Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

«The Washington Post» Azərbaycanda demokratiyaya təhlükədən bəhs edir


Dekabrın 26-da "The Washington Post" qəzetində Peter Van Praagh-ın, ABŞ-ın Alman Marşal Fondunun elmi əməkdaşının Azərbaycanla bağlı məqaləsi dərc olunub.

"10 il əvvəl dekabr ayında Azərbaycanda demokratiya üçün çalışan bir amerikalı gənc keçmiş Sovet respublikasının paytaxtında vəhşicəsinə öldürülmüşdü. John Alvisin qətli o zaman ictimaiyyətin diqqətini çox az çəkdi. O vaxtdan 10 il keçib, Federal Təhqiqatlar Bürosu onun ölümünü açılmamış cinayətlər sırasına qatıb.

DEMOKRATLAR VƏ RESPUBLİKAÇILAR ƏL-ƏLƏ...


36 yaşlı texaslı John Alvis Beynəlxalq Respublikaçılar İnstitutunun Bakıdakı nümayəndəsi idi. Mən isə Milli Demokratiya İnstitutunun təmsilçisi idim. Biz Sovet Politburosunun keçmiş üzvü Heydər Əliyevin təkhakimiyyətli hökumətinə demokratik siyasi islahatlar gətirmək üçün yaxından əməkdaşlıq edirdik. Bizim sıx əməkdaşlığımız onu göstərdi ki, respublikaçılar və demokratlar ümumi iş üçün birlikdə çalışa bilərlər.

Johnun Azərbaycanda qətlə yetirilməsi ondan xəbər verirdi ki, bu cür ölkələrdə hətta mülki vətəndaşlar demokratiyanın təbliği və müdafiəsi ilə məşğul olanda diktatorlar bu səylərə son qoymaq üçün hər vasitədən cəld yararlana bilir.

JOHNUN ÖLÜMÜNDƏN 10 İL SONRA DA HEÇ NƏ DƏYİŞMƏYİB

Azərbaycanda son 10 ildə heç bir siyasi irəliləyiş qeydə alınmayıb.

Johnun öldürülməsi 2000-ci ilin şübhəli parlament seçkilərindən dörd həftə sonraya təsadüf edirdi.

İndiki prezident İlham Əliyev mərhum atasına sadiq qalaraq növbəti dəhşətli seçkini bu ilin noyabrın 7-də reallaşdırdı.Son saxta seçkiyə qədər müxalifət partiyalarının çox az və zərərsiz təmsilçilərinin parlamentə buraxılmasına icazə verilmişdi. İndi isə Azərbaycan qanunverici orqanında müxalifət partiyasının bircə üzvünə də yer yoxdur.

ƏLİYEVLƏRİN VECİNƏ DEYİL

Bəzi Qərb siyasətçiləri iddia edir ki, bu fakt Azərbaycanda liberal siyasətə zidd deyil. Onlar hesab edir ki, demokratiyadan daha vacib məsələ Azərbaycanın zəngin neft-qaz ehtiyatları və Əfqanıstana tranzit nəqliyyat baxımından etibarlı partnyor olmasıdır.

Əliyevlər ailəsi uzun müddətdir bu yanaşmadan asılıdır və öz qərbli tərəfdaşlarına açıq-aşkar “ABŞ və Avropanın Azərbaycanda demokratiya və insan hüquqları haqqında fikirləri onların vecinə deyil” deyir.

Amma Azərbaycanın vecinədir. Əliyevlər hamıdan yaxşı bilirlər ki, onlar Moskva ilə yaxın əlaqələr qurmağı seçsələr, Bakıda xalq hərəkatı başlaya bilər.

AZƏRBAYCANLILARIN ƏLACI İRAN?

Bununla belə, üç ABŞ administrasiyasının Azərbaycanda Amerikanın təsiri və potensial rıçaqlarının məhdud olmasına inamı sadəlövhlük idi. Bir çox azərbaycanlılar da ümidini itirib ki, ABŞ vətəndaş cəmiyyəti üçün əhəmiyyətli təsirindən istifadə edəcək. Və faktiki olaraq Qərbdən Əliyev rejiminə siyasi təzyiq gözləmək əvəzinə, 90 faizi şiə müsəlmanı olan əksər azərbaycanlılar dinə və real əlac olaraq Azərbaycanın cənub sərhədi olan İrana üz tutub.

İŞLƏR BELƏ GETMƏLİ DEYİLDİ...

10 il öncə siyasi durumla bağlı ehtimal olunan nəticə bugünkündən çox uzaqdır – işlər belə getməli deyildi. 2000-ci ilin sonlarına doğru mən və John İranı müasir siyasi islahatlara doğru çəkməkdə mütərəqqi bir Azərbaycanın köməyinə ümid edirdik. O zaman Azərbaycan siyasi səhnəsində plüralizm var idi və əksər azərbaycanlılar nikbin idilər ki, Moskvadan asılılıqdan formal da olsa çıxmaq özü Qərblə yaxın əlaqələr deməkdir. Öz növbəsində, gözlənilirdi ki, bu, İranda yaşayan milyonlarla azərbaycanlıya kömək edəcək ki, onlar öz ölkələrinin açıq olması məsələsinə təsir etsinlər.

Biz, təəssüf ki, sonradan bəlli olan situasiyanı - İslamçı İranın Azərbaycana, eləcə də digər qonşularına təsirini proqnoz verə bilmədik.

Bu gün isə Amerikanın Azərbaycana təsiri olduğu aşkarca göz qabağındadır.

ABŞ DÜZMÜ ETDİ?

Dövlət Departamenti keçən ay seçkilərin beynəlxalq standartlara uyğun olmadığını bəyan edən zaman Əliyev administrasiyası dərhal Qərbə sual etməyə başladı ki, ABŞ nəyi nəzərdə tutur.

Əliyev nəticə çıxardı: Vaşinqton tələb edir ki, bir ildən çox həbs edilmiş iki gənc demokratiya bloqçularını dərhal azad etsin.

Azərbaycanın korrupsiyalaşmış iqtidarını aktivistləri azad etdiyi üçün (onlar əslində həbs edilməməli idilər) mükafatlandırmaq və azərbaycanlıların ABŞ-a və onun demokratik müttəfiqlərinə güvənini baltalamaq əvəzinə, indi müstəqil vətəndaş cəmiyyətinin müdafiəsi və düzgün siyasi təmsilçiliyə nail olmaq üçün Birləşmiş Ştatlar Azərbaycana daha çox təkan verməlidir.

SARSILMIŞDILAR, AMMA MÜBARİZƏ APARIRDILAR

John və mən demokratik təfəkkürlü azərbaycanlılarla əməkdaşlıq edirdik, o adamlarla ki, 2000-ci ildəki saxta seçkidən sonra mənəvi sarsılmışdılar, amma öz ölkələrini irəli aparmaq üçün mübarizəni davam etdirirdilər.

John öz fəaliyyətinə görə Bakıdakı evində qətlə yetirildi. Vaşinqtonda ölkədaxili bölünmələr müzakirə olunan bir vaxtda demokratlar və respublikaçılar dünyanın bəzi yerlərində - harada ki cəsarətli insanlar öz həyatlarını qurban verdikləri yerdə - birgə işləmək üçün strateji konsepsiya hazırlaya bilərlər".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG