Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:52

Orxan Pamuk Avropanı tənqid edir


...Ən pisi isə odur ki, immiqrantlara qarşı yönələn siyasət və stereotiplər Avropanı Avropa etmiş dəyərləri də məhv etməkdədir...


Avropanı mənim uşaqlıq illərimin - 1950-60-cı illərin məktəb dərsliklərində əsrarəngiz bir əfsanələr diyarı kimi tərənnüm edirdilər.

Birinci Dünya Müharibəsində param-parça olmuş Osmanlı İmperiyasının xarabalıqları üzərində yeni respublika quran Mustafa Kamal Atatürk yunan ordusuna qarşı savaşsa da, sonralar onun öz ordusunun dəstəyilə həyata keçirməyə başladığı genişmiqyaslı sosial və mədəni islahatlar heç də Qərb əleyhinə yönəlməmişdi, əksinə Qərbyönümlü idi.

Növbəti 80 ildə Türkiyədə davamlı debatlara yol açsa da, həmin islahatların qanuna salınması yeni türk elitasını gücləndirməyə yardım etməklə yanaşı bizləri də o əsrarəngiz Avropa arzusuna çatmağa, hətta onu imitasiya etməyə həvəsləndirirdi.

Uşaqlıq dövrümün məktəb dərsliklərindəki mətnlər dinlə dövlət arasında niyə cızıq çəkildiyini, dərviş təkyələrinin niyə bağlandığını, bizim niyə ərəb əlifbasından imtina edib latına keçdiyimizi anlatmaq məqsədilə tərtib edilməklə yanaşı həm də Avropanın böyük gücü və uğurunun sirlərini açmağa yönələn suallarla dolu idi.

"İntibahın məqsəd və nəticələrini anlada bilərsənmi?" - deyə orta məktəb müəllimi imtahanda şagirddən soruşardı.

"Əgər ərəblər kimi bizim də altımızda o qədər neft olsaydı, o zaman biz də avropalılar kimi zəngin və müasir ola bilərdikmi?" - mənim sadəlövh litsey yoldaşlarım deyərdi.

Universitetin birinci kursunda qrup yoldaşlarımda belə suallar yarananda bir məsələnin onlara rahatlıq vermədiyinin şahidi olardum: niyə "bizdə heç vaxt maarifçilik dövrü olmayıb".

14-cü əsr ərəb mütəfəkkiri İbn Xəldun deyirdi ki, məğlub sivilizasiyaların həyatı öz qaliblərini yamsılamaqla keçir.

Amma türklər heç zaman dünyanın güc dövlətlərinin müstəmləkəsi olmadıqları üçün "Avropaya pərəstiş", yaxud "Qərbi yamsılama" heç vaxt onlar üçün Franz Fanon, VS Naipaul, yaxud Edward Said-in anlatdığı formada aşağılayıcı, alçaldıcı tona malik olmayıb. Avropaya üz tutmaq türklər üçün sadəcə tarixi zərurət. yaxud adaptasiyaya yönəlik texniki bir məsələ anlamına gəlib.

Amma o əsrarəngiz əfsanələr diyarına - Avropaya qovuşmaq arzusu - o arzu ki bir zamanlar o qədər güclü idi ki, hətta Qərbin ən qatı əleyhdarları olan siyasətçi və mütəfəkkirlər də gizlində ona inanırdılar - indi öləziməkdədir.

Ola bilər ki, bu, Türkiyənin artıq yoxsul ölkə olmaması ilə bağlıdır.

Yaxud ola bilər ki, bu, Türkiyənin daha ordunun idarə etdiyi aqrar ölkə olmaması, güclü mülki cəmiyyətə malik dinamik ölkəyə çevrilməsi ilə əlaqədardır.

Üstəlik axır illərdə Türkiyə və Avropa Birliyi arasındakı danışıqlarda irəliləyişin olmamasını, üfüqdə bir nəticənin görünməməsini də buraya əlavə etmək olar.

Nə Avropada, nə də Türkiyədə - yaxın gələcəkdə Türkiyənin Avropa Birliyinə qəbul ediləcəyi ilə bağlı reallığa söykənən ümidlər var.

Bu ümidin itirilməsini etiraf etmək Türkiyənin Avropa ilə münasibətlərinin tamamən pozulduğunu, heç kəsin daha bu haqda kəlmə kəsməyə ürək etmədiyini görmək qədər sarsıdıcı olardı.

Türkiyə və başqa qeyri-qərb ölkələrində Avropa ilə bağlı məyusluğun yarandığını mən özüm səfərlərim və söhbətlərim zamanı müşahidə etmişəm.

Türkiyə və Avropa Birliyinin münasibətlərində yaşanan gərginliyin əsas mənbəyi Türkiyə ordusunun bir bölümü və aparıcı media qruplarının millətçi siyasi partiyalarla birgə yaratdıqları müttəfiqlik, eləcə də həmin qüvvələrin danışıqları sabotaj etmək yönündə uğurla nəticələnən cəhdləridir.

Mənə və bir çox başqa yazarlara qarşı açılan cinayət işlərinə, bəzi yazarların qətlə yetirilməsi, missionerlərin və xristian ruhanilərin öldürülməsi kimi cinayətlərə də həmin qüvvələrin birgə təşəbbüsləri təkan verib.

Amma eyni zamanda Türkiyənin üzvlük məsələsinə emosional reaksiyalar da oldu.

Bunun böyük təsirini anlatmaq üçün Fransanı nümunə göstərmək olar.

Son yüzillikdə Türkiyə elitasının bir neçə nəsli şüurlu şəkildə Fransanı özü üçün model seçib, Fransanın dünyəvilik modelinə əsaslanıb, təhsil, ədəbiyyat və incəsənətdə onun təcrübəsinə istinad edib.

Son beş ildə Türkiyənin Avropa Birliyinə girməsi ideyasına ən çox etiraz edən ölkənin Fransa olduğunu görmək bu baxımdan çox böyük bir xəyal qırıqlığıdır.

Bundan başqa Avropanın İraqdakı müharibəyə qoşulması qeyri-qərb ölkələrində böyük məyusluq yaratdı.

Türkiyədə isə bu gerçək bir qəzəb doğurdu.

Dünya Avropanın Buş tərəfindən aldadılıb bu qanunsuz və qəddar müharəbəyə qoşulduğunu, amma Avropanın özünün də bir anda aldadılıb bu cür oyunlara qoşulmağa hazır olduğunu müşahidə etdi.

İstanbuldan, yaxud daha uzaqdan baxdıqda Avropanın (Avropa Birliyi kimi) öz daxili problemləri qarşısında çaşbaş qaldığını görmək olar.

Şübhəsiz ki, Avropa xalqları amerikalılarla müqayisədə fərqli dinə tapınanlar, dərisinin rəngi fərqli olanlar, fərqli mədəni kimliyə malik olanlarla birlikdə yaşamaq sahəsində xeyli az təcrübəyə malikdirlər.

Üstəlik də onlar bu yöndə inkişafa çox da meylli görünmürlər, halbuki bu müqavimət Avropanın daxili problemlərinin həllini daha da çətinləşdirir.

Buna misal kimi bu yaxınlarda Almaniyada inteqrasiya və multikulturalizmlə bağlı açılan müzakirələri göstərmək olar.

İqtisadi böhran dərinləşdikcə, yayıldıqca, Avropa öz daxilinə işıq tutmalı, öz "burjuazıya"sını (sözün Floberin ifadə etdiyi anlamda) qorumaq üçün çabalarını ertələməlidir.

Amma bu da yetərli deyil. Mən İstanbulun ildən-ilə bir az da mürəkkəb və kosmopolit olduğunu, Asiya və Afrikanın hər yerindən immiqrantları özünə cəlb etdiyini müşahidə edərək belə bir qənaaətə gəlirəm: Afrika və Asiyadan olan, özünə yeni iş və yaşayış yeri axtaran kasıb, işsiz və müdafiəsiz insanları uzun müddət Avropadan kənarda saxlamaq mümkün olmayacaq.

Daha hündür sədlər, daha sərt viza məhdudiyyətləri və sərhədlərdə daha çox keşikçi gəmiləri haqq-hesab çürüdüləcəyi günü yalnız müəyyən müddətə təxirə sala bilər.

Ən pisi isə odur ki, immiqrantlara qarşı yönələn siyasət və stereotiplər Avropanı Avropa etmiş dəyərləri də məhv etməkdədir.

Mənim uşaqlıq dövrümün məktəb dərsliklərində demokratiya və qadın hüquqları ilə bağlı diskussiyalara rast gəlmək olmazdı.

Amma Fransa intellektuallarının və sənətkarlarının çəkdiyi (yaxud bizim çəkdiklərini düşündüyümüz) Gauloises qutusu üzərində bu sözlər yazılmışdı: "liberté, égalité, fraternité" və bu sözlər kifayət qədər işlək idi.

"Fraternité" solçu hərəkatların təbliğ etdiyi birlik və müqavimət ruhunu ifadə edirdi.

Amma immiqrantların və azlıqların iztirablarına rəhmsiz münasibət, eləcə də Avropanın ucqarlarında çətin durumda yaşayan asiyalılar, afrikalılar və müsəlmanları yamanlamaq - bu azmış kimi düşdükləri acınacaqlı vəziyyətə görə yalnız onların özlərinin günahkar olduğunu demək - "qardaşlıq" deyil.

Öz möhtəşəm mədəniyyətini, qeyri-qərb ölkələrinin sərvətləri hesabına topladığı gəlirlərini, eləcə də əsrlər boyu sinfi münaqişə, müstəmləkəçilik və daxili savaşlar dövründə bir çox ölkələr üzərində əldə etdiyi üstünlüyü qorumağa çalışan Avropanın necə bir həyacan, hətta təlaş yaşaya biləcəyini anlamaq mümkündür.

Amma əgər söhbət özünü qorumaqdan gedirsə, Avropa üçün - öz daxilinə işıq tutmaq, yaxud bir zamanlar Avropanı bütün dünya intellektualları üçün ağırlıq mərkəzinə çevirmiş təməl dəyərlərini xatırlamaq daha yaxşı olmazdımı?


"Cumhuriyet" qəzetinin yazarı Nilgül Cerrahoğlu Orhan Pamuku "Guardian" qəzetindəki məqaləsinə görə tənqid edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG