Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:08

Kredit İttifaqı lənkəranlıları necə aldatdı?


Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lənkəranda fəaliyyət göstərən «Araz» Kredit İttifaqının direktorunu həbs edib. İttifaqa yeni direktor təyin olunub. Buna səbəb kimi bu ittifaqla müqavilə bağlayıb kredit götürmək istəyənlərin aldadılması göstərilir.

Lənkəran sakini Milayim Əliyev deyir ki, iki il əvvəl ittifaqla müqavilə bağlayıb, evini girov qoyub, onun adına 102 min manat məbləğində kredit xətti açılıb.

60 NƏFƏRDƏN ÇOX ADAMI ALDADILIB...

«Bir dəfə 4000 manat almışam. Həmin krediti ödədim. Sonra kredit istəyəndə vermədilər, dedilər ki, kreditin verilməsi dayandırılıb. Başqa banklara üz tutdum. Evimi girov qoymaq istədim. Məlum oldu ki, evim «İcraçı Kredit Agentliyi» MMC Bank Olmayan Kredit təşkilatının girovluğundadır. «Araz» kredit ittifaqı əmlakımızı girov qoyaraq agentlikdən pul götürüb, lakin bu pulu bizə verməyib. Evimizi girovluqdan azad edə bilmirik. «Araz» kredit ittifaqı 60 nəfərdən çox adamı aldadıb, onlara kredit vermədən evlərini girov qoyub».

«İCRA HAKİMİYYƏTİNİN BIR NEÇƏ ADDIMLIĞINDA BELƏ OYUNLARDAN ÇIXIRLAR»

Lənkəran şəhərin digər sakini Rahib Nəsirovun ailəsi də eyni problemlərlə üzləşib. Həyat yoldaşı Səidə Nəsirova kredit götürmək üçün «Araz» kredit ittifaqına müraciət edib. Ona deyiblər ki, evini girov qoyaraq ittifaqa üzv ol. Yalnız bundan sonra ona kredit verilə bilər. Müraciətçilər buna da razılaşıblar:

«Çünki banklar pulu 25-36 faizə verirsə, «Araz» kredit ittifaqı 16,6 faizə verir. Bütün sənədləri hazırladıq, notariat kontorunda təsdiq etdik, verdik «Araz» kredit ittifaqına. Lakin bizə kredit vermədilər. Ev isə girovluqda qaldı. Evimizi girovluqdan azad da edə bilmirik. Qorxuruq ki, evimiz əldən çıxar. Müraciət etmədiyimiz yer qalmayıb.
Milayim Əliyev və Rahib Nəsirov
Baş prokurorluq deyir ki, dözün, istintaq gedir. Ombudsman deyir ki, məhkəməyə verin. Məhkəməyə vermək üçün pulu haradan tapaq. Bu ittifaq fırıldaqla məşğul imiş. Biz haradan bilək ki, Lənkəran icra hakimiyyəti aparatının bir neçə addımlığında belə oyunlardan çıxırlar. Ən çox da kasıbları, imkansızları aldadırlar».

«45 EV GİROVLUQDADIR»

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Lənkəran Ərazi idarəsinin rəisi Nazim Məmmədov bu adamlara məxsus evlərin girovluqda olduğunu təsdiq etdi. Onun sözlərinə görə, Lənkəran şəhər sakini Milayim Əliyevin mənzili 11.08.2008-ci il tarixli, 2200804448 qeydiyyat nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» çıxarış əsasında ipoteka predmeti olaraq «İcraçı Kredit Agentliyi» MMC Bank Olmayan Kredit təşkilatının xeyrinə yüklənib.

Lənkəranda yerləşən «Araz» kredit ittifaqının yeni sədri Xanbaba Tahirovun sözlərinə görə, hələ işlə tam tanış ola bilməyib:

«Bizi təsisçilikdən azad ediblər. Neçə aydır ki, əmək haqqı ala bilmirik. İşləri qaydaya salmaq istəyirik. Arada 300 min manat ölmüş pul var, 45 ev girovluqdadır. Məndən əvvəlki direktor Mülayim Əliyevə sənədsiz 6 min manata qədər pul verilib. Gəlsin pulu qaytarsın, evini girovluqdan azad etsinlər».

99557 SAYLI CİNAYƏT İŞİ

Azərbaycan respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Fikrət Mahmudovun şikayətçilərə ünvanladığı məktubda bildirir: «Araz» kredit ittifaqı əməkdaşları Qəhrəman Hüseynov və digər şəxslər tərəfindən aldadılmanız barədə prezidentə ünvanlanmış ərizəniz Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsində 99557 saylı cinayət işinə əlavə
Yadigar Sadıqov
edilib».

KREDİT KƏNDLİLƏRƏ VERİLMİR...

Müsavat partiyası Lənkəran rayon təşkilatının sədri Yadigar Sadıqov şikayətçilərin onlara da müraciət etdiyini söyləyir. Onu dediyinə görə, bu kredit təşkilatları yerlərdə kənd təsərrüfatının inkişafı üçün vəsait buraxmalıdırlar. Belə məlum olur ki, kredit kənd təsərrüfatı ilə əlaqəsi olmayan adamlara verilir:

«Lənkəran aqrar rayondur, əmək qabiliyyətli əhalinin 70-75 faizi, vaxtı ilə kənd təsərrüfatında işləyirdi. İndi kənd təsərrüfatı iflic vəziyyətindədir. İşsizlərin sayı bunların hesabına artır. Kənd əhalisinin kreditə, investisiyaya ehtiyacı var. Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş krediti alver, qazanc predmetinə çeviriblər. Digər banklar isə kəndliyə kredit vermək istəmirlər. Əslində kəndli bu bankların verdiyi yüksək faizləri ödəyə bilməz. Soyğunçuluqdur, özbaşınalıqdır».

«Araz» kredit ittifaqı kənd təsərrüfatının inkişafına kredit buraxmaqla məşğuldur. İttifaq bu ilin yayına qədər Azərbaycan Kredit ittifaqları Assosiasiyasının üzvü idi, bu yay üzvlükdən çıxarılıb.

Azərbaycan Kredit ittifaqları Assosiasiyasında 79 kredit ittifaqı birləşir. Bunlardan 31 kənd təsərrüfatının kreditləşməsi istiqamətində fəaliyyət göstərir. Assosiasiya 2002-ci ildən fəaliyyət göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG