Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:25

«Bəsdir, bu uşağı incitdiz!»


Emin Fətullayev
Emin Fətullayev
«BU BOYDA APARAT, PROKURORLUQ BİR UŞAĞIN ÜSTÜNƏ DÜŞÜB»

«Biz Eynulla ilə bağlı başqa qərar gözləmirdik». «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev belə deyir. O, Ali Məhkəmənin oğlu ilə bağlı müsbət qərar verəcəyinə, Eynullanın tezliklə həbsdən çıxacağına inanmırmış.

Noyabrın 11-də Ali Məhkəmənin Plenumu Avropa İnsan Haqları Məhkəməsinin jurnalistlə bağlı qərarını müzakirə edib. Onunla bağlı əvvəlki iki məhkəmə qərarına xitam verilsə də, vergidən yayınmaya görə, cəzası bir qədər də uzadılıb. Yəni iki aylıq həbs cəzası iki ilədək artırılıb.
Eynulla Fətullayev daha bir il dörd ay həbsdə qalmalıdır. Emin Fətullayev:

«Bunlar hər günü də qənimət bilir. Eynullanı həbsdə saxlamaq üçün bir günü də qənimət bilirlər. Belə olmaz axı. Buna yekun qoymaq lazımdır. Respublikanın böyüyü çıxmalıdır ortalığa, bir nöqtə qoymalıdır ki, bəsdir, bu uşağı incitdiz. Bu boyda aparat, bu boyda prokurorluq, hakimlər, MTN, DİN bir cavan uşağın üstünə düşüb. Belə olmaz axı...»

AZƏRBAYCANA SANKSİYALAR OLA BİLƏR?

Elçin Sadıqov
Eynulla Fətullayevin vəkili Elçin Sadıqov deyir ki, onlar yenidən Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər. Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarı faktiki yerinə yetirilməyib:

«Avropa Məhkəməsinə şikayət edəcəyik ki, onun qərarına baxmayaraq jurnalist həbsdə saxlanılıb, barəsində əsassız olaraq həbs-qətimkan tədbiri seçilib. Faktiki qərar yerinə yetirilmədi. Ali Məhkəmə səlahiyyəti olmadığı halda cəzasını artırıb. Məqsəd də jurnalistin həbs müddətini uzatmaqdır».

Elçin Sadıqovun sözlərinə görə, bu dəfə Avropa Məhkəməsi jurnalistin işinə prioritet qaydada baxacaq. Eyni zamanda, o qərarın icra edilməməsi ilə bağlı Nazirlər Komitəsinə məlumat verəcək və vəkilin sözlərinə görə, çox güman ki, Azərbaycana bəzi sanksiyalar tətbiq oluna bilər.

Vəkil həmçinin Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcək ki, Eynulla Fətullayevi girov müqabilində azadlığa buraxsınlar.

Bu məsələnin hüquqi posedurları.

Hərçənd Azərbaycanda çoxları düşünür ki, Eynulla Fətullayevin həbsi və onunla bağlı məhkəmə qərarları hüquqi müstəvidən çoxdan çıxıb və artıq siyasi çalar alıb.

«İÇƏRİDƏKİ JURNALİST ÇÖLDƏKİLƏRƏ GÖRK OLMALIDIR»

Qənimət Zahid
«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidə görə, hakimiyyət məqsədli şəkildə jurnalisti içəridə saxlayır:

«İçəridə bir və ya bir neçə jurnalist olmalıdır ki, çöldəkilərə görk olsun. Məsələnin mahiyyəti budur. Azərbaycan hakimiyyəti narahatdır ki, həbsxanada jurnalist qalmazsa və jurnalist həbsinə ümumiyyətlə son qoyularsa, ölkədə söz azadlığı yeni mərhələyə keçə bilər. Buna görə də Eynulla Fətullayevin məsələsində belə dirənib. Bütün qanunsuzluqları edəcək ki, hökmən içəridə jurnalist olsun».

BƏXTİYAR SADIQOV: «MƏN ÇOX ŞADAM Kİ...»

Bəzi müşahidəçilərin fikrincə, Azərbaycan hakimiyyəti bu addımı ilə həm dünyaya, həm də ölkəyə mesaj verdi. Bununla o öz istəyi və iradəsi olmadan jurnalisti azad etməyəcəyini, Avropa Məhkəməsinin hər qərarına yeni cinayət işi ilə cavab vermək iqtidarında olduğunu sübut etmək istədi.

«Azərbaycan» qəzetinin redaktoru, deputat Bəxtiyar Sadıqov bu fikri qəti rədd edir. Eynulla Fətullayevlə bağlı Ali Məhkəmənin siyasi yox, hüquqi qərar verdiyini söyləyir:

Bəxtiyar Sadıqov
«Mən çox şadam ki, Avropa Məhkəməsinin «dərhal azad etmə» qərarı əsaslı olmadığından müstəqil dövlətimiz tərəfindən müvafiq prosedur şəklində, mərhələ-mərhələ həyata keçirildi. Eyni zamanda, Ali Məhkəmə bağışlamaq mümkün olan cinayəti bağışladı. O biri cinayəti niyə bağışlamalıdı ki? O vaxt məhkəmənin səhvi olub və bu indi düzəldilir. Bizim məhkəmə bu dəfə belə addım atdı. Bunu kim necə qiymətləndirir, nə cür siyasi boya verirsə, öz problemidir».

«PRİMİTİV STRATEGİYA»

«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev deyir ki, Azərbaycan hakimiyyətinin Avropa Məhkəməsinin qərarını yerinə yetirməyəcəyi bəlli idi:

«Eynulla Fətullayevə qarşı narkotiklərlə bağlı yeni cinayət işi açılıb, məhkəmə qurulanda bəlliydi ki, hakimiyyət özünü sığortalamaq üçün yeni bir cinayət işi də açacaq. Çünki hakimiyyət əvvəl-axır Avropa Məhkəməsinin qərarını yerinə yetirməliydi. Bu cür primitiv addımlarla vaxt udmaq istəyir. Əslində, uğursuz davranış modelidir. Avropa Məhkəməsi bu məsələnin üstünə düşübsə, bunu belə qoymayacaq. Azərbaycana təzyiqlər artacaq. Ortada Azərbaycan hakimiyyəti nə qazanır, mənə də bəlli deyil. Bu, ölkənin imicinə zərbədir».

Zəfər Qıuliyev hakimiyyətin uğursuz və primitiv bir strategiya seçdiyi qənaətindədir: «Ortada uduş yoxdur».

XANLAR HACIYEV QƏRARLA TANIŞ DEYİLMİŞ

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki hakimi Xanlar Hacıyev Ali Məhkəmənin qərarını şərh etməyib.

Noyabrın 12-də jurnalistlərin «Sizcə, Avropa Məhkəməsinin qərarı tam yerinə yetirildimi» sualına belə cavab verib:

«Mən bu qərarı oxumamışam. Şərh edə bilmərəm. Hər halda, mən eşitdiyimə görə, qərar icra olunub. Amma necə icra olunub? Yazılı mətni oxumaq lazımdır».
XS
SM
MD
LG