Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:55

Bakıda Şaxta baba biznesi


Bəzi valideynlər özləri hədiyyə alıblar ki, Şaxta baba da uşaqlara versin
Bəzi valideynlər özləri hədiyyə alıblar ki, Şaxta baba da uşaqlara versin
«- Eheyyy!.. Qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, dağlarda qurdum dəyə, gəldim bu gözəl nəvələrimi görməyə...»

Şaxta babanın hay-küyü bəzənmiş yolka ətrafında dövrə vuran uşaqların hay-küyünü daha da artırdı. Ondan hədiyyə almaq ümidilə nə bilirdilərsə, söyləməyə, göstərməyə çalışdılar. Dörd yaşlı Heydər söylədiyi şerinə Şaxta babadan «yekə bir «afərin» aldı.

Balacalar sevinclə hədiyyə gözləyirdilər, amma Şaxta baba dedi ki, onların hədiyyəsi olacaq, amma şənlik qurtarandan sonra.

Bakıdakı uşaq bağçalarından birində müəllimə Səyyarə Salmanova deyir, bəzi valideynlər özləri hədiyyə alıblar ki, Şaxta baba da uşaqlara versin. Amma bəziləri «hədiyyə mərasimindən» imtina etdiyindən ayrı-seçkilik olmasın deyə bunu təxirə salmalı olublar. Uşaqlar isə Şaxta babadan nə gözləyirlər?

- Hörümçək adamın çantası...
- Barbi kukla.
- Maşın...

TORBASIZ ŞAXTA BABA

Arzular müxtəlif, torba isə boş... Əslində Şaxta babanın torbası da yox idi. Valideyn Solmaz Məmmədova deyir ki, Şaxta babanı torbasız təsəvvür etmək çətindir, lap içi boş olsa da:

- Torbanın içinə nəsə qoymaq olardı. Uşaqları inandırmaq lazım idi ki, Şaxta babanın torbası var.

Şaxta babalar fərdi sifarişlər də alır
Şaxta baba – Bakı teatrlarının birinin aktyoru Elnur Əkbərov deyir ki, o baxır Şaxta babaya verilən qonorara. Düzdür, Elnur bu uşaq bağçasından nə qədər qonorar aldığını açıqlamır, deyir ki, o bura tanışlığa görə gəlib, amma şəhərdəki Şaxta babaların hər birinin öz qiyməti var, məsələn, onun uşaqlarla keçirdiyi bir saatın qiyməti 80-100 manat arasındadır. Xidmət isə o qədər zəngin olmur:

- Yalnız uşaqları əyləndirmək və bir də qiymət münasib olsa, hədiyyə vermək, vəssalam.

ŞAXTA BABANI TƏKCƏ UŞAQLAR ARZULAMIRMIŞ

Şaxta babalar fərdi sifarişlər də alır. Bunu isə iş yerini paytaxtın Füzuli meydanında seçən Şaxta baba-tələbə Samir Qasımov deyir. Sifarişlər dekabrın 31-nədir. Saatı da 50-100 manat arasındadır. Gələcək müğənni Samirin artıq sifarişləri var. Amma bu məbləğin hamısı heç də ona çatmır, o, əmək haqqına işləyir. Şaxta baba kimi nə qədər maaş aldığını söyləməsə də, narazılığı yoxdur.

- Səhər saat 10-dan axşam saat 11-ə kimi işləyirik.

QAR QIZ «DEFİSİTİ»

- Şaxta babanı görmək istəyən əsasən kimlər olur?

- Körpə uşaqlar, yaşlı nəslin nümayəndələri də var.

Bunu deyən Qar qızdır – Sevda Babayeva. Əvvəllər tikiş fabrikində işləyən Sevda köhnə işini mövsümü işə məmnuniyyətlə dəyişdiyini, indi Qar qızın «defisit» olduğunu söyləyir. Onların qrupunda altı Şaxta baba var, amma ondan başqa Qar qız yoxdur:

- Mən açıq deyəcəm. Çünki Qar qız olmaq o qızın şəxsi həyatına problemlər yaradır. Hər evdə onun şəkillərinin olmağı gələcək həyatına problem törədir.

Fotoqraf Ceyhun Əliyev
- Valieynlərim Qar qız olmağıma icazə verib, amma gələcəkdə ailə qurduğum adam bəlkə də bununla razılaşmayacaq.

RƏQQAS ŞAXTA BABA


Samir deyir ki, indiki Şaxta babalar əvvəlkilərdən fərqlənir:

- Əvvəllər Şaxta baba bir yerdə dayanardı, indi rəqs eləyir, uşaqları şənləndirməyə çalışır.

Elə deyəsən, Şaxta baba ilə əylənmək istəyən təkcə uşaqlar deyil, bir dəstə tələbəyə oxşayan qızlar Şaxta babadan neçə yaşı olduğunu soruşur, onun saç-saqqalına sataşırdılar.

Fotoqraf Ceyhun Əliyev deyir ki, onlar Şaxta baba seçəndə ilk öncə onun uca boylu və bir az kök olmasına, o cümlədən ünsiyyətcilliyinə, nitq qabiliyyətinə üstünlük verirlər. Ceyhun «Şaxta baba» biznesini gəlirli iş sayır, gülüb deyir ki, kaş hər gün bayram olaydı.

Bakı şəhər icra hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov AzadlıqRadiosuna deyir ki, indiyə kimi onlardan 29 nəfər lisenziya alıb. Onun sözlərinə görə, ötən il müraciət edənlərin sayı 50-yə yaxın olsa da, yalnız 30-u lisenziya almağa gəlib. Lisenziya üçün 60 manat dövlət rüsumu ödəmək lazımdır. Əlabbas Bağırov deyir ki, Şaxta baba üçün onlar şəxsiyyət vəsiqəsindən başqa sənəd tələb eləmirlər.
XS
SM
MD
LG