Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:20

Azərbaycanda ilk teatr dərgisi


Əsəd Cahangir
Əsəd Cahangir
Noyabrın 13-ü Azərbaycanda ilk teatr dərgisi işıq üzü görəcək. “Teatral” adlandırılan dərginin baş redaktoru Əsəd Cahangir AzadlıqRadiosuna müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib:

- Əsəd bəy, dərginin nəşri hansı istəkdən doğdu?

- Azərbaycan teatrının artıq 140 yaşı var. Amma çox təəssüf ki, indiyədək bizim özəl teatr dərgimiz olmayıb. Ya “Ədəbiyyat və İncəsənət” qəzetinin səhifələrində teatr barədə yazılar verilib, ya da ümumi sənət toplusu olan “Qobustan” dərgisi daxilində teatrdan danışılıb. Amma məxsusi dərgi buraxmaq üçün çox cəhdlər göstərilib - istər rəsmi, istər qeyri-rəsmi səviyyələrdə. Təəssüflər olsun ki, bu arzu gerçəkləşməyib. Ona görə də, mənim üçün xoşdur ki, bu işin gerçəkləşməsində mənim də payım var.

- Bəs nəşrin təşəbbüskarı kimdir?


- Təşəbbüskarı Azərbaycan Milli Mədəniyyətinin Təbliği Mərkəzinin rəhbəri, yazıçı-dramaturq Arif Mədətovdur. Fürsətdən yararlanıb mədəniyyətimiz, xüsusən də teatrımız sahəsində göstərdiyi bu qayğıya görə həm öz adımdan, həm jurnalımızın gələcək oxucuları adından, həm də teatr ictimaiyyəti adından ona minnətdarlığımızı bildirirəm. Onun maddi və mənəvi dəstəyi ilə bu dərgi işıq üzü görüb.

İLK NÖMRƏDƏ NƏLƏR OLACAQ?

- İlk nömrədə nələr olacağı çox maraqlıdır...

- Çalışmışıq ki, ilk nömrədə həm Azərbaycan teatrı, həm də dünya teatrı barədə mühüm yeniliklər öz əksini tapsın. Məsələn, ilk nömrəmizdə tanınmış teatrşünas Nadir Bədəlovun Azərbaycan teatr tarixinə orijinal baxışını əks etdirən bir essesi dərc olunub. Rejissor B.Osmanovun və uzun zaman kino sahəsində çalışmış indi “Azərbaycan” jurnalının baş redaktoru olan İntiqam Qasımzadənin teatr haqqında çıxan kitablarla bağlı yazıları, eyni zamanda tanınmış aktrisa Sənubər İskəndərli və “Yuğ” teatrının aktyoru Məmməd Səfanın yubileyləri barədə yazılar öz əksini tapacaq. Gəncliyin problemləri ilə bağlı Gənc Tamaşaçılar Teatrının aktyorları - gənc ulduzları olan Elnur Kərimov və Günel Məmmədova ilə söhbətimiz olacaq. Eləcə də Bələdiyyə Teatrının, Musiqili Komediya Teatrının müxtəlif tamaşaları haqqında resenziyalar verilib. Bir sözlə, oxucular istər Azərbaycanda, istər Rusiyada, Türkiyədə və bütün dünyada baş verən ən mühüm teatral yeniliklər barədə dərgimizdən məlumat ala biləcəklər. Həmçinin ölkə teatrının ümumi mənzərəsini, problematikasını əks etdirən yazılar hər nömrədə öz əksini tapacaq.

FƏRQLİ OLACAQ

- Əsəd bəy, “Teatral” dərgisinin formatı, dizaynı necə olacaq. Məsələn, ölkədə çıxan “Fokus” kino dərgisinə bənzəyəcək, ya yox?

- Yox, “Fokus” dərgisindən bir qədər fərqli olacaq. Mümkün olduğu qədər zərif, incə dizayndan istifadə eləməyə çalışmışıq. Cürbəcür şəkillərdən yararlanıb rəngarənglik yaratmağa çalışmışıq. İfrat yeniliklərdən də qaçacağıq. Çünki kinodan fərqli olaraq teatr klassik sənətdir. Sözün müsbət mənasında mühafizəkar sənətdir. Çalışacağıq ki, istər dizayn, istərsə də yazıların məzmunu baxımından ənənə və novatorluğun sintezi kimi orta nöqtədə dayanaq. Bu teatra həm ənənəvi, həm də yenilikçi münasibətdə olanların zövqünü oxşamaq üçündür. Dizaynerimiz Vüsal adlı bir gəncdir. İstedadlıdır. Hesab edirəm ki, dizayn baxımından da jurnalımız oxucuların xoşuna gələcək.

ÖLKƏDƏ 30-DAN ÇOX TEATR VAR

- Jurnalı necə yaymağı düşünürsünüz?

- Ölkədə 30-dan çox teatr var. Hər teatr abunə yazılacaq. Artıq həll olunub məsələ. Yerdə qalan hissə köşklərdə satışa çıxarılacaq.

- Yeni jurnalın qiyməti nə qədər olacaq?


- Açığı, dərginin bir nömrəsi bizə 3 manata başa gəlir. Çünki müəyyən hissələri rənglidir, yüksək keyfiyyətli “Şərq-Qərb” nəşriyyatında çap olunur. Odur ki, köşklərdə qiyməti təxminən 4-5 manat olacaq.

- Əsəd bəy, dərginin köşklərdə satılacağına inanırsınızmı?


İNANIRAM

- İnanıram! Ən azı, teatr adamları-aktyorlar, aktrisalar, rejissorlar, sənətşünaslar, teatrsevərlər bu dərgini alacaqlar. Bilirsinizmi, teatr dərgisinin nəşri ideyası bir ay içində yaranıb və biz onu çox sürətlə hazırlamışıq. Müxtəlif teatrlarda olmuşam, teatrın asılqanında işləyənlərdən direktorlarınadək hamı ilə söhbətlər etmişəm. Və mən hamıda bu xəbəri eşidəndə qeyri-adi bir sevincin yarandığının şahidi olmuşam. Axı, bu Azərbaycanda ilk teatr dərgisidir. Mənə elə gəlir ki, hamı onun çıxmasını həyəcanla, sevgi ilə gözləyir. Hiss edirəm ki, hansısa bir qüvvə-talemi, zamanmı, şəraitmi bilmirəm, amma insandan yuxarıda duran bir qüvvə bu işlərin müsbət planda həll olunması üçün mənə kömək edir. Hələ həyatımda hər hansı bir işin bu qədər uğurla və asanlıqla getdiyini görməmişəm.

- Yeni nəşrin təqdimatı olacaqmı?

- Olacaq. Noyabrın 15-də saat 16-da Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında təqdimat mərasimi düzənləyəcəyik.
XS
SM
MD
LG