Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Səhər. Həyatın təkrar nəşri


BİZİM KEÇƏN DƏRSİMİZ

Bütün münaqişələr anlamsız, bütün müharibələr ədalətsiz.

Kütlə heç kimə azarkeşlik etmir, sadəcə qızğın oyun tələb edir və bir də gözünü qan örtmüş oyunçu.

Bir gün onu da ipə götürmək ücün, onun da edam səhnəsini eyni həyəcan və ehtirasla izləmək üçün.

Məşhur bir mahnıda deyildiyi kimi: “Göz yaşı, ümid və ehtiras” (Sonuncu sözün altından xətt çəkmək də olar). Bəli, budu həyat, elə budu.

Indi heç kimin repertuarında “Kim haqlıdır?” sualı gözə dəymir, indi klassik üslublar dəbdə deyil, dəbdə olan yalnız zövqlərdir, vəhşi və “avanqard” zövqlər.

Artıq çoxdandır həyat mübarizə deyil, müharibədir, özü də bütün hallarda ədalətsiz, heç nəyə tabe olmayan müharibə, yəni qaydasız döyüş – yalnız ən güclünün sağ qalacağı qladiator döyüşü.

Bəlkə yenidən lap əvvələ qayıtmışıq, hələ sualların meydana gəlmədiyi ən qədim dövrə.Axı inkarı imkar qanununun sonu elə əvvəldir.

Yenə dairə alınır, neyləyək, dünya özü kürə şəklindədir, lap sirk səhnəsi kimi.

Burda ancaq fırlanmaq mümkündür, həm də necə gəldi yox, öz oxun ətrafında.

Bütün münaqişələr anlamsız. Kim deyər, nə oynanılır, bu oyunun uduşu nədir, burda kiminsə qazana biləcəyi, özüylə apara biləcəyi, bir-birindən qopara biləcəyi nə var?

Hanı eşidən, hər kəs öz sahəsində “otlamaq” və “ovlamaq”da, öz ovunu pusmaqda, öz rəqibinin məhviylə məşğul.

Neynək, oyunçu aparsın! Qatılmaq istəyən varmı?

Hər an yeni qurban tələb olunur.

Mağaza və ofislərdə “xadimə qız” tələb olunan kimi. İşinizdə olun, bəs necə, ov ovlamaq, quş quşlamaq, ot otlamaq lazımdır.

Üzünü çevirmək və izdihamı yara-yara bu tamaşadan uzaqlaşmaqdan başqa çarə yox.

Arxada qələbəlik və səs-küy, öndə boşluq və sükut, icində qəzəb və ikrah. “Misilsiz, vəhşi şənliklər, mənim sayıqlamalarım umudsuz”.

Həqiqət - həyatla tərs mütənasib.

Bütün müharibələr ədalətsiz.

Homerdən üzü bəri uzun əsrlər ədəbiyyatı bunu söyləməkdən yoruldu: “Mən adına insan qanı töküləcək bir ideal tanımıram”- deməkdən.

Amma heç kim dinləyici deyil, hamı seyrçidir. Hamı yaxşı oyun tələb edir, yalnız yaxşı oyun.

Tarixin bizə verdiyi ən böyük dərs isə ibrət dərsidir. Kim deyər, bizim keçən dərsimiz nə olmuşdu?


HƏYATIN TƏKRAR NƏŞRİ

Həyat bir neçə notdan və onun çoxlu təkrarından ibarət, uzun , üzücü bir nəqarət. Bu gün bayram, sabah matəm.

Onları nə vaxt yaşadın ki, indi ildönümləri yaxandan əl çəkmir.

Bu yaşadığın həyatın əsli deyil, bəlkə, surətidir, bəs onda hanı bu həyatın əsli?

Uzun, üzücü bir nəqarət. Sən yenə solo oxumaq istərdin, lakin imkansız, “Bir çayda yalnız bir dəfə çimmək mümkündür”.

Sən özündən ən azı yaşca nə qədər böyük olan bu fikri dəyişə bilməzsən, onunla döyüşə bilməzsən.

Sən ancaq onunla barışa bilərsən.

Bilirəm, çətindir, çoxdan sözə çevrilmiş, dirnağa alınmış bu fikirlərin əhatəsində yaşamaq.

Uzun, üzücü bir nəqarət. Cəmiyyətdən kənar, xəyali səhralar çoxdan zəbt edilmiş, “yeni torpaqlar” kəşf olunmuş, dənizlər keçilmiş, göylər ayaqlanmış.

Körpülər dilənçilərin, parklar , küçələr səfillərin.

Burdan qaçmağa yer yox, qanad açmağa yer yox, bayraq sancmağa yer yox, nə meydan var, nə zindan. Qürbət də özgələrin, Vətən də.

Uzun, üzücü bir nəqarət. Əsrlərdir bir şairin salamını “rüşvət deyildir deyə” almayanların içində yaşamaq qədər üzücü.

Ədalətin nə vaxtsa qalib gələcəyi fikri ən axmaq və ən qoca ümid. İnsanın ən böyük rəqibi zaman, onun üçünsə ən dəyərsiz olan insan düşüncələri.

Tarixin ən arxaik sözü “ Azadlıq”. Piyadalar ən yaxşı halda vəzirə çevrilər, şaha yox.

Daha heç bir quldan Spartak olmaz, ən böyük qul və ən böyük məğlub odur.

Bu dünyada məğlubiyyətlər də təkrardı və təkrar məğlubiyyətin “anası” deyil, balasıdır və balaladıqca cılızlaşar məğlubiyyətlər.

Nədən “Bir çayda yalnız bir dəfə çimmək mümkün”, niyə ikinci şans yox, “Bəxtini bir daha sına” yox, axı niyə dırnağa ( hasara ) alınmış fikirlər bu qədər acımasız?

Bir gün bütün suallar bitəcək, səni də bu oyundan, bu çayın axınından sahilə atacaqlar.

Onda kimin süfrəsinə, kimin mədəsinə düşməyin nə fərqi?

Bu qəmi yemə, dünyanın bu iylənmiş qəmini, səni udan o balıq da özündən böyüklərin yemidi...

Heç bir ömür bitmiş fikir deyil, onsuz da, cünki heç bir fikir bitmir, əslində.

Bu dünyada ölümlər belə təkrardı, ölümlərin belə surəti çıxarılmış.

Torpaq heç kimdən adını soruşmur, sonda hamı onunçün naməlum bir insan cəsədidir.

Və deməli, sonda gülən yenə də zamandır və elə ən kədərlisi də onun məhz sonda gülməsidi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG