Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:39

Bu il 34 insan alveri qurbanı müəyyən edilib


Mehriban Zeynalova
Mehriban Zeynalova
“Mən inamsızlıq içindəyəm, hər dəqiqə aldadıla bilərəm. Mənim başıma hər an hadisə gələ bilər”.

İnsan alverçiləri 30 yaşlı Ləmanı (ad şərtidir-M.Ç.) aldadaraq Türkiyəyə aparıblar. Dörd ay orda cinsi istismara məruz qalandan sonra Bakıya gətirilən Ləman bir müddət də Bakıda qapalı şəraitdə saxlanıb. Həmin insan alverçiləri həbs edilsə də, Ləman yenə də qorxu içində yaşadığını deyir. O deyir ki, ona görə bir neçə nəfər cəzalandırılsa da, Azərbaycanda cəzasız qalan belə adamlar istənilən qədərdir.

İNDİ SIĞINACAQDA İKİ QADIN VAR

İnsan alveri qurbanları sığınacağında hazırda Türkiyə və İranda cinsi istismara məruz qalan iki qurban reabilitasiya olunmaqdadır. Sığınacağın direktoru Mehriban Zeynalovanın dediyinə görə, 2010-cu ildə aşkarlanan 34 nəfər insan alveri qurbanından 27-si də sığınacaqda reabilitasiya olunandan sonra ailəsinə verilib. Bəziləri hətta müvafiq işlərlə də təmin edilib. Hazırda Azərbaycanda bir sığınacaq var. Həmin sığınacaq 2006-cı ildən fəaliyyətə başlayıb.

Mehriban Zeynalovanın dediyinə görə, bu il aşkar edilən qurbanlar əsasən Türkiyə, Dubay və İrana aparılıb. Sığınacaq direktoru bildirir ki, insan alveri qurbanı olmuş adamların dediklərinə görə, onları xarici ölkələrə aparanlar qohumları, rəfiqələri və uzun müddət tanış olduğu adamlar olub:

“Cəmi iki nəfər avtobusdakı qısa tanışlıqdan sonra insan alverçilərinin təsiri altına düşüblər. Yerdə qalanlar isə uzunmüddətli tanışlar və qohumlardan ibarət olub”.

Mehriban Zeynalovaya görə, Azərbaycanda insan alveri hansısa mütəşəkkil qrup tərəfindən deyil, ayrı-ayrı adamlar tərəfindən özü də pərakəndə şəkildə həyata keçirilir.

2010-CU İLDƏ 34 İNSAN ALVERİ QURBANI OLUB

2010-cu ildə Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı və 34 insan alveri qurbanı müəyyən edilib.

DİN rəsmisi 70 cinayət faktından danışır
Bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev deyir. Dekabrın 15-də Avropa Şurası ilə Daxili İşlər Nazirliyinin Azərbaycanda insan alverinə qarşı mübarizə və onun qarşısınını alınması ilə bağlı keçirdiyi tədbirdə. Şıxəliyevin sözlərinə görə, hələki insan alveri ilə bağlı Azərbaycan mənşə ölkəsidir, yəni hansısa ölkədən Azərbaycana deyil, Azərbaycandan müxtəlif ölkələrə insan alveri qurbanları aparılır:

“İnsan alveri qurbanları əsasən Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Pakistan və az miqdarda da Rusiyaya da aparılırlar”.

Cavad Şıxəliyevə görə, Azərbaycanda insan alveri ilə bağlı qeydə alınan cinayətlərin əksəriyyəti cinsi istismarla bağlıdır. İdarə rəisi məcburi əməyin Azərbaycan üçün xarakterik olmadığını deyir:

“Azərbaycandan olan qurbanların Rusiya və başqa ölkələrə aparılması müəyyən edilib. Azərbaycan daxilində demək olar ki, məcburi əmək yox dərəcəsindədir”.

“İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏDƏN NİKBİN DANIŞMAQ HƏLƏ TEZDİR”

Əlövsət Əliyev
Amma Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Azərbaycanda insan alverinə qarşı mübarizədən nikbinliklə danışmağın hələ tez olduğunu deyir. Mərkəz rəhbəri həm də ölkədə məcburi əməyə cəlb olunmanın inkar edilməsi fikri ilə razı deyil:

“DİN rəsmiləri hər yerdə bəyan edirlər ki, əməyin istismarı, məcburi əmək Azərbaycan üçün xarakterik deyil, Amma Azərbaycanda cinsi istismarla müqayisədə əməyin istismarına şərait yaradan hallar daha genişdir. Belə ki, bu gün Bakıda aparılan tikinti işlərinin hardasa 20 faizində əcnəbilər çalışır. Türkiyə, Özbəkistan, Türkmənistan və Gürcüstandan gətirilən həmin əcnəbilərin sayı 10 min nəfərə yaxındır. Onların çoxunun pasportları müsadirə edilib, hərəkətləri məhdudlaşdırılıb. Xüsusi yerlərdə saxlanılırlar. Onlar sərbəst hərəkət edə bilmirlər”.

Bir müddət əvvəl AzadlıqRadiosu da Azərbaycanda tikintilərdə işlədilən serblər barədə araşdırma aparmışdı.

İNDİKİ QANUNVERİCİLİKLƏ…


Əlövsət Əliyevə görə, qanunvericiliyin mükəmməl olmaması səbəbindən bu gün Azərbaycanda insan alverinə qarşı tam mübarizə aparmaq mümkün deyil. Onun fikrincə, insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı Cinayət Məcəlləsində ayrıca maddə olsa da, bu cinayətə görə, daha yüngül cəza nəzərdə tutulur.

Əlövsət Əliyev bildirir ki, halbuki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda qanunsuz orqan transplantasiyası insan alveri hesab edilir və buna görə daha sərt cəza nəzərdə tutulur:

“Amma bu açıq qalır. Eyni zamanda, insan alveri qurbanlarına kompensasiyaların verilməsində, insan alverçilərinin əmlakının müsadirəsi ilə bağlı uğurlu nəticələr yoxdur”.

CİNAYƏT MƏCƏLLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR OLA BİLƏR

Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi hazırlanır
Ədliyyə Nazirliyindən isə bildirilir ki, hazırda insan alverinə qarşı mübarizə ilə bağlı Cinayət Məcəlləsinə insan alverçilərinin əmlakının müsadirəsi və s. məsələlərlə bağlı əlavə və dəyişikliklər layihəsi üzərində iş gedir.

Hazırda insan alveri qurbanlarına verilən birdəfəlik yardım 200 manatdır.

Azərbaycan rəsmiləri təkzib etsələr də, Avropa Şurasının Baş Katibliyinin nümayəndəsi Danuta Visnievska Bakıda keçirilən konfransda bildirib ki, insan alveri ilə bağlı Azərbaycandan həm də transit ölkə kimi istifadə olunur.

ABŞ Dövlət Departamentinin dünyada insan alveri sahəsindəki vəziyyətə dair 173 ölkəni əhatə edən 2010-cu il hesabatında Azərbaycan yenə də insan alverinin mənbəyi, tranzit və daşınma ölkəsi olaraq göstərilir. Sənəddə deyilir ki, Azərbaycandan qadın və uşaqlar cinsi istismar üçün Birləşmiş Ərəb Əmirlikləri , Türkiyə, İran və Pakistana aparılır.
XS
SM
MD
LG