Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:31

Ortaq türk ədəbiyyatından üç kitab nəşr edildi


Ramiz Əskər
«Kitablar konveyer üsulu ilə nəşriyyatda çapa getdikcə mən boş dayana bilmirəm. Odur ki, ortaq türk ədəbiyyatının üç nümayəndəsinin əsərlərini də tərcümə etdim».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına türkoloq Ramiz Əskər söylədi. 2010-cu ildə gərgin işlədiyini, bir neçə kitabın işıq üzü görməsinə nail olduğunu bildirən qonağımız çıxan kitabları da sadaladı:

«Türkmən klassiki Molla Nəfəsin 200 illiyi münasibətilə iki kitabını buraxdıq. İki dəfə Aşqabada getdim, toplantılara qatıldım. Hətta Molla Nəfəsin kitablarına görə Türkmənistan dövlətinin «Altun əsr» mükafatını da aldım. Daha sonra Məhtimqulu Fəraqinin 448 səhifəlik kitabını tərcümə edib çap etdik».

FƏRAQİ YER ÜZÜNDƏ ƏN BÖYÜK TÜRKMƏNDİR!


Məhtimqulu Fəraqinin çox böyük şair olduğunu deyən Ramiz Əskər maraqlı bir bənzətmə də apardı: «Bizim üçün Nizami, Füzuli, Vaqif, Aşıq Ələskər birlikdə nədirsə, Fəraqi onlar üçün odur - yəni fəth edilməmiş zirvədir».

Qonağımız kitabin «Türksoy» seriyasından İstanbulda çıxdığını vurğuladı: «Bir qismini Türkmənistana göndərdik. Bir neçə gün öncə Axundov adına Milli kitabxanada təqdimatını da düzənlədik. Təqdimata «Türksoy»un baş katibi özü də gəlmişdi».

Ramiz Əskər bu il Qaqauz şairi Todor Zanetin «Ana dilim» kitabını da orijinaldan tərcümə edib: «Təqdimatı orda keçirildi. T.Zanet «Ana sözü» qəzetinin redaktorudur, orda çox məşhurdur».

HAMI TÜRK ƏDƏBİYYATINI BİLƏN KİMİ GÖRÜNÜR

Ramiz Əskərin 2010-cu ildəki növbəti işi «Türk ədəbiyyatı tarixi» kitabının tərcüməsi olub:

«Çünki bizdə böyük bir filoloji boşluq var. Hamı türk ədəbiyyatını bilən kimi görünür. Amma «say» - desən, 2-3 addan o yana gedən olmur. Səlcuqlar dönəmindən 1960-cı illərə qədər poeziya, nəsr və dramaturgiya bu iki cilddə əhatə olunub».

İLİN SON KİTABLARI - YENİ İLİN QRİFİ İLƏ!

Ramiz Əskər ən son ortaq türk ədəbiyyatının üç nümayəndəsinin kitabını tərcümə edib. Gündə 16 saat işlədiyini deyən türkoloq çevirdiyi klassiklər barədə maraqlı faktlar söylədi.

NUR MƏHƏMMƏD ƏNDƏLİB


Əndəlibin şeirlər, poemalar və dastanlarını bir kitaba toplayan türkoloqun dediyinə görə, türkmən ədəbiyyatının banisi sayılan bu şəxsin 2011-ci ildə 350 yaşı tamam olur:

«Vaqif bizim türkcə necə yazıbsa, Əndəlib də türkmən dilində o cür yazıb. O Azadidən əvvəl yaşayıb. Azadi Məhtimqulunun atasıdır. Sonrakı zirvə Məhtimquludur. Mayda yubiley münasibətilə Daşoğuzda böyük beynəlxalq simpozium keçiriləcək. Kitabı ora da göndərəcəm».

İKİNCİ KİTAB - ZƏHİRƏDDİN MƏHƏMMƏD BABUR


Ramiz Əskər ən son ortaq türk ədəbiyyatının üç nümayəndəsinin kitabını tərcümə edib
Bura onun Divanı - Kabil divanı, hind divanı və digər əsərləri daxildir. Cəmi 336 səhifədir. Hər üç kitaba böyük Ön söz yazıb tanıtmışam. Bu şəxslər universitetlərdə tədris olunur. Amma əldə vasait yox idi».

Ramiz Əskər Baburu çox böyük sənətkar hesab edir: «Şübhəsiz, ən böyük sənətkar Əlişir Nəvaidir. Babur ikincidir. Amma Babur nəsrdə birincidir. Onun «Baburnamə» adlı bir nəsr əsəri var. Orada şahlığa çıxdığı andan ölənəcən hər şeyi yazıb. Həm öz həyatını, həm də qonşu sarayları, orada yaşayıb-çalışan sərkərdələrin, şairlərin, sənətkarların hamısının həyatını təsvir edib. Nindistanın flora və faunasını yazıb. O qədər gözəl əsərdir ki, oxumaqla doymaq olmur».

ÜÇÜNCÜ KİTAB - SULTAN HÜSEYN BAYQARA

Ramiz Əskər «Qələmli-qılınclı böyük insan» adlandırdığı Sultan Hüseynin 38 il hakimiyyətdə olduğunu, 1506-cı ildə vəfat etdiyini bildirdi: «Əgər saysız-hesabsız savaşlar olmasaydı Hüseyn Bayqara bunun 3-5-10 misli qədər əsər yazardı».

Sultan Hüseynin Dövlətabad adlı sarayının olduğunu deyən qonağımız həmin sarayı müasir akademiya adlandırdı: «Bütün sənət xadimləri o sarayda işləyib. Məsələn, Behzad orada işləyib. Əlişir Nəvai, Əbdürrəhman Cami o sarayda yaşayıb. Musiqiçilər, rəssamlar, xəttatlar, nəqqaşlaar, alimlər, münəccimlər çalışıb orada».

HÜSEYN BAYQARA ÖLƏN İL BABUR HİNDİSTANI TUTUB


Türkoloqun dediyinə görə, Babur 36 il şahlıq edib: «Onlar türk mədəniyyətini özləri şair olduqları üçün dövlət səviyyəsində inkişaf etdirmiş insanlardır. Belə şəxsiyyətlərin kitblarının bizim dildə olmaması çox böyük günahdır».

«BABURNAMƏ»Nİ TƏRCÜMƏ ETMƏK İSTƏYİRƏM


«Baburnamə»də Azərbaycanın da adının keçdiyini deyən Ramiz bəy «O əsər bizim dildə olsa, mədəni həyatımızda çox böyük hadisə olar»- fikrinə gəlir: «1530-cu ildə ölüb, amma 30-cu ilin bəzi olaylarını da yazıb. O qədər mükəmməl əsərdir…Qoy bizim dilimizdə də olsun. Necə ola bilər ki, hollandlar bu əsəri 1705-ci ildə tərcümə ediblər. 305 il keçib - Azərbaycanca yoxdur! Almanca, ingiliscə, fransızca var. Türkiyə türkləri 1940-cı ildə, ruslar 1958-ci ildə çeviriblər. Qoy bizdə də olsun!».

BƏS KİM ÇAP EDƏCƏK?

«Baburnamə»nin tərcüməsi üçün əksər dildə kitabların əlində olduğunu deyən türkoloq yarımbaşlığa çıxardığım sualın çox aktual olduğunu söylədi: «Bir nəfər mənə deyir ki, niyə özünü yorursan? Deyirəm. bəs Babur? Babur bizdə olmasın. Bizdə Əlişir Nəvai yoxdur! Azərbaycan filolologiyası üçün bundan böyük ayıb ola bilərmi?».

KİMDƏN İNCİYƏK? KİMDİR GÜNAHKAR?


Ramiz Əskər dövlətdən incimədiyini deyir: «Dövlətdən incimirəm. Dövlətin Qarabağ dərdi var, siyasəti var…».

«Axı, mümkün deyil ki, heç kəs günahkar olmasın və «Baburnamə» kimi kitablar çap olunmasın»- iradı belə qarşılandı: «Günahkar mənəm ki, Babur indiyədək çap olunmayıb… Gərək 20-30 il əvvəl (yəni Sovetlər vaxtı—S.İ.) hər şeyin planla olan vaxt çap etdirəydim».

MARTA QƏDƏR «BABURNAMƏ»Nİ BİTİRƏCƏM, MAYDA…


Verilişin aparıcısının «Allah uzun ömür versin ki, qarşıdakı illərdə də «Baburnamə»nin tərcüməsini görək!»- arzusu isə belə cavablandı: «Mən onu gələn ilin martına qədər çevirəcəm və mayda yenə sizin verilişin qonağı olacam!».

«İz»i bu səhifədən dinləyin.

XS
SM
MD
LG