Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:18

Timoşenko həbsdən qorxmur


Timoşenko vəkili ilə birlikdə prokurorluqda ifadə verib
Timoşenko vəkili ilə birlikdə prokurorluqda ifadə verib
Ukrayna müxalifətinin lideri Yulya Timoşenko baş nazir olduğu 2007-2010-cu illərdə vəzifəsindən sui-istifadədə ittiham olunur. Timoşenko vəkili ilə birlikdə prokurorluqda ifadə verəndən sonra jurnalistlərə deyib ki, ona Kiyevi tərk etməmək göstərişi verilib. O, ittihamı jurnalistlərə də oxuyub:

«Timoşenko parnik effektli qaz kvotasının satışından əldə olunmuş vəsaitin bir hissəsini şəxsi təşəbbüsü ilə istifadə edib və dövlət büdcəsinin kəsirini örtmək üçün təqaüdlərin ödənilməsinə yönəldib».

Qlobal istiləşmənin qarşısını almaq üçün bağlanmış beynəlxaql Kiota protokoluna əsasən, atmosferə karbon dioksidini buraxmağa icazə almaq üçün iş adamları hökumətə vəsait ödəməlidirlər. Əldə olunmuş həmin vəsaiti isə hökumət atmosferə parnik effektli qazların atmosferə buraxılmasının azaldılması səylərinə yönəltməlidir.

Yanukoviç hökumətinin cəlb etdiyi auditorlar əvvəlki hökumətin bu sahədəki fəaliyyətini yoxlayaraq oktyabrda bildirmişdi ki, Timoşenko həmin vəsaitlərdən sui-istifadə edib.

YANUKOVİÇƏ DEMƏK İSTƏYİRƏM Kİ…

Yulya Timoşenko fevral ayında keçirilmiş seçkilərdə Yanukoviçə az səslə məğlub olub. Dəfələrlə deyib ki, ona qarşı yönəlmiş itihamlar siyasi xarakterlidir. O bu gün jurnalistlərlə söhbət edərkən prezidentə də mesaj göndərib:

«Yanukoviçə demək istəyirəm ki, nə mən, nə burda məni dəstəkləmək üçün yanımda olan şəxslər, nə də ki, milyonlarla ukraynalı qorxmuruq. Siz qorxmalısınız. Bu qorxuya görə də siz adamları döyür, öldürür, alçaldır və həbsə göndəririsiz. Lakin bu siz xilas etməyəcək».

Timoşenko bildirir ki, Kiota protokolu əsasında hökumət daxil olmuş həmin vəsaiti bir maddə üzrə xərcləyib. Həmin maddədə də konkret məqsəd və təyinat yoxdur.
Yulya Timoşenko fevral ayında keçirilmiş seçkilərdə Yanukoviçə az səslə məğlub olub
Timoşenko bildirib ki, prokurorluqda ifadə verəndə də deyib ki, 320 milyon avro (425 milyon dollar) təyinatdan kənar xərclənməyib.

BÜTÜN BUNLAR ABSURDDUR


Partiyasının veb-saytında isə Timoşenko bəyanatını yerləşdirib. Həmin bəyanatda deyilir ki, bütün bunlar absurddur və bu yolla Ukrayna prezidenti rəqibindən canını qurtarmaq istəyir. Ona qarşı irəli sürülmüş ittihamlarla bağlı isə Timoşenko bildirib ki, mən camaatın təqaüdünü ödəmişəm. Ukrayna qanunvericiliyinə görə, bu cinayət deyil.

Yulya Timoşenkoya qarşı irəli sürülmüş ittiham əvvəlki hökumət üzvlərinə qarşı açılmış cinayət işlərindən yalnız biridir. Bundan əvvəl keçmiş ekologiya naziri Georgi Filipçuk, dekabrın 13-də isə sabiq daxili işlər naziri Yuri Lutsenko, keçmiş iqtisadiyyat naziri Boqdan Danişişin də eyni itihamla cinayət məsuliyyətinə cəlb olunub. Sonuncu 2 milyon dolları mənimsəməkdə ittiham olunur.

YANUKOVİÇİN DƏSTƏYİ GET-GEDƏ AZALIR

Siyasi şərhçi Yuri Yakimenko düşünür ki, bütün bu həbslərdə Yanukoviçin məqsədi insanların diqqətini çətinləşən iqtisadi vəziyyətdən yayındırmaqdır:

«Yanukoviçin dəstəyi get-gedə azalır. Xalqın narazılığı artır. Belə bir vəziyətdə baş verənlərin günahını əvvəlki hökumətin üstünə atmaq zərurəti yaranır».

Başqa bir şərhçi Mixaylo Porhebinski isə deyir ki, hökumət əgər Timoşenkonu həbs eləsə, bu, onun üçün yenidən dəstək yığıb hakimiyyətə gəlmək üçün qızıl imkan olar.

Timoşenko isə öz saytında yazıb ki. həbsə düşmək onu qorxutmur: «Mən heç vaxt heç hara getməyəcəyəm. Yanukoviç və onun tərəfdarlarının 2005-ci ildə etdiyi kimi xəstəxanada və ya xaricdə gizlənməyəcəyəm. Mən Ukraynada qalacağam. Hər dəfə ifadə verməyə çağırılanda gedəcəyəm. Mən heç nədən qorxmuram».

/Sayta hazırladı: Kəbiran Dilavərli/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG