Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:28

Boş qalmış olimpiya mərkəzi


Maştağa Olimpiya İdman Mərkəzi Azərbaycanda tikilən ilk olimpiya mərkəzlərindəndir
Maştağa Olimpiya İdman Mərkəzi Azərbaycanda tikilən ilk olimpiya mərkəzlərindəndir
Maştağa qəsəbəsindəki Olimpiya İdman Mərkəzinə yollananda idmançılarla rastlaşacağıma şübhə etmirdim. Ancaq deyəsən, yanılmışdım. Bakıdan 25 km aralıda yerləşən mərkəzə gələndə orda cəmi iki nəfər gözə dəyirdi – mərkəzin direktoru və təlimatçı . Baxmayaraq ki, kompleksin direktoru Rauf Zöhrabov bunu günorta olması, məşqlərin isə gündə iki dəfə - səhər və 15.30-dan sonra başlaması ilə əlaqələndirdi.

Maştağa Olimpiya İdman Mərkəzi Azərbaycanda tikilən ilk olimpiya mərkəzlərindəndir. Ancaq sonradan tikilmiş mərkəzlərdən fərqli olaraq nə yeməkxanası, nə kottecləri, nə hovuzu, nə də növbənöv meydançası var. Mərkəzin vur-tut bir zalı, bir də tennis kortu var.
Zalın divarlarına vurulan boya qopub-tökülüb
Bu zalda həm cüdoçular, həm karateçilər, samboçular, basketbolçular yarışır, həm də arıqlamaq istəyən xanımlar məşq edirlər.

«TƏMİRƏ EHTİYAC VAR»

2001-ci il dekabrın 29-da təntənəli şəkildə açılan binaya ani nəzər yetirmək kifayətdir ki, təmirə ehtiyac olduğunu görəsən. Zalın divarlarına vurulan boya qopub-tökülüb, rütubətdən divarlarda qaralma gedib, idman avadanlıqları köhnəlib, zalın tavanı isə damır. Hətta zalın bir hissəsində su gölməçəsi yarandığını da müşahidə etmək olar.

Mərkəzin direktoru da problemlərin olduğunu təsdiq edir. Rauf Zöhrabov:

- Əsaslı təmir olmayıb. Öz hesabımıza həmişə kosmetik təmir edirik, ağardırıq, təmizliyə nəzarət edirik. Sözsüz ki, təmirə ehtiyac var. Təsərrüfat hesabına olan komplekslər əsasən yarışlardan asılıdır. Nə qədər yarış çox olsa, hesabımıza pul köçürülsə, işimiz bir o qədər asanlaşır. İşıq puludur, qaz puludur, bunun hamısını ödəmək lazımdır. Bizə isə o qədər də çox pul keçirilmir. Ona görə ştatlar da azalır, maaşlar da azdır. Maaş 150-160 manatdır...

Rauf Zöhrabov deyir ki, vəsait çatışmazlığına görə ştatda cəmi 4 nəfər işçisi var – direktorun özü, 2 mühafizəçi və bir xadimə qadın.
Rauf Zöhrabov
Əslində isə 23 nəfər nəzərdə tutulur. Təlimatçılar, məşqçilər təsərrüfat hesabı ilə işləyir.

SPONSORLUQ EDƏN OLSAYDI...

Onu da qeyd edim ki, İdman Mərkəzində məşğul olmaq ayda cəmi 10 manata başa gəlir. Bir neçə il «Azpetrol» yanacaq doldurma məntəqəsi tərəfindən maliyyələşdirilən mərkəz indi sponsor axtarışındadır. Rauf Zöhrabov:

- Sponsorumuz da yoxdur. Bizə sponsorluq edən olsaydı, vəziyyətimiz yaxşı olardı.

Mərkəzdə təlimatçı işləyən Kamil İbrahimov da bildirir ki, zaldakı trenajorlar müasir standartlara cavab verməsə də, Maştağadan, qonşu kəndlərdən gəlib məşq edənlər çoxdur:

- İmkansızlar, şəhid ailəsi olan, Qarabağ əlilləri, valideynlərinin biri olmayan gənclərə şərait yaradılır, onlar pulsuz istifadə edirlər. Möhtərəm prezidentimiz demişkən idmana qayğı göstərməliyik, biz də əlimizdən
Kamil İbrahimov
gələni edirik.

Bütün çətinliklərə baxmayaraq, Maştağa Olimpiya İdman Mərkəzində bir sıra beynəlxalq və Azərbaycan yarışları keçirilir. Və uğur qazan idmançıların sayı da az deyil.

Olimpiya Mərkəzində «Seibukai» kontakt karate klubunun prezidenti Elçin Haşımov həm də 3-cü dan qara kəmər sahibidir. Elçin Haşımov:

- Çoxlu respublika çempionlarımız var. Bizim beynəlxalq turnirlərin qalibləri var. Türkiyədə seibukai növü üzrə 9 nəfər 1-ci yeri götürmüşdü...Əvvəllər uşaqlar məktəb zallarında məşğul olurdusa – bu idmançılar üçün yüksək səviyyəli deyildi gigiyena və s. baxımdan. Ancaq Olimpiya İdman Mərkəzi bu idmançıları nəzərə almaqla, qayğı göstərərək bunu tikib.

VAXT QALMIR BOŞ ŞEYLƏRƏ

Zaldakı trenajorlar müasir standartlara cavab verməsə də, Maştağadan, qonşu kəndlərdən gəlib məşq edənlər çoxdur
Maştağa qəsəbəsinin sakinləri isə idmana meylli olsalar da, olimpiya komplekslərini ancaq kənardan izləyib-keçməli olurlar:

- Biz məhlədə oynıyırıq. Mən Razinə gedirəm məşqə. Kompleksdə futbol yoxdur.

- Uşaqların bəzilərinin həvəsi var, bəziləri də pul tapmır. Ona görə məhlədə başlarını qarışdırırlar.

- Bu dəqiqə hamının həvəsi var. Kimin imkan var qoyur, kimin imkanı yoxdur qoymur.
İdman sağlamlıqdır, ancaq çörək pulu ondan da vacibdir. Səhər açılır, çıxırıq çörək pulu dalınca, vaxt qalmır boş şeylərə.

- Sözün doğrusu ora getmək üçün gərək maliyyə problemi olmasın. Elə adam var 10 manat onun üçün heç nədir, ancaq bizlər üçün puldur. İdman, saray tikirlər.

Dekabrın 27-də prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2010-cu ilin yekunları barədə danışıb. Prezident bildirib ki, Azərbaycan dünyada idman dövləti kimi tanınır və beynəlxalq olimpiya hərəkatında çox fəal iştirak edir. İ.Əliyevin dediyinə görə, əgər 2010-cu ildə Göyçay, Ağdaş, Balakən və Horadiz şəhərlərində dörd olimpiya idman kompleksi istismara verilibsə, gələn il 11 olimpiya mərkəzinin tikinti-quraşdırma işləri davam etdiriləcək.
XS
SM
MD
LG