Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:12

Koreyada «müharibə təxribatı»


Hücum olunan ada Cənubi Koreya paytaxtı Seuldan cəmi 120 km aralıdır
Hücum olunan ada Cənubi Koreya paytaxtı Seuldan cəmi 120 km aralıdır
“Müharibə təxribatı” - 1977-1981-ci illərdə Amerika prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri olan Zbiqnev Bjezinski “Financial Times” qəzetində Şimali Koreyanın Cənubi Koreyanın adasını artilleriya atəşinə tutmasını məhz belə adlandırır.

Şimali Koreyanın bu artilleriya atəşində iki əsgər, iki dinc sakin ölüb. Mülki əhalidən onlarla yaralanan var. Hücum olunan ada Cənubi Koreya paytaxtı Seuldan cəmi 120 km aralıdır.

Cənubi Koreya cavab atəşi açıb.

ABŞ KÖMƏYƏ GƏLİR

Amerika prezidenti Barak Obama özünün Cənubi Koreyalı həmkarına zəng vurub və deyib ki, Birləşmiş Ştatlar Cənubi Koreya ilə çiyin-çiyinə dayanır. Obama Şimali Koreyanın hərəkətini pisləyib, ancaq daha çox Çinin göstərə biləcəyi kömək üzərində dayanıb.

O deyib ki, Şimali Koreyanın vaxtaşırı sabitliyi pozma cəhdlərinin azaldılmasında Çinin köməyi vacibdir.

Amerika rəsmilərinin dediyinə görə, hazırda hökumət bu istiqamətdə Çinə təzyiq göstərir.

Eyni vaxtda Amerika həftəsonuna Cənubi Koreya ilə birgə hərbi-dəniz təlimləri təyin edib. Bu da Şimali Koreyanı gələcək aqressiv addımlardan çəkindirməlidir.

Hazırda Amerikanın əsas çalışdığı müharibə təhlükəsini sovuşdurub, münaqişəni diplomatik məcraya yönəltməkdir.

Burda isə Amerika Şimali Koreyanın hərəkətinə vahid mövqedən cavab verilməsinə çalışır.

Barak Obama Vaşinqtonda Koreyada yaranmış vəziyyətlə əlaqədar iclas edir - 23 noyabr 2010
Dövlət Departamentinin sözçüsü Mark Toner:

“Biz ölçülüb-biçilmiş, vahid mövqedən yanaşma istəyirik. Bizim Çinlə birgə işləmək fikrimiz var, biz Şimali Koreya ilə nüvə danışıqlarında iştirak edən bütün tərəfdaşlarımızla birgə işləyəcəyik. Ancaq yenə qeyd edim ki, bu, ölçülüb-biçilmiş, vahid cavab olacaq”.

PXENYAN YENƏ YARDIM QOPARMAQ İSTƏYİR?

“Associated Press” agentliyinin məlumatına görə, Amerika rəsmiləri onu da bildirirlər ki, Şimali Koreya hər dəfə belə təxribatlarla beynəlxalq aləmdən yardımlar qoparır, bu dəfə Ağ Ev təxribata güzəştlə cavab vermək praktikasına birdəfəlik son qoymaq əzmindədir.

Yaponiya hökuməti isə özünün fövqəladə yığıncağını çağırıb. Baş nazir Naoto Kan deyib: “Vəziyyəti yoluna qoymaq üçün Yaponiya Cənubi Koreya və Birləşmiş Ştatlarla sıx əlaqədə işləyəcək. Biz həmçinin Şimali Koreyaya böyük nüfuzu olan Çinlə danışmağı da planlaşdırırıq və Şimalın hücumuna Çinin müvafiq mövqe tutmasına çalışacağıq”.

Çinin mövqeyi niyə belə vacibdir? – Çünki Şimali Koreyanı dünyada müdafiə edən yeganə böyük dövlət Çindir. Çinlə ticarət və Çinin maliyyə yardımı Şimali Koreyanın ayaqda durmasında həlledici rol oynayır. Keçən il Şimali Koreya ilə Çin 2 milyard 700 milyon dollarlıq mal alıb-satıblar.

KİM GÜCLÜDÜR?


Şimali Koreyalı əsgərlər
Müharibə ehtimalı yarandığına görə, “Reuters” agentliyi münaqişə zonasında silahların və qoşunların müqayisəsini verir. Şimali Koreyanın 1 milyon 190 minlik qoşunu var. 7 milyon adam ehtiyatdadır. Cənubi Koreyanın ordusu 687 mindir. Ehtiyatda 4 milyon 500 min adam var.

Ancaq Cənubi Koreyada 28 min Amerika əsgəri yerləşir.

Şimali Koreyanın 800 ballistik raketi və 1000 adi raketi var. Şimali Koreyadakı bütün hədəfləri vura bilən raketləri isə Cənubi Koreya bu yaxınlarda yerləşdirməyə başlayıb.

Ehtimal olunur ki, Şimali Koreyanın 50 kiloqram plutoniumu var. Bu, 6 atom bombasına kifayət edir.

Cənubi Koreyanın atom bombası yoxdur. Ancaq Vaşinqton Seula “nüvə çətirinə” söz verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG