Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:36

ABŞ Qarabağ danışıqlarının sürətindən narahatdır


Filip Qordon
Filip Qordon
ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon ötən həftə Astanada baş tutan ATƏT-in zirvə toplantısının nəticələrini Vaşinqtondakı brifinqdə jurnalistlərə şərh edib.

Diplomat münaqişə tərəfləri və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatını müsbət addım kimi qiymətləndirib. O bildirib ki, Birləşmiş Ştatlar sülh danışıqlarının gedişinin sürətindən, prosesdəki mövcud boşluqlardan və son zamanlar atəşkəs xəttində baş verən pozuntulardan narahatdır:

“Bu, təhlükəli vəziyyətdir. Məhz bu səbəbdən biz, bütün ATƏT-in üzv dövlətləri tərəfindən vurğulanan Helsinki prinsipləri əsasında irəliləyişin əldə edilməsi üzərində intensiv iş aparırıq”.

Dövlət Katibinin müavini son zamanlar Rusiyanın vasitəçi kimi artan rolu, Birləşmiş Ştatların isə bu mənada passivliyi fikirləri ilə razılaşmayaraq deyib ki, Rusiya münaqişədə rolunu fəallaşdırsa da, ABŞ, Rusiya kimi, münaqişənin Minsk qrupu tərəfindən razılaşdırılan Əsas Prinsiplər üzərində həll olunmasını görmək istəyir. O, əlavə edib ki, özü və həmkarları münaqişə tərəfləri ilə yaxın təmasdadır:

“Bu ilin iyulunda Azərbaycana və Ermənistana səfər edən Dövlət Katibi Hillari Klinton da məsələ ilə bağlı mütəmadi məlumatlar alır, vəziyyəti yaxından izləyir, Azərbaycan və Ermənistan liderləri ilə daim əlaqədədir. ABŞ münaqişənin həllinə verdiyi əhəmiyyətə görə, prosesdə yaxından iştirak edəcəkdir”.

Dövlət Departamentinin məxfi materiallarını sızdıran “wikileaks” açıqlamalarının Astanadakı zirvə toplantısının ab-havasına təsirinə toxunan Filip Qordon deyib ki, Dövlət Katibi Klinton bu məsələ ilə bağlı mövqeyini ATƏT üzvlərinə açıq şəkildə çatdırıb:

“Deyə bilərəm ki, bir çox lider vəziyyəti anladıqlarını ifadə edərək birgə işimizi davam etdirmək istəklərini bildirmişlər”. /AzərTAc/
XS
SM
MD
LG