Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Moda biznesə çevriləcəkmi?


Nino Tarxnişvilinin

Son səkkiz ayda dörd moda həftəsi keçirilib. Təşkilatçılar deyir ki, belə tədbirlər həm yeni, həm də təcrübəli və tanınan dizaynerlərə öz məhsullarını cəmiyyətə tanıtmaq imkanı verir. Onların fikrincə, bu mərasimlər Gürcüstanda moda biznesinin inkişafına, onun dünya dəb sənayesinə yaxınlaşmasına yardım edir. Moda həftəsinə gələnlər sırasında alıcılarla yanaşı xarici ekspertlər də var idi.

GÜRCÜ MODASI OLMAZDI, ƏGƏR...


Moda inkişaf edir. İnkişaf edir və hətta yastıqları da qaşıqları da ardınca aparır. Ancaq bu yastıqlar başın altına qoymaq üçün deyil, onların yeri başımızın üstündədir. Bəs qaşıqlar? İndi onlarla yalnız gözəl taamların dadına dadmaq yox, hətta geyimləri də bəzəmək olar. Bir neçə vaxt öncə yastıqcıqlarla bəzənib-düzənmiş qızları həm ictimai nəqliyyatda, həm də gürcü qlamurunun toplantılarında görmək olardı.

Beləliklə, gürcü modası, çağdaş dillə desək, Georgian Fashion Milanda, Parisdə, Nyu-Yorkda keçirilən moda həftələrinin bəzilərinə qatılmayıb dünya dəbinin ardınca getməsəydi, Georgian Fashion olmazdı.

Gürcüstan Moda Həftəsinin təşkilatçıları da Tbilisi Moda Həftəsinin təşkilatçıları da dəb həvəskarlarına, ekspertlərə, alıcılara növbə ilə yaz-yay, payız-qış kolleksiyalarını təqdim edirlər.

Bu yaxınlarda yerli telekanallardan birində moda həftəsi haqqında reportajı seyr edən tamaşaçı “bu zamana qədər bu qədər dizayner harada idi bəs” deyə, heyrətə gəlib.
Tako Çxeidze


HƏR KƏS BURA DÜŞƏ BİLMİR


Bu suala cavabı Gürcüstan Moda Həftəsinin təşkilatçısı, eyni zamanda Gürcüstanın tanınan modeli Tako Çxeidze verir:

"Bizim dizaynerlərə təqdim etdiklərimiz onlar üçün çox dəbdəbəlidir. Dəb sərgiləməyin necə böyük vəsait tələb etdiyini bilməyən yoxdur. Bu xərclərin hamısını biz çəkirik. Onlar ancaq öz kolleksiyalarını yaratmaqla məşğul olmalıdırlar. Təbii, bir çox dizaynerlər moda həftələrinə qatılmağı arzu edirlər. Ancaq hər kəs bura düşə bilmir".

SÜRREALİST KOLLEKSİYA


Beləliklə, moda həftələrinin keçirilməsi tendensiyalarının artması, yeni dizaynerlərin, başqa sözlə, Newcomer-lərin üzə çıxarılması və populyarlaşdırılması məqsədi daşıyır. Onlardan biri Georgi Keburiya moda biznesində özünü sürrealizmlə təsdiq etməyə çalışır. Onun modelləri podiumda yadplanetlilərə çevrilir. (Təbii, şərti yadplanetlilərə. Onların əslində necə olduğunu kim bilir ki?) Modelyerin fikrincə, Gürcüstanda bu sektorda öz yerini tutmaq, sonra da bu işi biznesə çevirmək olduqca çətindir:

- Biz bu sahəni kommersiyaya çevirməliyik. Bu dəfə düşündüm ki, kommersiya məqsədlərinə hesablanan kolleksiya təqdim etməklə uğur qazana bilməyəcəm. Elə buna görə də sürrealist kolleksiya yaratdım. Artıq dörd dəfə moda həftəsi keçirilib. Bu, Gürcüstan dizaynerlərinin ən yaxşı təqdimatıdır. Əgər moda həftəsinin təşkilatçıları həm də buraya alıcıları cəlb etsələr, bu, gürcü dizaynerlərin xeyrinə olar.

Bir qədər də alıcılar, daha dəqiqi dizaynerlərin kolleksiyalarının həvəskarları haqqında danışaq. Onların müsbət köklənməsi çox arzuolunan və əlverişli qiymətləndirmə olardı. Məhz alıcılar hər hansı dizaynerin kolleksiyasını gələcəkdə gəlir qaynağına çevirə bilir. Parisdə doğulub böyüyən Roma Braunun Belçikada mağazaları var. Gürcüstana o, yeni tapıntılar üçün gəlib. Brau etiraf edir ki, hər işə çox tənqidi yanaşır, ancaq bir-iki maraqlı dizayner tapmaq olar:
Tbilisidə Moda Həftəsi

DİZAYNER ÇOX OLSA...


“Deyə bilmərəm ki, hər şey xoşuma gəldi. Burada yetərincə geniş spektr, fərqli tərzlər, fərqli yaş qrupları, fərqli zövqlər üçün geyimlər var. Mən iki-üç xanımın əl işlərini fərqləndirərdim. Əminəm ki, bəzi gürcü dizaynerlərə işgüzar təkliflərim olacaq”.

Öz ekstravaqantlığı və özünəməxsus ideyaları ilə dizaynerlər arasında seçilmək istəyən Biçola deyir ki, Gürcüstanda nə qədər çox dizayner olsa, Gürcüstan cəmiyyətinin onlardan ən yaxşısını seçmək şansı da daha çox olacaq.

“Bazar işləyir. Xeyli yeniyetmə dizayner olmaq arzusundadır. Bu yaxşıdır, moda sənayesi inkişaf edəcək. Ən əsası isə gənclərin zövqü formalaşdırmaqdır. Onlar mədəniyyət yaratmalıdırlar. Ən əsası elə budur”.

İrina Onaşvili 13 yaşından podiumdadır. Artiq 11 ildir moda sahəsində çalışan İrina indi “Fişen Şarm” moda agentliyinin direktorudur. Onun sözlərinə görə, bu illər ərzində moda biznesə qismən çevrilə bilib, ancaq Avropa standartlarına çatmağa hələ çox var:

MODA BİZNESƏ ÇEVRİLƏCƏKMİ?


“Bir əsr öncə modanı biznesə çevirməyi bacaran ölkələrlə yanaşı durmaq çətindir. Biz bu sahəni yeni-yeni inkişaf etdirməyə başlayırıq. Ona görə də çox irad səsləndirə bilmərik. Bizdə bənzətmə də var, uğurlar da, bu məni sevindirir”.

Fotoqraf Quram Sibaxaşvili deyir ki, modellərin professionallığı diqqətdən kənarda qalmamalıdır. Onun sözlərinə görə, gürcü modellərlə işləyəndə bir sıra üzdə olan problemlərlə qarşılaşır:

"Onların formalarında problem var. Mən onları anlayıram. Qərbdə modellik sənət və biznesdir. İnanmıram ki, bu, Gürcüstanda da biznes ola biləcək".

Bu il Gürcüstanda dörd dəfə moda həftəsi keçirilməsinə gəlincə, bu, yalnız və yalnız dəb sənayesinin inkişafından xəbər verir. İnkişaf edir və avanqardlığı, ekstravaqantlığı ardınca aparır, yeni geyimlər yaradır. Əgər hansısa bacarıqlı gürcü dizaynerindən geyim almaq mümkün deyilsə, bunu problem etməyin, balaca yastıqcıqlar tikmək ki problem deyil? Balaca parçaların içərisinin pambıqla doldurub onları paltarınıza, saçınıza taxın. Əmin olun, dəb sizin tərəfinizdə olacaq.
XS
SM
MD
LG