Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Konstitusiya Məhkəməsindən parlamentə yaşıl işıq


Konstitusiya Məhkəməsinin Plenumu seçkinin nəticələrini tanıdı
Konstitusiya Məhkəməsinin Plenumu seçkinin nəticələrini tanıdı
“Mərkəzi Seçki Komissiyasının 22 noyabr 2010-cu il tarixli protokolu və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 171.2-ci maddələrinin tələblərinə uyğun olduğundan seçkilərin nəticələri təsdiq edilməlidir”.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev noyabrın 29-da keçirilən Plenum iclasında 7 noyabr parlament seçkilərinin nəticələrini təsdiqlədi. Qərara görə, parlament seçkiləri Seçki Məcəlləsinə və Konstitusiyaya tam uyğun keçirilib. Ayrı-ayrı dairələr üzrə 46 məntəqədə səsvermənin nəticələrinin ləğv olunması isə seçkilərin ümumi nəticəsinə təsir göstərməyib:

“QƏRAR QƏTİDİR...”

“Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və rəsmi təkzib oluna bilməz”.

Məzahir Pənahov
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da Konstitusiya Məhkəməsinin qərarından razılığını gizlətmədi.

“TƏLƏBLƏRİN HAMISI ARTIQLAMASI İLƏ YERİNƏ YETİRİLMİŞDİ...”

“Mərkəzi Seçki Komissiyasının sədri kimi Konstitusiya Məhkəməsinin qərarını yüksək qiymətləndirirəm, Komissiya adından Konstitusiya Məhkəməsinin üzvlərinə təşəkkürümü bildirirəm.

Mən hesab edirəm ki, müasir, demokratik, ədalətli, şəffaf seçkilərə qoyulan tələblərin hamısı artıqlaması ilə yerinə yetirilmişdir”.

Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasındakı üzvü Gülağa Aslanlı isə Konstitusiya Məhkəməsinin qərarını ədalətli hesab etmir:

“DEMOKRATİYANIN NÖVBƏTİ DƏFƏ AYAQ ALTINA ATILMASI”

“Qərar qabaqcadan məlum idi və məlum olduğu üçün də Milli Məclis bu gün öz yığıncağını təyin edib. Mən yenə də o fikrimdə qalıram ki, bu seçkinin nəticələrinin təsdiq olunması Azərbaycan dövlətçiliyinə və Azərbaycan xalqına yaxşı heç nə vəd etmir”.

Gülağa Aslanlı
MSK-nın 22 noyabrda təsdiq etdiyi yekun protokolu komissiyanın 18 üzvündən 17-si imzalayıb. Komissiya üzvü Gülağa Aslanlı seçkilərin saxtakarlıqla keçdiyini bildirərək yekun protokolu imzalamaqdan imtina edib. O, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı qərarını da antidemokratik adlandırıb:

“Seçkilərin nəticələri haqqında beynəlxalq təşkilatların verdikləri rəyləri nəzərə almadan bu cür qərar qəbul olunması Azərbaycanda demokratiyanın növbəti dəfə ayaq altına atılması kimi qəbul olunmalıdır”.

KİM SEÇİLDİ, KİM QALDI

2010-cu il noyabrın 7-də 4-cü çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb.

Seçici siyahılarında 4 946 588 nəfər səsvermə hüququ olan vətəndaşın adı olub. MSK seçkilərdə 2 480 205 seçicinin (ölkə üzrə seçicilərin 50,14%-i) iştirak etdiyini bildirir .

MSK 7 noyabr seçkiləri ilə bağlı 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib, DSK-lar tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı 3 olub.

Azərbaycan Milli Məclisi
Seçkilərdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə qələbə qazanmış digər şəxslər bitərəflərdir.

“AXCP-Müsavat” seçki bloku və bir sıra müxalifət partiyaları parlamentdə yer qazanmayıb və bu partiyalar seçkinin nəticələrini tanımır, yenidən seçki keçirilməsini tələb edirlər.

ATƏT-in rəhbərlik etdiyi Beynəlxalq Müşahidə Missiyası parlament seçkilərinin texniki cəhətdən yaxşı təşkil olunduğunu desə də, bu seçkinin demokratik inkişaf yönündə əhəmiyyətli addım olmadığını vurğulayıb.

ABŞ Dövlət Departamenti isə parlament seçkisinin ümumiyyətlə beynəlxalq standartlara uyğun keçirilmədiyini bəyan edib, seçki pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb olunmasına çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG