Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:28

İsaxan Aşurov: «Azərbaycan polisində vakant yer yoxdur»


İsaxan Aşurov
İsaxan Aşurov
Vəkil İsaxan Aşurovun AzadlıqRadiosuna müsahibəsi.

- İsaxan bəy, bloqqerlər azad olunandan sonra bəzi ümidlər yaranmışdı ki, jurnalist Eynulla Fətullayevin də apellyasiya şikayətinə baxılıb, onun azad olunması qərarı verilə bilər. Bu ümidlər nə qədər realdır?

- Apellyasiya Məhkəməsinə bəslənən ümidlər, əlbəttə, doğru olmazdı. Mən buna inanmırdım.

- Avropa İnsan Haqları Məhkəməsi əvvəlki ittihamlarla bağlı qərar verdiyi kimi, narkotik ittihamı ilə bağlı qərar versə ki, Eynulla Fətullayev azad olunmalıdır, jurnalist azadlığa buraxılacaqmı? Yoxsa, ona kimi daha bir ittihamla yeni həbs cəzası veriləcək? Necə ki, narkotik ittihamı sonradan yarandı.

- Mənə belə gəlir ki, o iş Avropa İnsan Haqları Məhkəməsinə çatmamış Azərbaycan Eynulla Fətullayevi buraxa bilər. Və buraxsa, daha yaxşı olar.

HAKİMLƏRİN ÇOXUNUN TƏHLÜKƏSİZLİK TƏMİNATI YOXDUR

- Beynəlxalq hesabatlarda, o cümlədən ABŞ Dövlət Departamentinin insan haqları hesabatlarında Azərbaycanda ən çox tənqid olunan polisdir, sonra məhkəmələrdir. Azərbaycan məhkəmələri niyə belə işləyir?

- Azərbaycanda məhkəmələrin belə pis işləməsinin çox dərin kökləri var. Çünki hakimlərin əksəriyyəti beynəlxalq müqavilələrin və Avropa İnsan Haqları Məhkəməsinin müəyyənləşdirdiyi testlərin tələblərini bilmirlər.

Hakimlər qərar verərkən müstəqil ola bilmirlər. Bu da onunla bağlıdır ki, onların çoxunun təhlükəsizlik təminatı yoxdur.

ÜMİD ETMƏLİYİK

- Azərbaycanda məhkəmələr mövcud siyasi hakimiyyət sisteminin tərkib hissəsidir, yoxsa tərkib hissəsi deyil, ancaq siyasi hakimiyyətin dediyi ilə hesablaşmağa məcburdurlar?

- Böyük mənada məhkəmələr elə mövcud cəmiyyətin tərkib hissəsidir. Əslində cəmiyyətin özündə də məhkəmə hakimiyyətinin bu cür olmasına qarşı elə də böyük narazılıq ifadə edilmir.

Siz əvvəldə polisi dediniz, mən çox təəssüf hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan polisində vakant yer yoxdur, boş yer yoxdur. İnsanlar polisə öz oğullarını, qohumlarını düzəltmək istəyirlər.

- İsaxan bəy, Azərbaycanda vəkil məhkəmənin nəticəsinə təsir edə bilirmi? Nə qədər təsir edir?

- Birmənalı şəkildə təsir edə bilir. Vəkil hər hansı bir iş üzrə ittihamların əsassızlığını sübut edən bir hüquqi baza yaradır. Hakimlər qəlblərinin çox dərin guşəsində bunu çox gözəl başa düşürlər. Ki, onlar haqsızdırlar, əks qərar verəcəkləri halda.

- Siz dediniz ki, məhkəmələr cəmiyyətin bir hissəsidir. Cəmiyyət düzəldikcə, məhkəmələrin bu problemləri də aradan qalxacaqmı?

- Biz buna ümid etməliyik. Bu, yəqin ki, belə də olacaq. Çünki insanlar onda daha belə polisi, belə məhkəməni istəməyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG