Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:35

Adı WikiLeaks-in sənədlərində çəkilən Bakı muzeyi


Müasir İncəsənət Muzeyi
Müasir İncəsənət Muzeyi
Adı WikiLeaks-in sənədlərində də çəkilən Müasir İncəsənət Muzeyi Bakıda elit incəsənət məkanlarından sayılır. Bakıya gələn ayrı-ayrı ölkələrin birinci xanımları isə bura mütləq baş çəkirlər.

MUZEY MEHRİBAN ƏLİYEVANIN TƏŞƏBBÜSÜ İLƏ YARADILIB

Muzeyin açılışında isə prezident İlham Əliyev, onun həyat yoldaşı Mehriban Əliyeva, UNESCO-nun baş direktoru Koichiro Matsuura da iştirak edib. Yəqin ki, bu da təsadüfi deyildi. Çünki 2009-cu ilin martında muzeyin açılışı haqqında xəbərlər yayılanda rəsmi və qeyri-rəsmi informasiya agentliklərində muzeyin Mehriban Əliyevanın təşəbbüsü ilə yaradıldığı vurğulanırdı.

Muzeylə tanış olmaq üçün ora baş çəkdik. Muzey binasının yerləşdiyi göydələndə tikinti-bərpa işləri davam etdiyindən muzeyin qarşısındakı avanqard heykəllərin bir hissəsi elə də nəzərə çarpmır. Muzeyin qapısının sağ tərəfində rəssam Altay Sadıxzadənin sarı rəngli “Fəza Saatı” adlı əsəri diqqəti çəkir.

GİRİŞ 5 MANAT

Muzeyə giriş 5 manatdır
Muzeyə giriş 5 manatdır. Bu məbləği kassaya ödəyəndən sonra muzeyə gələnə giriş bileti və qəbz verilir.

Labirint tipli iki mərtəbəli muzey bir neçə hissədən ibarətdir. İçəri girən kimi Zeynal İsgəndərovun “Azadlıq”, Hüseyn Haqverdinin “Gövdə”, Fazil Nəcəfovun “Həyatın mərtəbələri”, Fuad Salayevin “Simvol ilə maili qüllə” əsərləri diqqəti çəkir.

Muzeydə uşaq sənət salonu, video və kitablar, Art Cafe və “Museum”restoranı var. Art Cafedəki qiymətlər Bakıdakı digər kafelərdəki qiymətlərdən 1-2 manat bahalığı ilə fərqlənir.

Muzeydə Azərbaycanın gənc və əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dən artıq əsəri var. Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadənin, Böyükağa Mirzəzadənin, Elmira Şahtaxtinskayanın, Tahir Salahovun, Ömər Eldarovun və başqa fırça ustaları və heykəltəraşların əsərləri nümayiş olunur. Qərbi Avropa İncəsənət Salonunda isə Pablo Pikassonun, Salvador Dalinin, Mark Şaqalın əsərləri göstərilir.

ƏN BAHALI ƏSƏRİN QİYMƏTİ 32.000 MANATDIR

Qiymətlər 32.000 manatdan başlayır
Muzeyin “Metropolis” qalereyasında nümayiş olunan rəsm və heykəltəraşlıq əsərləri satışa da çıxarılır. Burda ən baha rəsm əsəri yağlı boya ilə çəkilmiş əsərdir. Qiyməti 32.000 manatdır. Ən ucuz əsərin qiyməti isə 800 manatdır. Heykəltəraşlıq əsərləri arasında ən bahalısının qiyməti 12.000 manatlıq bürünc, polad və ağacdan hazırlanan əsərdir. Ən ucuz əsərin qiyməti 3.000 manatdır.

MEHRİBAN ƏLİYEVA, NƏRGİZ PAŞAYEVA, ARİF PAŞAYEV

Muzeyin bir guşəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, bacısı Nərgiz Paşayevanın və atası Arif Paşayevin də portretləri var. Bu əsərlərin müəllifi Altay Sadıxzadədir.

WikiLeaks-in yaydığı materiallarda göstərilirdi ki, Altay Sadıxzadə Nərgiz Paşayevanın həyat yoldaşıdır. Həmin materiallarda muzeyin tərtibatının Altay Sadıxzadə tərəfindən həyata keçirildiyi, muzeyin açılışına pul xərcləyəndə isə xəsislik edilmədiyi göstərilirdi.

Muzeydə Mehriban Əliyevanın bu ilin mayında Bakıda keçirilmiş Qız Qalası Beynəlxalq İncəsənət Festivalına təqdim etdiyi əsəri də nümayiş olunur.

Mehriban Əliyevanın əsəri
Muzeyin kimə məxsus olduğu, bura çəkilən xərc, nümayiş olunan əsərlər və başqa suallarla bağlı muzeyin səlahiyyətli şəxslərindən cavab almaq istədik. Ancaq muzey əməkdaşlarından biri bildirdi ki, bura özəl şirkətdir, müsahibələr verə bilməzlər.

Rəsmi xəbər agentliklərinin məlumatına görə, muzey 2011-ci ildə 47 ölkə təmsilçisinin qatılacağı Avropa Müasir İncəsənət Muzeylərinin müsabiqəsində də iştirak edəcək.

Mehriban Əliyevanın protreti












Arif Paşayevin portreti












Nərgiz Paşayayenanın portreti
XS
SM
MD
LG