Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:34

5 il əvvəlki parlamentin təkrarı


Noyabrın 29-da 4-cü çağırış Milli Məclisinin ilk iclası keçirilib
Noyabrın 29-da 4-cü çağırış Milli Məclisinin ilk iclası keçirilib
Noyabrın 29-da 4-cü çağırış Milli Məclisinin ilk iclası keçirilib. İclas təxminən 5 il əvvəl, 3-cü çağırış Milli Məclisin ilk iclasının təkrarı idi.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açır. Sonra parlamentin daxili nizamnaməsinə əsasən yeni çağırış Milli Məclisin ilk yığıncağını ən qocaman deputat - Fəttah Heydərov açıq elan edir. Azərbaycan Respublikasının dövlət himni səslənir, yeni və yenidən seçilən deputatların siyahısı oxunur.

Bu dəfə də deputatlara dövlət başçısı prezident İlham Əliyev uğurlar arzulayır. Həmin qocaman deputat, həmin spiker, həmin müavinlər və həmin komitə rəhbərləri...

HƏMİN SƏDARƏT, HƏMİN KOMİTƏ SƏDRLƏRİ

Bundan sora Oqtay Əsədov 4-cü çağırış Milli Məclisin sədri, Ziyafət Əsgərov, Bahar Muradova və Valeh Ələsgərov isə onun müavinləri seçilirlər.

Daxili nizamnaməyə uyğun keçirilən komitə sədrlərinin seçkisinin nəticələri də eynilə 3-cü çağırışın nəticələri ilə üst-üstə düşür:

Oqtay Əsədov
Deputat Əli Hüseynov Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, Ziyafət Əsgərov təhlükəsizlik və müdafiə, Ziyad Səmədzadə iqtisadi siyasət, Valeh Ələsgərov təbii ehtiyatlar, energetika və ekologiya, Eldar İbrahimov aqrar siyasət, Hadi Rəcəbli sosial siyasət, Arif Rəhimzadə regional məsələlər, Şəmsəddin Hacıyev elm və təhsil, Nizami Cəfərov mədəniyyət, Rəbiyyət Aslanova insan hüquqları, Səməd Seyidov isə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin sədrləri seçilirlər.

Parlament rəhbərliyini, eləcə də komitələrin idarəçiliyini məhz bu formatda görmək istəyən və ona səs verən iqtidaryönlü AVP sədri, deputat Fəzail Ağamalı deyir ki, əslində burada qeyri-adi bir şey yoxdur. İstər parlament rəhbərliyində təmsil olunanlar, istərsə də komitə sədrləri artıq bu işin peşəkarlarıdır. Bu da onlara yenidən etimad göstərilməsinə ciddi əsas yaradır:

«NƏDƏN DƏYİŞİLMƏLİDİRLƏR...»

Fəzail Ağamalı
«Yenilik o zaman edilər ki, onun daha pozitiv, daha ciddi nəticələri olsun. Əgər bu insanlar hələ kifayət qədər potensiala malikdirlərsə və öz fəaliyyətləri ilə Milli Məclisin işini qura bilirlərsə, üzərilərinə qoyulan vəzifəni uğurla yerinə yetirilərsə, nədən dəyişilməlidirlər».

Fəzail Ağamalı düşünür ki, rotasiya dəyişikliyə ehtiyac duyulan yerdə olmalıdır. Onun fikrincə, Azərbaycan torpaqlarının işğal altında olduğu, ciddi diplomatik danışıqlar apardığı bir dönəmdə peşəkar olmayanların parlamentin rəhbərliyinə gətirilməsi məntiqli görünmür. O deyir ki, bu sadəcə yenilik xatirinə dəyişiklik etmək olardı.

Parlamentə ilk dəfə düşən bəzi millət vəkilləri hələlik bu və digər məsələlər barədə fikir söyləməyə o qədər də həvəs göstərmirlər.

4-cü çağırış Milli Məclisin ilk toplantısını özü üçün yenilik adlandıran bitərəf deputat Rasim Musabəyov isə deyir ki, bu təşkilati iclas idi. Onun da iştirakı ilə köhnələrdən ibarət təzə rəhbərlik müəyyənləşib:

«ADƏTƏN DƏ RAZILIQ OLANDA DƏYİŞİKLİK ETMİRLƏR»

«Dövlət başçısı da çıxış etdi. Və hakim partiya dedi ki, Milli Məclisin fəaliyyətindən razıdır. Adətən də razılıq olanda dəyişiklik etmirlər».

Arzu Səmədbəyli
Bəzi mütəxəssislər isə hesab edirlər ki, istənilən halda, istənilən strukturun rəhbərliyində müəyyən müddətdən bir dəyişiklik olmalıdır ki, həmin mexanizmin fəaliyyətində canlanma baş versin. Əgər söhbət qanunverici orqanda heç olmasa cüzi bir dəyişikliyin də müşahidə olunmamasından gedirsə, bunu müsbət hal kimi dəyərləndirmək məntiqsiz görünür. Bu fikirdə olanlardan biri, ötən Milli Məclisdə müxalifəti təmsil etmiş Arzu Səmədbəyli deyir ki, əslində parlamentin rəhbərliyində, komitə sədrliyində və eləcə də tərkibində ciddi dəyişikliyin olmaması ölkədə demokratiyanın yoxluğunun göstəricisidir.

Onun fikrincə, mövcud iqtidarın Azərbaycanda heç bir müsbət dəyişikliyə, yeniliyə imkan vermədiyi kimi parlamentdə də bu ənənəni qoruyub saxlaması səbəbsiz deyil:

«Bu hakimiyyət bütün beynəlxalq aləmin qınağına, daxildəki qütbləşmələrə, ziddiyyətlərə baxmayaraq indiyədək ölkəni necə idarə edibsə, heç kimlə hesablaşmadan, yalnız özünün siyasi məqsədləri istiqamətində qarşıya qoyduğu məqsədi həyata keçirməkdə israrlı görünür».

KÖHNƏLƏRİN QEYDİYYATDAN KEÇMƏSİ...

Arzu Səmədbəyli düşünür ki, əslində, bu parlament rəhbərliyinin formalaşdırılması deyil. Sadəcə köhnə rəhbərlərin yenidən qeydiyyatdan keçməsidir. Özü də bu işdə parlamentin elə bir önəmi yoxdur. Onun fikrincə, bu məsələ Prezident Administrasiyasında həll olunur.

Ancaq 3-cü çağırış Milli Məclisin ilk iclasından fərqli olaraq, budəfəki toplantı yarım qapalı keçirilib. Yəni, müstəqil və müxalif KİV-lər iclasa dəvət olunmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG