Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

«Güc qurumlarının birgə bəyanatı təqsirsizlik prezumpsiyasını pozur»


Xanlar Hacıyev
«Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı son işlərdə nəinki həbs-qətimkan tədbirinin seçilməsi, həm də bu tədbirin zaman-zaman uzadılması hallarına çox rast gəlinir».

Azərbaycanı Avropa Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyev Azərbaycan Konstitusiyasının 15 illiyinə həsr olunmuş konfransda ümumi problemlərdən danışarkən belə deyib. O hesab edir ki, belə halları Konstitusiya Məhkəməsi də öz təcrübəsində şərh edə bilərdi.

X.Hacıyev hüquq-mühafizə orqanlarının birgə məlumat yaymasının da təmsil etdiyi qurumda sual doğurduğunu bildirir. Onun sözlərinə görə, Avropa Məhkəməsi Azərbaycanla bağlı son iki işdə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 6-cı maddəsinə (Ədalətli məhkəmə araşdırması hüququ) uyğun təqsirsizlik prezumsiyasına aid pozuntu tapıb. Əslində, bu, məhkəmələrin səhvi olmasa da, hakim olmaq istəyən hər kəs bunun pozuntu olduğunu bilməlidir:

BİRGƏ MƏLUMAT SUAL DOĞURUR

«Bəzən hüquq-mühafizə orqanları istintaqın gedişatı ilə bağlı cəmiyyətə məlumatı elə şəkildə verirlər ki, artıq insanın təqsirlilik məsələsini həll etmiş olurlar. Hələ onu demirəm ki, bəzən ayrı-ayrı hüquq-mühafizə orqanları birləşib bir bəyanat verirlər. Bunun özü də hüquqi tərəfdən sual doğurur. Ona görə ki, prosessual baxımdan, konstitusion baxımdan hər bir hüquq-mühafizə orqanının öz funksiyası var. Əgər bu hüquq-mühafizə orqanlarının biri axtarışla məşğuldursa və digəri ona nəzarət edirsə, onların birləşib istintaq barədə məlumat verməsi məncə sual doğurur».

Xanlar Hacıyevin sözlərinə görə, Avropa Məhkəməsi heç vaxt deməyib ki, baş verən cinayətin istintaqının necə aparılması ilə bağlı insanlar məlumatlandırılmalıdır. Ancaq bununla belə, əgər məlumat verilirsə, məlumatın sözləri elə seçilməlidir ki, orada şəxsin təqsirlilik məsələsi əvvəlcədən həll
Baş Prokurorluq
olunmasın.

DİN-İN SÖZÇÜSÜ: BİZİ ÜMUMİ MƏQSƏD VƏ MƏNAFELƏR BİRLƏŞDİRİR


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə deyir ki, güc qurumlarının funksional vəzifələri fərqli olsa da, onları cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini, insan hüquqlarının qorunması və sair bu kimi ümumi məqsəd və mənafelər birləşdirir. Həqiqətən də bəzən DİN, MTN və Baş Prokurorluq hansısa istintaqın gedişi ilə bağlı birgə məlumat yayırlar. Amma bu konkret situasiyada – yəni iki halda baş verir:

«Biz, prokurorluq və milli təhlükəsizlik orqanları ilə daha çox ağır cinayətlərin istintaqı başa çatdıqdan və həmin faktlar üzrə saxlanılmış şübhəli şəxslərin təqsiri istintaq yolu ilə tam sübuta yetirildikdən sonra birgə məlumat yayırıq. Bəzən də elə olur ki, ağır cinayətlər baş verən zaman-məsələn, qəsdən adam öldürmə və sair bu kimi faktlar olanda müxtəlif məqsəd və mənafelərə qulluq edən KİV-lər birtərəfli, natamam, qərəzli məlumatlar verməklə bizi birlikdə məsələyə aydınlıq gətirməyə vadar edirlər».

«BU, QANUNVERİCİLİKDƏ TƏSBİT EDİLİB»

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə həbs-qətimkan tədbirinin uzadılması məsələsinə cavab olaraq bildirir ki, bu, qanunvericilikdə təsbit olunub:

«Cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar uzadıla bilər».

Fuad Ağayev
Vəkil Fuad Ağayev isə deyir ki, istintaq yenicə başlayanda, yaxud onun gedişində bəzən DİN, MTN və Baş Prokurorluq səviyyəsində şəxsin təqsirliliyini müəyyən edən bəyanatlar verilir. Əslində isə, bu, həmin şəxs barəsində qərarın artıq çıxarıldığını ifadə edən və ictimaiyyətə yönəlmiş bir mesaj olur. Belə məlumatlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı Rafiq Əliyev və bir çox başqaları barədə də az qala saxlandıqlarının növbəti günü səslənib:

«ONDA İBTİDAİ ARAŞDIRMA APARILMASINA NƏ EHTİYAC VAR»


«Digər tərəfdən, əlbəttə ki, həmin qurumların funksiyaları başqadır. Əgər prokurorluq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirirsə və əvvəlcədən onun mövqeyi istintaq əməliyyat hərəkətləri aparacaq qurumlarla üst-üstə düşürsə, onda ibtidai araşdırma aparılmasına nə ehtiyac var».

Fuad Ağayevin qənaətincə, məhkəmələr də belə ciddi qurumların bu səviyyədə mövqeyini görəndə onun təzyiqi altında qərar qəbul edirlər.

O ki qaldı, həbs-qətimkan tədbirinin zaman keçdikcə uzadılmasına, hüquqşünas deyir ki, əslində bunun səbəbi əsaslandırılmalıdır. Məhkəmə soruşmalıdır ki, dindirmə, ekspertiza və sair işlər hansı zərurətdən müvafiq vaxt ərzində başa catdırılmayıb.

Vəkil deyir ki, təəssüf ki, hələ də məhkəmələrdə ibtidai istintaqı aparan tərəfdən şəxsin əlavə həbsdə saxlanmasına görə cavab tələb olunmur.

Xanlar Hacıyev isə ümid edir ki, Azərbaycan Konstitusiyasında qoyulmuş bütün dəyərlər məhkəmələr tərəfindən layiqincə müdafiə olunacaq.
XS
SM
MD
LG