Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:42

Qurban bayramı - 20 kiloluq qoyun 160 manata


«Heyvanı alıb yığırlar, nə var ki, bir gün Qurban bayramı olacaq, onda kəsib baha qiymətə satıb daha çox qazanacaqlar»
«Heyvanı alıb yığırlar, nə var ki, bir gün Qurban bayramı olacaq, onda kəsib baha qiymətə satıb daha çox qazanacaqlar»
Qurban bayramına bir-iki gün qalıb. Dükan və bazarlarda ətin qiymətində artım müşahidə olunmasa da, yol kənarlarında satılan qoyunlar bir-xeyli bahalaşıb.

Badamdar qəsəbəsindəki «Qurd Qapısı» deyilən ərazidə yol kənarında 20 kiloqramlıq quzunu 160 manatdan ucuz almaq qeyri-mümkündür.

- Bu qara qoç neçə kiloqram gələr?

- Haradasa 20 kiloqram.

- 20 kiloluq bu qoçu neçəyə satırsınız?

- 160 manata satırıq.

Satıcı Raqif Musayev deyir ki, adi günlərlə müqayisədə təxminən 10 manat bahalaşma var. İndi 160 manata satılan 20 kiloqramlıq diri qoyunu 10-15 gün əvvəl 145-150 manata satıblar. Satıcı Bakıdakı bahalaşmanı həm də rayonlardakı bahalaşma ilə əlaqələndirir. Deyir ki, bu bahalaşmanın üstünə yol xərcini də gələndə, heyvanları əvvəlki qiymətə sata bilmirlər.

«QİYMƏT ELƏ ADI GÜNLƏRDƏ DƏ BAHADIR»

Amma alıcılar bu kimi fikirlərlə o qədər də razılaşmırlar. Hesab edirlər ki, ətin Qurban bayramında birdən-birə bahalaşması birinci dəfə deyil. Bu bahalaşma həmişə olub:

«Elə-belə vaxtda ətin kilosu 7-8 manatdır, indi bir heyvan alıb kəssən, ətin kilosu gəlib çıxacaq 10-15 manata. Heyvanı alıb yığırlar, nə var ki, bir gün Qurban bayramı olacaq, onda kəsib baha qiymətə satıb daha çox qazanacaqlar».

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ SATIŞ MƏRKƏZLƏRİNƏ XƏBƏRDARLIQ EDİB

«Elə-belə vaxtda ətin kilosu 7-8 manatdır, indi bir heyvan alıb kəssən, ətin kilosu gəlib çıxacaq 10-15 manata»
Bəzi satıcılar deyir ki, artıq İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamentinin əməkdaşları onlara ətin baha satılmaması haqda xəbərdarlıq ediblər. Amma alıcılar inzibati yolla, xəbərdarlıqla qiymətlərə təsir etməyin mümkün olmadığını bildirirlər. Hətta qiymətlərin bahalaşmasını belə xəbərdarlıq və reydlərlə əlaqələndirilər:

«Elə bu kimi xəbərdarlıqlardan sonra qiymətlər bahalaşır. Onlar reyd keçirməsə, bəlkə də qiymətlər qalxmaz, əksinə, bəlkə düşə».

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti Qurban bayramı günləri Bakıda və regionlarda ətin qiymətinin monitorinqini keçirəcək. Nazirliyin internet səhifəsində yayılan məlumatda deyilir ki, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

Xidmət ət satışını həyata keçirən təsərrüfat subyektlərini süni qiymət artımına yol verməməyə çağırır.

İstehlakçılardan ət satışında qiymət artımı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

NAZİRLİK YARMARKALARA DİRİ QOYUN-QUZU ÇIXARMAĞI PLANLAŞDIRIR


Ötən illərdən fərqli olaraq, bu il Qurban bayramı ərəfəsində qiymət artımının qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi həftəsonuları keçirdiyi yarmarkalara diri heyvanlar da çıxaracaq. Nazirliyin sözçüsü Murtuzəli Hacıyev deyir ki, hazırda rayonlarla danışıqlar aparılır.

Satıcılar Bakıdakı bahalaşmanı həm də rayonlardakı bahalaşma ilə əlaqələndirirlər
Həmçinin, nazirlik yol kənarında və bazarlarda satılan heyvanlara nəzarətlə bağlı Baytarlıq Xidmətinə xüsusi göstəriş verib:

«Tapşırıq verilib, Baytarlıq Xidməti bütün satılan heyvanlara nəzarət edəcək ki, satılan heyvanlar sağlam olsun, alıcılara xəstə heyvanlar satılmasın».

M. Hacıyev Qurban bayramında heyvanların kəsilməsi və ya satılması üçün xüsusi yerlərin ayrılmadığını bildirdi.

Qurban bayramı günü Respublika Gigiyena və Epidemiologiya Mərkəzi gücləndirilmiş iş rejimində işləyəcək. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov AzadlıqRadiosuna deyib ki, onlar antisanitar yerlərdə heyvanların kəsilməsinin qarşısını almaq üçün baytarlıq idarəsi və polislə birgə reydlər keçirəcəklər.

QİYMƏTİ RÜŞVƏT VƏ ÇOX PUL QAZANMAQ İSTƏYİ QALDIRIR

İqtisadçı Natiq Cəfərli hesab edir ki, Qurban bayramı ərəfəsində ətin qiymətinin bahalaşmasına təkcə subyektiv amillər təsir etmir. İqtisadçı qiymət artımında iki əsas məsələyə diqqət çəkir. Deyir bəzi dövlət qurumları var ki, onlar bu sahəyə birbaşa və ya dolayı yolla nəzarət edirlər. Nəticədə sahibkarlar qeyri-qanuni ödənişlər edirlər ki, bu da sonda malın maya dəyərinə təsir edir. İqtisadçı qiymət artımının bir səbəbini də insanların həmin gün daha çox pul qazanmaq istəyi ilə izah edir.
XS
SM
MD
LG