Mərkəzi Seçki Komissiyası noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu quruma daxil olmuş müraciətlərə baxıb. MSK katibi Natiq Məmmədov deyib ki, 30 saylı Suraxanı seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının MSK-ya göndərdiyi şikayət ərizəsində imza ilə bağlı problem yaranıb və onun şəxsiyyət vəsiqəsindəki imzası ilə şikayət ərizəsindəki imza arasında fərq müşahidə olunub. Ona görə də imzanın doğruluğu yoxlanılmalıdır.
MSK qərara alıb ki, şikayət ərizəsindəki imza yoxlanılmaq üçün xətşünaslıq ekspertizasına göndərilsin.
Komissiyanın iclasında baxılan 5 müraciətdə tələb aydın olmadığından, 3-də isə qanunla müəyyən olunan şikayət vermə müddəti keçdiyindən sənədlər ərizəçilərə qaytarılıb, 1 şikayət isə aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib, digərlərinin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib.
MSK sədri Məzahir Pənahov deyib ki, daxil olan şikayətlər ekspert qrupu tərəfindən əhatəli şəkildə araşdırılır və bütün subyektlər üzrə aidiyyatı sənədlər toplanır.