinin uzadılması ilə bağlı DİN rəhbərliyinə müraciət etdikdən sonra DİN Tibb İdarəsi uşağın xəstəliyinin xroniki olması ilə bağlı həkim rəyini Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə göndərib. İdarə xəstəliyin olduğunu təsdiqləsə də, xroniki olmadığı barədə rəy verib. Bu rəy isə Nigar Əhmədbəyovanın əmək intizamını pozduğunu hesab etməyə əsas sayılıb. O, bu il dekabrın 8-də işdən azad edilib.

Nigar Əhmədbəyova deyir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi xəstə uşağı müayinə etmədən onun xəstəliyinin xroniki olmaması barədə rəy verib: «Bunlar xəstəlik kitabçasını araşdırıblar, rəy veriblər ki, uşaq xəstədir, ancaq xəstəliyi xroniki deyil».

DİN-in məhkəmədəki təmsilçiləri iddiaçı tərəfin iddialarını əsassız sayaraq, bütün addımların qanun çərçivəsində atıldığını söylədilər. Onlar məhkəməyə məhkəmə-tibbi ekspertiza idarəsinin rəyini, işdən azadetmə barədə əmrin surətini təqdim etdiblər.

Hakim Elşad Şamayev Rauf Əhmədbəyovun xroniki xəstəliyinin olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza keçirilməsi ilə bağlı qərar çıxardı. Məhkəmə iclası bu rəydən sonra davam edəcək.

TƏQİB DAVAM EDİR?...

Ekspert Mahmud Hacıyev
Nigar Əhəmədbəyovanın həyat yoldaşı, polis mayoru Emin Əhmədbəyov yol polisinə müqavimət göstərməkdə ittiham olunaraq 2010-cu ilin yanvarında 3 il müddətinə azadlıqdan məhrum edilib. Özü isə məhkəmə boyu iddia edirdi ki, onu əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan hökumətindən Avropa Məhkəməsinə şikayət yazdığına, həmçinin vətəndaşlıqdan imtina etmək üçün iki dəfə prezidentə müraciət etdiyinə görə sifarişli həbs ediblər.

Nigar Əhmədbəyova həyat yoldaşının həbsindən sonra onun müdafiəsilə bağlı mətbuat konfransları keçirərək problemi ictimailəşdirib. Xidməti vəzifəsindən istifadə edərək mətbuat konfransları keçirməməklə bağlı DİN-dən dəfələrlə xəbərdarlıq alıb. Dekabrın 8-də isə daxili işlər orqanından xaric edilib.

Ekspert Mahmud Hacıyev deyir ki, Konstitusiya hər kəsə toplaşmaq, azad fikir, söz ifadə etmək hüququ verir. Konstitusiyanın verdiyi həmin hüquqlar hamı kimi polis əməkdaşlarına da şamil olunur: «Polisin daxili təlimatında, «Polis haqqında» Qanunda elə bir göstəriş yoxdur. Hamı Konstitusiya qarşısında bərabərdir. Orda yazılmır ki, polis işçisi bunu edə bilməz, həkim edə bilər, yaxud mühəndis edə bilər, prokurorluq işçisi edə bilməz. O, istədiyi anda danışa da bilər, çıxış da edə bilər».

Mahmud Hacıyev deyir ki, daxili işlər orqanında işləyənə belə bir xəbərdarlıq məktubu, yaxud teleqramı göndərilməsi naşılıq, qanunsuz hərəkət kimi dəyərləndirilməlidir.
XS
SM
MD
LG