Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:12

ABŞ ordusunun terrorla müharibəsi korrupsiya dolaşığına düşüb


ZABITLƏR TƏCHIZATÇI ŞIRKƏTLƏRDƏN RÜŞVƏT ALIBLAR?
Britaniyanın “The Times” qəzeti dekabrın 28-də yazır ki, İraq və Əfqanıstandakı ABŞ ordusunun ərzaq və hərbi avadanlıqlarla təchizatı üçün bağlanan çoxmilyonluq müqavilələrdə korrupsiya qalmaqalı ortaya çıxıb. Həm də məlum olub ki, yerli təchizatçı şirkətlərin iran və Talibanla bağlılığı var.

“The Times”ın məlumatına görə ABŞ-ın xüsusi işlər üzrə müstəntiqlərinin araşdırmaları əsasında azı 110 müqavilədə saxtakarlıq edilməsində şübhə yaranıb. Orduda azı 10 zabit Pentaqonun müqavilələrinin əvəzinə yerli təchizatçı şirkətlərdən pay almaq ittihamı ilə məsuliyyətə cəlb edilib.

ABŞ ordusunun Əfqanıstandakı komandanı general David Petraeus da bugünlər bildirib ki, ordunun sifarişləri bu ölkədə olduqca iri bir maliyyə mənbəyi olmaqla yanaşı, həm də korrupsiya probleminin bir hissəsidir.

Keçən ay kiçik zabit Ray Scott Chase məhkəmədə 2002-2003-cü illərdə 1.4 milyon dollar rüşvət aldığını etiraf edib. O, ABŞ Müdafiə Nazirliyinin mal alınması barədə müqavilələrinin əvəzində Küveyt şirkətlərindən pul götürümüş. Zabit rüşvət hesabına Meksikada aldığı əmlakı, maşın və motosikletləri geri qaytarmağa məcbur edilib, üstəlik də bir il müddətinə azadlıqdan məhrum olunub.

SULTAN AİLƏSİNİN ADI “RÜŞVƏT DƏFTƏRİ”NDƏ
Araşdırmalar nəticəsində 2003-cü ildən bu yana ABŞ ordusuna ərzaq satan Küveytin Agility adlı şirkəti ilə bağlanmış 8.5 milyard dollarlıq müqavilə keçən il ləğv edilib. Müstəntiqlər şirkətin orduya 68 milyon dollar məbləğində şişirdilmiş qiymətlər verdiyini deyirlər. Amma Agility ittihamı rədd edir.

Agility şirkətinə qarşı araşdırmalar hələ 2005-ci ildə başlamışdı. O zaman Küveytin nüfuzlu Sultan ailəsindən olan Kamal əl-Sultan məhkəməyə müraciət etmişdi. Onun KMS adlı şirkəti də ABŞ ordusunun ərzaq təchizatı ilə bağlı tenderdə iştirak etmiş, amma sonda müqavilə Agility şirkətinə verilmişdi.

Buna baxmayaraq, keçən il korrupsiya ittihamı ilə həbs edilən zabit John Cockerhamın “rüşvət siyahısında” KMS şirkətinin də adı ortaya çıxdı. Ittihama görə orduda təchizat işlərinə baxan bu zabit Pentaqonun məhsul aldığı yerli şirkətlərdən 10 milyon dollar rüşvət toplayıb. Buna görə keçən ilin dekabrında həmin zabit 17 il müddətinə azadlıqdan məhrum edildi. Amma əl-Sultan şirkətinin adının Cockerhamın “rüşvət siyahısı”na necə düşməsi barədə cavab verməyib. Buna görə onun ABŞ ordusuna başqa mallar satan KMS şirkəti nə cərimələnib, nə də həmin müqavilələrinə bir ziyan dəyib.

ABŞ VURUŞDUĞU YARAQLILARIN PULUNU DA ÖZÜ VERİR?
Agility ilə ləğv edilmiş ərzaq müqaviləsi Dubaydakı Anham adlı şirkətə verilib. Amma Konqresdəki araşdırma qrupunda olan məlumata görə bu şirkət də Taliban yaraqlılarının Əfqanıstanda sərbəst hərəkətinin təmin edilməsi üçün pul xərcləyirmiş. Anham ittihamı rədd edib, bildirib ki, onlar yaraqlılara bir qəpik də pul xərcləməyiblər, ABŞ-dan məlumat tələb ediləndə də dərhal fəaliyyətlərinə dair bütün sənədləri göndəriblər.

Buna baxmayaraq, orduda araşdırmalar davam edir. Senatda Demokrat Partiyasından olan John Tierney bildirib ki, əgər araşdırmalarda ittihamlar təsdiqlənsə, bu, o demək olacaq ki, ABŞ Əfqanıstanda vuruşduğu yaraqlıları həm də özü maliyyələşidirir.

BUNUN DA ARXASINDAN İRAN ÇIXDI…
Beləliklə, Müdafiə Nazirliyi Anhamla da müqaviləni ləğv edib. Ərzaq təchizatı müqaviləsi bu dəfə də KGL Holdinq adlı başqa bir Küveyt şirkətinə verilib. Amma həmin şirkətin də İrana bağlılığı haqqında şübhələr var.

KGL Holdinqin İranın IRISL dənizçilik şirkəti ilə gəmilərlə yük daşınmasına dair iş birliyi var. İRİSL-in adı isə 2008-ci ilin sentyabrından ABŞ-ın Maliyyə Nazirliyinin qara siyahısındadır. Bu şirkət İranda kütləvi qırğın silahlarının yaradılması işlərində iştirakda suçlu bilinir.

Bu ilin iyul ayında Demokrat Partiyasından iki konqresmen müdafiə naziri Robert Qeytsə məktub göndərərək onu KGL-in Tehranla əlaqələrinə dair xəbərdar ediblər. Bu da o deməkdir ki, həmin şirkət avtomatik olaraq ABŞ-la müqavilələrdən məhrum edilməlidir.

Beləliklə də ABŞ ordusu son səkkiz ildə bu regionda ərzaq almaqda faktiki olaraq ciddi problemlərlə üzləşib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG