Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Bayramı necə keçirirsiz?


Ötən ilə baxanda 2010-cu ildə bahalıqdır
Noyabrın 16-ı, 17-i və 18-i müsəlmanlar İslamın müqəddəs bayramlarından biri olan Qurban bayramını qeyd edir. İslama görə, hər bir müsəlman bu günlər sağlam bir heyvanı qurban kəsməli, onu imkanı olmayan 7 ailəyə paylamalıdır.

Bəs, Azərbaycanın müsəlman əhalisi bayramı necə qeyd edir? Əhalinin qurbanlıq qoyun almaq imkanı varmı? Suallarımıza cavab almaq üçün Bakının mərkəzində yaşayan bir ailənin qonağı olduq. 7 nəfərlik ailədə 3 nəfər işləyir. 2 nəfər məktəbli, digər 2 nəfər isə işsizdir. Ailənin başçısı 38 yaşlı Sadiq Sultanov bahalıqdan gileylidir:

ŞƏRİKLİ QURBANA ÇOX ADAM QOŞULMUR

- Ötən ilə baxanda 2010-cu ildə bahalıqdır. Dolanışıq normaldan o dərəcədə aşağıdır ki, biz xırda bir heyvan alıb Qurban bayramında kəsə bilmədik.

- İslam qanunları bir neçə nəfərin birləşib bir qurbanlıq heyvan almasına da icazə verir. Bir neçə şəriklə qurban kəsmək imkanınız da yoxdur?

- Şərikli qurbana çox adam qoşulmur. Kiməsə təklif edəndə hansısa problemlərini əsas gətirib boyun qaçırırlar.

- Bu gün süfrənizdə ət varmı?

- Allaha şükür, qazanımız hələ qaynayır.

Dərnəgül qəsəbəsindəki satış məntəqəsinə də baş çəkdik. Bura Qarabağdan məcburi köçkünlərin məskunlaşdığı və yaşayış binalarının yerləşdiyi bir ərazidir. Artıq bir neçə gündür səyyar heyvan satışı aparıldığı üçün ətrafda antisanitariya hökm sürürdü. Qoyunlar elə bu ərazidə kəsildiyi üçün qan iyi, cəmdək tullantıları ətrafı bürümüşdü. Yaxınlıqda kanalizasiya sistemi olmadığından qəssablar heyvanları kəsəndən sonra bir-iki vedrə su axıdıb qanı elə magistral yola tərəf axıdırdılar.

Qoyunlar elə bu ərazidə kəsildiyi üçün qan iyi, cəmdək tullantıları ətrafı bürümüşdü
Bazarda alıcıdan çox satıcı gördük. Söhbət etdiyimiz alıcı Vaqif Səlimov dedi ki, yarım saatdır axtarmasına baxmayaraq qurbanlıq ala bilmir.

BAHALIQDIR

- Bahalıqdır. Nə var, nə də tapaq?

- Qurbanlıq almaq üçün nə qədər vəsait ayırmışdız?

- 100 manat ayıra bilmişdim. Bazarda da 100 manata qurbanlıq qoyun tapmaq mümkün deyil. Bahalıqdır.

Alıcılar kimi satıcılar da gileylidir - müştərilərin azlığından.

BAZARA GƏLƏN YOXDUR

- Vəziyyət keçən bayrama baxanda çox pisdi. Alıcı yoxdur.

- Neçə heyvan gətirmişdiz?

- 30 qoyun gətirmişdim. Yarısını sata bilmişəm. Gələnlər 80-100 manat arası qoyun almaq istəyir. Biz də heyvanı rayondan almışıq 110-120 manata. Heç olmasa, 10 manat qoymalıyıq üstünə, ancaq alıcılar deyir ki, imkan yoxdur ucuz verin.

- Hansı rayondan gətirirsiniz qoyunları?

- Beyləqandan. Rayonda kilosunu 7 manata almışıq. Hər kiloqramın üzərinə 50 qəpik qoyuruq.

- Bəs indi bazarda 18-20 kiloqramlıq xırda buynuzlu heyvanın orta qiyməti neçəyədir?

- 110-120 manata. Problem odur ki, bazara gələn yoxdur. İnsanlarda pul yoxdur.

HEYVANLAR YOLDA YOXLANILIB

Heyvanların sağlamlığından tutmuş ətrafdakı sanitar duruma qədər hər şey nəzarətdədir
Satıcılardan təxminən 300-400 qoyun satılan ərazidə baytar nəzarətinin olub-olmadığını soruşduq. Bildirdilər ki, heyvanlar yalnız paytaxta gətirilərkən yolda yoxlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə deyir ki, nazirlik bazardakı durumu nəzarətdə saxlayır. Heyvanların sağlamlığından tutmuş ətrafdakı sanitar duruma qədər hər şey nəzarətdədir. Onun sözlərinə görə, şəhərdəki satış məntəqələrində keçirilən reydlərdə ciddi problemlər aşkarlanmayıb. Nazirlik təmsilçisi dediklərinə sübut kimi şəxsi təcrübəsindən də danışır:

- Mən 15 kiloqramlıq qoyunu 100 manata aldım. Düzdü, bəzən sui-istifadə hallarına rast gəlinir. Ancaq bu müqəddəs bayramdır, gərək buna yol verilməsin. Baytarlıq xidməti bir neçə gündür gücləndirilmiş iş rejimində işləyir. Qurbanlıq heyvanların bütün satış məntəqələrində baytarlıq xidmətinin əməkdaşları satılan heyvanların sağlamlığına nəzarət edir.

ƏRAZİLƏR GÜNDƏ BİR NEÇƏ DƏFƏ YIĞIŞDIRILIR

Bakı Baş Baytarlıq İdarəsinin sədr müavini Vəli Qarayev də deyir ki, satışa çıxarılan heyvanlar sağlam, qiymətləri isə bazar qiymətlərinə münasibdir. Səyyar satış yarmarkalarındakı antisanitar duruma gəlincə, V.Qarayev deyir ki, məsələ ilə bağlı icra hakimiyyəti orqanları ilə sıx işbirliyi qurulub. Ərazilər gündə bir neçə dəfə yığışdırılır. Artıq noyabrın 17-dən bütün ərazilər tam yığışdırılacaq.
XS
SM
MD
LG