Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:44

«Doğrudanmı Heydər Əliyev Dağlıq Qarabağı verməyə razı idi?»


Eldar Namazov
Eldar Namazov
«Ermənistanın siyasi qüvvələri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqe və fikir ayrılığı mövcuddur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Eldar Namazov deyib. Onun sözlərinə görə, bu onunla bağlıdır ki, 1997-ci il dekabrın əvvəllərində Minsk qrupu tərəfindən irəli sürülmüş mərhələli plana həm Heydər Əliyev, həm də Ter- Petrosyan razılıq vermişdi. Namazov deyir ki, onda Ter-Petrosyana qarşı saray çevrilişi həyata keçirildi:

PETROSYAN NİYƏ DEVRİLDİ?

«Ona qarşı təzyiq olanda Ter-Petrosyan hətta açıq məktub yazdı. Bu məktub Ermənistan xalqına müraciət idi və məğzi də bundan ibarət idi ki, vaxt gələcək Azərbaycan güclənəcək, indi bizə təklif olunan şərtləri gərək qəbul edək, mərhələli planla, sülh yolu ilə gedək. Bu mövqeyə görə də Ter –Petrosyan devrildi. Həmin hadisənin üstündən 13 il keçir. Hakimiyyətdə əvvəlcə Robert Koçaryan oldu, sonra Serj Sarkisyan - yəni Ter- Petrosyanı devirən adamlar. Bu 13 ilin ərzində bəlli olur ki, onlar erməni xalqına verdiyi vədlərin heç birini yerinə yetirə bilməyiblər».

Politoloqun sözlərinə görə, artıq sülh danışıqları dalana dirənib:

MÜHARİBƏ EHTİMALI AYDAN-AYA ARTIR

«Madrid prinsipləri çərçivəsində danışıqlar demək olar ki, davam etdirilmir. Hiss olunur ki, müharibə ehtimalı aydan-aya artır. Bunu həm Ermənistanda deyirlər, həm də Azərbaycanda. Ona görə də indi Ermənistanda əsas ana müxalifət partiyası sayılan Ter-Petrosyanın tərəfdarlarının - Ümummilli Hərakatın mövqeyi Serj Sarkisyanın mövqeyindən fərqlənir. Sorğularda da bu fərq açıq görünür».

Eldar Namazov deyir ki, referendum, status barədə deyilənlər Dağlıq Qarabağı itirməyə aparan yollardır.

Veriliş ərzində digər suallara da cavab verən E.Namazov dinləyicidən gəlmiş «doğrudanmı Heydər Əliyev Dağlıq Qarabağı verməyə razı idi?»- sualına belə cabav verib:

MƏN BUNU TƏHLÜKƏ KİMİ GÖRÜRDÜM

«Əgər ölkənin xarici işlər naziri, xarici siyasət üzrə dövlət müşaviri və prezident katibliyinin rəhbəri eyni zamanda istefa verirlərsə və bu istefa da məhz ATƏT-in İstanbul sammiti ərəfəsində baş verirsə, sammitdə bu haqda xüsusi yazı verilirsə ki, burda Qarabağ məsələsi ilə bağlı müəyyən qərarlar qəbul olunmalı idi, ancaq Azərbaycanda 3 vəzifəli şəxsin istefaya getməsi və Yerevanda parlamentin güllələnməsi buna imkan vermədi - bunlar onu göstərir ki, məsələ kifayət qədər ciddi idi. Mən heç kəsi ittiham etmirəm. Ola bilsin bir çox məsələlərə Heydər Əliyevin bir baxışı var idi, mənim başqa baxışım. Mən bunu təhlükə kimi görürdüm».

XS
SM
MD
LG