Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Ramil Rahiboğlu. Ateist fəryadı


ATEİST FƏRYADI


Allaha yox, mənə inan, əzizim
nə qədər düşünürsə o səni,
söz verirəm...
daha çox düşünərəm mən səni

Allaha yox, mənə güvən, əzizim
nələrə dözə bilirsə o sənin üçün,
söz verirəm...
daha çox dözərəm mən

milyonlarla sevəni var onun
mənimsə parçalanmış bir ürəyim
qısqanıramsa şərəfsizəm
vecimə belə deyil heç birisi
yetər ki sən,
Allaha yox, mənə inan, əzizim...

Allahdan yox, məndən kömək istə, əzizim...
nə qədər kömək edə bilirsə o sənə,
söz verirəm...
daha çox kömək edərəm mən

Yetər onunla bu qədər maraqlandın
bir az da mənimlə maraqlan, əzizim
nə qədər ağlayırsa gecələri o sənin üçün,
söz verirəm…
daha çox ağlayaram mən

Yadındamı?..
“Daş-Qayçı-Kağız” oyununu oynayardın
məhəllədəki uşaqlarla…
üstü gözəl rəsmlər olan saqqız kağızlarını
udacaqmış kimi lovğalanardın...
fərəhlənərdin...
amma...
Qayçı göstərərdin – daşla əzərdilər...
Daş göstərərdin – kağızla örtərdilər...
Kağız göstərərdin – qayçıyla kəsərdilər...

Uduzardın....
Onlar da sənə istehza edib
gülə-gülə evlərinə qayıdardılar
İndi nə olar,
bir dəfə də mənim üçün uduz, əzizim
çünki bütün itirənlər kimi
qarşılıqsız sevdim mən səni
nə vaxt göndərdimsə bu qırıq ürəyimi sənə
geri gətirdilər, evdə yoxmuşsan deyə

“Bir Qalanın Sirri” filminin qəhrəmanı
Elşən kimi – gecələr yatmayacaq,
gündüzlər dincəlməyəcəyəm
oxuyacağam...
Xilas edəcəyəm səni...

Artıq döyüşmək məqamı gəlib...
qorxuramsa şərəfsizəm
nə qədər öldüsə o sənin uğrunda,
bax, söz verirəm sənə
daha çox öləcəyəm sənin uğrunda
Vətənim mənim!


YUXU XOŞBƏXTLİYİ

Xoşbəxtliyi ölçmək mümkünmü?
Məncə, yox!
Kimisi xoşbəxt, kimisi bədbəxt
hesab edər özünü
Amma mənə xoşbəxtlik bəxş edən
Yuxularımdır...
Yuxularım mənim keçmişim...
Yuxularım mənim bu günüm...
Bəlkə də...
Gələcəyimdir - yuxularım mənim
Bədbəxtlik – həyatımda qara iz buraxmış hadisələri
yuxuda təkrarən görüb, yaşamaqdır mənimçün
Xoşbəxtlik – ayıldıqdan sonra
yuxuda gördüyüm,
nə vaxtsa yaşadığım bədbin hadisələrin
əslində təkrarlanmamasının
yaşatdığı sevincdir mənə...
Məni xoşbəxt edən yuxularım...
Nə yaxşı ki, varsan sən!

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG