Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:30

Müalicəyə hara getməli?


“Yox mənim dərdimə dərman ey təbib...”.

Füzulinin bu misralarını bəlkə də Azərbaycanda dərdinə əlac tapmayıb dərman dalınca qərib ölkələrə üz tutan hər kəs yadına salır. Elə Kəmalə Həbibova kimi...Onun qərib ölkələrə dərman ardınca üz tutması üçün xeyriyyəçilərə göndərdiyi müraciəti internet-forumların birində tapdım. Kəmalə xanım dərdini belə anladır:

- İki azyaşlı uşağım xəstədir. Böyrəkləri daş yığır, neçə ildir ki, əziyyət çəkirlər. Evimizi satıb 3 dəfə İrana getmişik müalicə üçün. Müalicələrin xeyri olub, amma problemi kökündən həll eləmək üçün Türkiyəyə, ya da Almaniyaya getməyə ehtiyacımız var. Türkiyədə olduq, həkimlər zəmanət verdilər, amma maddi xərcləri qarşılaya bilmədiyimizdən, atalar demiş, əlimiz ətəyimizdən uzun geri qayıtdıq. İndi neçə aydır ki, 4 yaşlı oğlumuzun, 5 yaşındakı qızımızın ağrıdan doğan yalvarışlarına ancaq göz yaşı ilə cavab verməli oluruq. Döymədiyimiz qapı qalmayıb, amma köməyimizə çatan yoxdur.

“DEDİLƏR, ŞİŞ METASTAZ VERİB”

Bakı sakini İlqar Verdiyev də əlacı xarici ölkələrdə axtarıb. Özünə yox, anasına. Deyir ki, bir neçə il əvvəl xərçəng xəstəliyinə mübtəla olmuş anası cərrahiyyə əməliyyatı keçirib və əməliyyat uğurla başa çatıb:

- 6 aydan bir yoxlanılmalı idi. Biz də anamı yoxladanda dedilər ki, metastaz verib. Amma inanmadıq. Anamı İrana apardıq. Orda hərtərəfli yoxladılar və dedilər ki, heç bir problem yoxdur.

İlqarın sözlərinə görə, Bakıda anasının müayinə olunduğu tibbi aparat daha müasir olub, nəinki onların getdiyi İran klinikasındakı aparat. Amma müayinə proseduru fərqli olub:

- Bakıda yoxladılar, amma İranda bir neçə dəfə müayinə elədilər, həkim deyiləm deyə izah edə bilmirəm, amma görurdük ki, müayinə proseduru tamam fərqlidir.

“XARİCƏ ÖZ TƏŞƏBBÜSLƏRİ İLƏ GEDİRLƏR”

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov isə deyir ki, Azərbaycanda ən müasir tibbi şərait yaradılıb və xaricə müalicəyə getməyə ehtiyac yoxdur. “Hazırda elə xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın” deyən rektor hesab edir ki, xaricə müalicəyə gedənlər şəxsi təşəbbüslərinə görə belə davranırlar.

Əhliman Əmiraslanov jurnalistlərə müsahibəsində onu da deyib ki, İranda əməliyyat olunmuş neçə xəstəni yenidən əməliyyat etməli olub.

“TEZLİKLƏ BU KOMİSSİYA ÖZ FƏALİYYƏTİNİ DAYANDIRACAQ”

Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyanın sədri Nəsib Quliyev də deyir ki, son illər onlar bir neçə xəstəlik üzrə daha xaricə pasient göndərmirlər:

- Onkoloji, oftolmoloji xəstəliklər artıq ölkədə müalicə olunur. Bizə əməliyyatla bağlı müraciətlər əsasən ürək xəstəlikləri ilə bağlı idi, artıq bu sahədə də irəliləyiş var, daha bununla bağlı xaricə xəstə göndərmirik. İndi yalnız neyrocərrahiyyə və ağır travmatoloji xəstəliklərlə bağlı pasientləri xaricə göndəririk. Mənə elə gəlir ki, tezliklə bu komissiyanın fəaliyyətinə də ehtiyac qalmayacaq.

“ANALOQU OLMAYAN TİBB MƏRKƏZLƏRİMİZ VAR”

Nəsib Quliyevin sözlərinə görə, bu il onlar 50-yə yaxın pasienti bu xəstəliklər üzrə xarici ölkələrə göndəriblər. Onun sözlərinə görə, bir çox hallarda xəstələr xaricə yerli tibbə etibar etmədikləri üçün gedirlər:

- Adamlarda elə təsəvvür var ki, evimizdən kənarda hər şey yaxşıdır. Məncə, bu təsəvvür tezliklə dəyişəcək. Çünki bizdə ən yeni mərkəzlər tikilir, avadanlıq gətirilir. Bizdə elə müalicə-diaqnostika mərkəzləri var ki, heç regionda analoqu yoxdur.

“BİZDƏ AVROPA TƏHSİLLİ TİBB KADRLARI BARMAQLA SAYILIR”

“Yerli tibbə tam etibarlılığın artması və effektivlik əldə edilməsi üçün Azərbaycan səhiyyəsində islahatlar aparılmalıdır”. Bunu isə tibb elmləri doktoru, professor Adil Qeybulla deyir. Onun sözlərinə görə, ölkədə hələ mülkiyyət formaları tam müəyyən edilməyib, sığorta təbabəti yaradılmayıb, Səhiyyə Nazirliyinin bəzi strukturları - məsələn, dərman maddələrinin dövlət reyestri və s. yaradılmayıb:

- O ki qaldı kadr məsələsinə, sovet dövründə bizdə kadr problemi olmayıb. Amma SSRİ dağılandan sonra, həm də dünyada cərrahiyyə sahəsində baxışlar, yanaşmalar dəyişdiyindən yeni mütəxəssislərə də ehtiyac yaranır.

Azərbaycanda ürək-damar cərrahiyyəsində, onkoloji xəstəliklərin müalicəsində irəliləyiş olduğunu deyən Adil Qeybulla da xarici klinikalarda müalicəsi uğursuz olan neçə-neçə adamı tanıdığını söyləyir, amma o, ayrı-ayrı epizodları ümumiləşdirib əcnəbi səhiyyə barədə fikir söyləməyi düz saymır.

Onun sözlərinə görə, məsələn, İranda Avropa təhsilli tibbi mütəxəssislər yetərincə çoxdur, amma Azərbaycanda hələ barmaqla sayılacaq qədər Avropa və ABŞ təhsilli tibb mütəxəssisləri var. Professor deyir ki, əgər azərbaycanlıların xaricə müalicə üçün getməsi istənilmirsə və yerli tibbə etibar arzulanırsa, səhiyyədə köklü islahatları ləngitməmək lazımdır.
XS
SM
MD
LG