Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:26

"Ya yeni mükafat təsis etməliydim, ya da buna razılıq verməliydim""


Milli Kitab Mükafatının münsiflər heyətinin üzvü olduğuna görə tənələrə tuş gələn “Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlu Lent.az üçün hazırlanmış müsahibədə bu məsələ ilə bağlı sualları cavablandırır.

- Şahbaz bəy, Sizcə, Azərbaycan ədəbiyyatı hansı mərhələdədir?

- Sovet ədəbiyyatının təsirindən tam ayılmamış, yeni vəziyyətə isə uyğunlaşmamış durumdadır.

Sovet ədəbiyyatı geniş sovet məkanında bir amal və məqsəd ətrafında yekə bir qartopu kimi yumrulanmışdı.

O böyük qar topası əridi, yerində canlı olan çox az sayda yazar qaldı. İndi onlar yenidən güc tapıb yeni həyata uyğunlaşmaq, yeni dövrü yazmaq istəyirlər.

Bəzilərində bu proses alınır, bəziləri isə hələ də əriməkdə davam edir. Son 20 ildə yaranmış yeni nəsil isə öz gücünü yenilikçilikdən daha çox təftişçiliyə sərf edir və təəssüf ki, təftişçilik ənənəvi xarakter alıb.

Dünən tənqid edən, qarşı tərəfi ən amansız üsulla məhv etməyə çalışan bu gün eyni vəziyyətlə üzləşir.

Yəni, ədəbiyyat ətrafında deyil, ədəbiyyat adamları arasında skandallar yaranır.

Şou-biznesdə baş alıb gedən səhvlər ədəbiyyatda daha aqressiv formada təkrarlanır.

Çox istərdim ki, şəxsi zəmində olan tənqidlər ədəbiyyatla bağlı müzakirələrə yönəlsin.

- Azərbaycan ədəbiyyatında yeni mühit formalaşıb və bu mühitdəkilər özlərindən əvvəlkiləri qəbul etmirlər.

Eləcə də əksinə. Siz paralel inkişaf edən hər iki tərəfə yaxın adam hesab olunursunuz.

Özünüz hansı əsərlərə daha çox üstünlük verirsiniz?

- Doğrusu, özümü hər iki tərəfə yaxın kimi hiss etmirəm.

Mən üzümü kitab çap etməyə imkanı olmayan bir təbəqəyə tutdum və dedim, kimin maraqlı əsəri varsa, çap edəcəyəm.

Bu, uğurlu hesab etdiyim “Ən yeni ədəbiyyat” layihəsidir. Mən kitab nəşr edən bir nəşriyyatın sahibiyəm.

"Ən yeni ədəbiyyat" seriyasından kitablar
Yeni imzalar, maraqlı əsərlər axtarışı hər yerdə və daim davam edir. Sovet dövründə azad mətbuat yox idi, amma əsərlərində və danışıqlarında azadlıq havası olan yazarlar var idi.

Mən görürəm ki, mətbuatımız ictimai nəzarət mövqeyini xeyli dərəcədə itirib.
Əlbəttə, bu itki mətbuatımızın könüllü seçimi deyil. Eləcə də aşırı radikal yazılar çox effekt vermir.

Belə olan halda ədəbiyyat öz imkanları ilə meydana gəlməlidir.

- Niyə Milli Kitab Mükafatına münsif olmağa razılıq verdiniz?

- Keçən il MKM münsifləri arasında olmadım. Əvvəla, təklifi gec almışdım, nəyin necə olacağından məlumatım yox idi.

Münsiflər heyətinin tərkibi də şübhəli gəlmişdi.

Arxada qalan bir ildə iki fikir arasında çox götür-qoy etdim: ya yeni mükafat təsis etməliydim, ya da artıq bir il təcrübəsi olan bu mükafatın münsifliyinə razılıq verməliydim.

MKM-in nizamnaməsini oxudum, Nigar Köçərli ilə müzakirələr apardım.

Mənim təkliflərim nəzərə alındığı üçün razılıq verdim.

Əslində, münsiflərin sırasına yenilərinin əlavə olunması təqdirəlayiqdir və bu, hər il davam edəcək.

Hər bir münsif fikirlərini açıq bölüşəcək, əsəri seçərkən öz fikirlərini əsaslandıra biləcək, lazım gəldiyi halda bu barədə mediaya açıqlamalar verəcək.

Yaxşı olardı ki, bütün səsvermə prosesi lentə alınsın.

Bu dəfə əsərlər meyarlara əsasən qiymətləndiriləcək.

Məndən əvvəlki münsiflərin müsahibələrini oxudum və hamıda belə bir istəyin olduğunu müşahidə etdim.

Ədəbi zövqünə inandığım digər şəxslərində fikirlərini öyrənmişəm və yəqin ki, yaxın vaxtlarda on müddəadan ibarət meyarları müzakirəyə çıxaracam.

Bundan başqa, ekspertlər, keçən ildəkindən fərqli olaraq, gizli saxlanılmayacaq. Onların adları ictimaiyyətə bəlli olacaq.

Bu şəxslər peşəkar ədəbiyyatçılar olmalıdırlar.

Onlarda hazır meyarlar olacaq, bu meyarlar onların özləri ilə də razılaşdırılacaq, sonra isə o meyarlar əsasında əsərlər seçiləcək.

Hər bir münsifin səlahiyyəti var ki, hər bir əsərlə bağlı qiymətləndirmənin nəticəsini ekspertlərdən tələb etsin. Ekspertlərin işi bu mənada çox məsuliyyətlidir.

Çünki münsiflər onların rəyini əsas götürəcək.

Məncə, ekspertlər, ilk növbədə, əsərin janrını müəyyən etməlidir. Axı bu mükafat hələ yalnız bədii ədəbiyyat mükafatıdır.

Buna deyirlər “Fiction”. Bir də var “Nonfiction” - yəni bədii olmayan ədəbiyyat.

Dünən məndən soruşdular ki, mən esselər kitabımı təqdim edə bilərəm, dedim yox, çünki esse bədii ədəbiyyat deyil.

Hətta bədii ədəbiyyat özü də növlərə bölünür, intellektual ədəbiyyat, janr ədəbiyyatı və mainstream (mənəvi inkişafın əsas istiqaməti) ədəbiyyatı.

Detektivlər, sevgi romanları, fantastika, mistika - bunlar janr ədəbiyyatına, yüngül oxunun ədəbiyyata aiddir.

Mainstream ədəbiyyatı isə daha mürəkkəbdir, burada qayda-qanun yoxdur, burada yazıçı həm filosof, həm də yaxşı nağılçı olmalıdır. Keçidlər gözlənilməzdir.

Əslində mən “Ən yeni ədəbiyyat” seriyasında çıxan bəzi əsərləri elə mainstream ədəbiyyatının nümunəsi hesab edirəm.

“Özüm üçün yazıram” - bunu peşəkar deyə bilməz. Biz özümüz üçün işləmirik, kitab işində iştirak edən hər kəs bu prosesdən bəhrələnməlidir.

Bu cür mükafatlar kitabı və yazarı mətbuatın gündəminə gətirir, ictimai diqqəti ona yönəldir. Yazıçını tanıdır, kitabı isə dərhal axtarılmağa başlanır.

Peşəkarlıq - hərəkət və inkişafdır. Bu, öz işinə vurğunluqdu.

Və eləcə də tənqidi qəbul etmək, daim öyrənmək, nəticə çıxarmaq bacarığıdır.

Naşir kimi belə mükafatlardan kənarda qalmağım gördüyüm işin ziyanınadır.

Naşir, yazar və kitab yayan bir arada olmağı bacarmalıdırlar.

Əks halda uğurlu nəticə olmayacaq. Əslində belə mükafatlar bizi birləşdirən vasitələrdən biridir.

Mahiyyətcə mükafatlar beynəlxalq, milli və regional olur.

Bu mükafat mahiyyətinə görə Milli kitaba, yəni Azərbaycan kitabına aid olunur. Ölkənin bütün yazarları burada özlərini sınama imkanı əldə edirlər.

Ciddi ədəbiyyatçılar belə mükafatda iştirak etməkdə maraqlı olmalıdır. Həm ada, həm də pullu mükafata görə.

- İki yazıçı efirdə sizin münsiflərə qatılmağınıza etiraz etdilər. Sizcə, bunun səbəbi nədir?

Şahbaz Xuduoğlu və yazıçı Pərviz Cəbrayıl (solda) Azadlıq Radiosunun "Pen klub" verilişində. 4 noybar 2010
- Bu, məncə ötən il qatılmayıb, lakin bu il münsif üzvü olduğuma görədir. Yuxarıda münsifliyə niyə qoşulduğumun səbəbini dedim.

Kitablarını nəşr etdiyim yazarlara da səsləndim, dedim, istəyirsiniz siz də qoşulun, indi seçim onların özünündür. Mən bu şeylərə normal baxıram.

Hər kəs öz mövqeyinə görə cavabdehdir. Mənim mövqeyim belədir ki, əgər hər hansı seçimdə şəffaflıq varsa, orada obyektivlik qorunacaqsa, o zaman o prosesə qatılmaq lazımdır.

Obyektivliyin birinci şərti, müstəqil şəxslərin təmsil olunması baxımından münsiflərdə balansın qorunmasıdır.

Mən indiki münsiflərdə son qərara şəxsi-qərəzlik baxımından təsir edə bilən şəxs görmürəm.

Ümumiyyətlə, şərtlər sistemi elə qurulmalıdır ki, şəxsi maraqlar ictimai maraqları üstələməsin.

- Bir naşir kimi necə düşünürsüz, kitab oxuyanların sayı niyə azdır?

- Bu sahədə kitabçılardan asılı olmayan ciddi səbəblər var.

Bu səbəblər əsasən yarıtmaz təhsil sistemi və kitabın inkişafına dair dövlət proqramının işləməməyidir.

Əlbəttə, mən burda əsas faktor iqtisadi vəziyyəti də xüsusi qeyd etmək istərdim.

Adamlarımızın maddi vəziyyəti imkan vermir ki, onlar yeni kitabları ala bilsinlər.

- Seçiminizdə hansı meyarlara üstünlük verəcəksiniz?

- Məncə, MKM ən yaxşı bədii ədəbiyyatı üzə çıxarmaq üçün təsis olunub.

MKM-in birinci mükafatını udan əsər əslində meyarlar baxımından düzgün seçilməyən əsər idi, o cür kitaba Fanfik (fan fiction) deyirlər, yəni fanatların bədii əsəri, yəni bu əsərin əsas qəhrəmanları fanatlardır, əsər onların həyat tərzindən, fəaliyyətlərindən, qəhrəmanlarının həyat dramaturgiyasından bəhs edir.

İntellektual ədəbiyyatın məqsədi oxucunu əyləndirmək deyil, hər hansı bir problem haqqında düşünməyə vadar etməkdir.

Burada müəllif ədəbi formalarla öz düşüncələrini təhlil edir.

Bu cür ədəbiyyat oxucu dairəsi çoxda geniş olmayan bilikli, savadlı auditoriya üçün nəzərdə tutulub.

Bir də var kommersiya ədəbiyyatı, bu, bir qəhrəman üzərində qurulan bəlli süjetli, oxunaqlı, oxucunu əyləndirən ədəbiyyatdır.

Məncə, MKM öz seçimimdə intellektual əsərə üstünlük verməlidir.

Yazıcının toxunduğu mövzu aktual olmalıdır, həm də onun mövzuya yaxşı bələd olması görünməlidir, oxucunu düşündürməlidir, dili və üslub, eləcə də özünü ifadə baxımından catımlı, anlaşıqlı olmalıdır, humanizm, azadlıq ruhu, toxunduğu mövzunun bəşəriliyi mənim seçimimdə bunlar əsas meyarlar olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG