Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:20

Çingiz Qənizadə: «Heç bir halda mandatdan imtina etmərəm»


Çingiz Qənizadə
Çingiz Qənizadə
Hüquq müdafiəçisi Çingiz Qənizadə AzadlıqRadiosuna müsahibə verib. O, müsahibədə millət vəkili kimi parlamentdə özünü necə təsəvvür etməsindən danışıb.

- Çingiz bəy, parlamentə hansı əhvalla, hansı planlarla gedirsiniz?

- Yüksək əhval-ruhiyyə və böyük bir məsuliyyət hissi ilə gedirəm parlamentə. Məqsədim orada yalınız əyləşmək, yaxud ara-sıra nəyəsə münasibət bildirməklə işini bitmiş hesab edən bəzi indiyə qədərki millət vəkillərindən fərqli olaraq, parlamentin bütün işlərində, hətta üzvü olmadığım digər komitələrin də toplantısına qatılıb qanun layihələrinin müzakirəsində, qanunların qəbulunda, parlamentlərarası işçi qruplarda və sair işlərdə yaxından iştirak etmək, qanunverici orqanın fəaliyyətinə öz töhfəmi verməkdir.

- Hansı komitədə calışmağa üstünlük verərdiniz?

- Bir alim, hüquq elmləri namizədi kimi Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinə üstünlük verərdim. Amma mən hüquq müdafiəçisiyəm. Ona görə İnsan Hüquqları Komitəsində də fəaliyyət göstərə bilərəm. Amma nəzərə alsaq ki, mən deputat olmaqla yanaşı insanların bu sahədə problemlərinin həllinə yardım işimi onsuz da davam etdirəcəm, bu baxımdan birinci komitədə daha çox fayda verə bilərəm.

- Bəzən bir hüquq müdafiəçisi olaraq sizin daha çox hakimiyyətin maraqlarına xidmət etdiyiniz barədə fikirlər səslənir. Parlamentdə özünüzü daha çox hansı düşərgədə görürsünüz?


BU CÜR İDDIALAR MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏN GƏLİR

- Bu cür iddialar adətən mənə müxalifət düşərgəsindən gəlir. Çox təəssüf ki, bəziləri hakimiyyət nümayəndələrinə və orqanlarına sivil yanaşma formasını gördükdə qısqanclıq hissi keçirirlər və hesab edirlər ki, bu hakimiyyətə yarınmaq deməkdir. Mütləq hakimiyyəti söymək, yaxud da onları tənqid etmək lazımdır. Məqsədə nail olmaq – baş verən hadisənin qarşısının alınması, yaxud bərpası üçün yanaşma əxlaqi dəyərlərdən kənara çıxmamalıdır. Və məsələnin sivil formada, normal, bir masa arxasında inandırmaqla həllinə nail olmaqdır. Şükürlər olsun ki, insah haqlarının qoruyucusu kimi digər hüquq müdafiəçilərindən fərqli olaraq təmsil etdiyim Monitorinq Qrupundakı həmkarlarımla birlikdə biz daha çox insanlara yardım edə bilirik. Parlamentə gəlincə, seçkilərdən əvvəl və seçkilər dövründə mənə həm iqtidardan, həm də hakimiyyətyönlü partiyalardan müraciətlər oldu ki, “namizədliyini müəyyən bloklardan verək”. Mən bitərəfliyimi qorumaq üçün buna razı olmadım. Hətta digər namizədlərini çəkib məni dəstəkləyən bəyanatlar da verməyə hazır idilər. Amma yenə də imtina etdim. Ona görə də əgər parlamentdə hansısa məsələdə mənim mövqeyim fərqi yoxdur iqtidar ya müxalifət təmsilçiləri olsun, kiminlə üst-üstə düşərsə, təbii ki, daha çox həmin məqama üstünlük verəcəm. Hesab edirəm ki, parlamentdə bloklardan kənarda qalmaqla da çox iş görmək mümkündür və mən bunu sübut edəcəm.

- Zəruriliyinə əmin olduğunuz təklifinizə qarşı parlament çoxluğu – hakim partiya əks mövqe qoysa, onda necə etmək lazımdır sizcə
?

ÇIXIŞ EDƏCƏM

- Belə halda mən təklifimin müzakirəsinə imkan yaradılması üçün çıxış edəcəm. Bunu qışqırmaqla, şou düzəldərək guya yüz minlərin sözü kimi deməklə yox, həmin məsələnin ölkə üçün əhəmiyyətini izah etməklə çatdırmağa çalışacam. Mənə elə gəlir ki, məsələnin məğzinin izahı ayrı-ayrı adamlarda inam yarada bilər. Mən hakim partiya, yaxud müxalifətlə üst-üstə düşməyən, doğru bildiyim məsələdə öz mövqeyimdə qalacam.

- Hansı halda mandatdan imtina edərsiniz?

HEÇ BİR HALDA

- Heç bir halda. Çünki deputatlıqdan imtina etməklə heç nəyə nail olmaq mümkün deyil. Parlamentdə olmaq, xalq üçün əhəmiyyətli məsələlərin rəsmiləşdirilməsi prosesində iştirak etmək daha vacibdir, nəinki küsmək, istefa vermək, dondurmaq və s.

- Adətən seçicilər deputatlarını tapa bilməmələrindən şikayətlənirlər.

- Hazırda Azərbaycanın həddən çox dairələrində belə umu-küsülər var. Və mən bu buzu da sındıracam. Sübut edəcəm ki, millət vəkili vaxtından, imkanından asılı olmayaraq həmişə seçicilərinin yanında ola bilər.

- İlk növbədə hansı məsələləri parlamentdə qaldırmaq fikrindəsiniz?

JURNALİSTLƏRİN DOSTU OLARAQ...

- İstərdim əhalinin sovet dövründən banklarda qalan əmanətləri qaytarılsın, müəllimlərin, həkimlərin əməkhaqqına yenidən baxılsın, xalqın əxlaqına, mənəviyyatına və inancına yad olan şou proqramların televiziyalardan yığışdırılması məsələsi hansısa formada həllini tapsın. Mərasimlərlə bağlı qanun qəbul edilsin, heç olmasa hər il bir dəfə jurnalistlərə mənzil tikintisi üçün vəsait ayrılsın (mən həm də jurnalistlərin dostu olaraq bu məsələni diqqətdə saxlayacam).

- Baxılacaq, müzakirə ediləcək, qəbul olunacaqmı sadaladıqlarınız, necə düşünürsünüz?

- Ən azı belə hesab edirəm ki, hakim partiyada da xeyli sayda mənim kimi düşünən insanlar var. Mənim hakimiyyət və bitərəflər, həm də normal müxalifət olanlar (radikallığı qəbul etmirəm) arasında çoxlu dostlarım var. Düşünürəm cay süfrələrində, masa arxasında bu fikirləri yetişdirib parlamentə çıxarda biləcəyik və çalışacağıq ki, arzu etdiyimiz hər 5-6 sənəddən, 2-3-ü heç olmasa qanun şəklində qəbul olunsun.

- Adətən müxalifət parlamentdəki bitərəf deputatları da hakimiyyət təmsilçiləri adlandırır. İndiyədək dedikləriniz sizi hakimiyyətin yanında olan deputat kimi səciyyələndirir ya yox?

CƏMİYYƏTİ PARÇALAMAĞIN ƏLEYHİNƏYƏM

- Qətiyyən. Hesab edirəm ki, “ya mənim kimi kənarda qalmalısan və yaxud lüt olmalısan, ya da bir az irəlidəsənsə sən artıq başqalarındansan” kimi bolşevik təfəkküründən uzaq olmaq lazımdır. Mən cəmiyyəti parçalamağın əleyhinəyəm. Mən necə varam, eləcə də özüm olaraq qalacam. Əgər mənim arzuladığım məqamları iqtidar dəstəkləyəcəksə, onların yanında olub səs verəcəm. Müxalifət partiyasının münayəndələri dəstəkləsə, onların yanında olacam. Təki mənim arzu etdiyim qanunların rəsmiləşməsi həyata keçsin. Bunun üçün hər iki tərəflə danışıqlar aparmaq lazımdır və inanıram ki, sadaladığım məsələlərin bir neçəsi bu parlamentdə öz həllini tapacaq.

- Müxalif düşərgədə hesab edirlər ki, bu parlamentdə müxalifət yoxdur.

SİYASƏTDƏN UZAĞAM

- Mən siyasətdən uzağam və ənənəvi deyilənə də, hazırda parlamentdə təmsil olunan müxalifətə də, hakim partiyanın rəhbərlərinə də - hamısına böyük hörmətlə yanaşıram. İqtidar da müxalifət də siyasi bəyanatlar verə bilərlər. Çünki onlar siyasi təşkilatlardı. Mənsə bu cür bəyanatları, bu cür yanaşmanı şərh etmək istəmirəm. Mən özüməm və tək, fərdi qaydada parlamentə iddialı olmuşam və düşmüşəm. Orada da bitərəfliyimi qorumaqla mütərəqqi qanunların qəbulunda yaxından iştirak edəcəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG