Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:05

Nazirdən aktyorlara xəbər var


Akademik Milli Dram Teatrı
Akademik Milli Dram Teatrı
NAZİRDƏN XƏBƏR VAR

Akademik Milli Dram Teatrı 2 illik təmirdən sonra qapılarını açsa da, hələ tamaşaçılara yeni tamaşa göstərmir. Ancaq yaradıcı heyət üçün yeni xəbər var. Xəbər isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevdən gəlib. Nazir deyib ki, yanvarın 1-dən islahatlar çərçivəsində bu teatrın kollektivi buraxılacaq. Sonradan hansı tamaşalar qoyulacaqsa, həmin tamaşalara uyğun rejissor və aktyorların yenidən qəbul olunması müqavilə əsasında həyata keçiriləcək.

Nazir bildirib ki, «sözsüz ki, pislər kənarda qalacaq. İslahatların da əsas məqsədi Azərbaycan teatr sənətinin səviyyəsini qaldırmaqdır».

Teatrın yaradıcı heyətininsə qulağı səsdədir. Yeni islahatların necə həyata keçiriləcəyindən narahatdırlar. Teatrın aktrisası İradə Həsənova deyir ki, bu islahatlarla bağlı cavabını bilmədikləri çoxlu suallar var:

«ƏSƏB KEÇİRİRİK»

«Çox narahatıq. Olduqca narahatıq, əsəb keçiririk. İçimizdə bir həyəcan var ki, görəsən nə olacaq. Danışıqlardan hələ dəqiq heç nə bilmirik. Bunun qorxulu bir tərəfi də var ki, bizi evə buraxıb desinlər ki, gedin, oturun. Lazım olanda rola çağıracağıq. Aktyor teatrda formalaşır. Evdə otur gözlə ki, səni nə vaxt rola çağıracaqlar. Bu, teatr üçün yaramaz bir şeydir».

Ağakişi Kazımov
Teatrın quruluşçu rejissoru Ağakişi Kazımov isə bu fikirdədir ki, sözügüdən islahatı dövr, zaman tələb edir. Ancaq nəticə yaxşı olmalıdır:

«BU, LABÜDDÜR»

«Bu, labüddür. Bazar iqtisadiyyatıdır. Aktyorun sənəti həm müasir, həm ictimai, həm də maarifləndirici olmalıdır. Əgər sən tamaşaçını ikinci dəfə gəlməyə məcbur edə bilmirsənsə, demək sənin sənətin bu gün satılmır. Satılmırsa, teatr havayı pul xərcləmək istəmir. Nəticə yaxşı olmalıdır. Yaxşı olmasa biz batdıq. Yaxşı olmasa, 10 ildən sonra mənim kimiləri olmayanda deyəcəklər ki, o dövrdə nə ağsaqqalı vardı, nə qarasaqqalı vardı, nə də bir ağıllısı. Ona görə də gör teatrı nə günə qoydular».

Artıq belə fikirlər də var ki, tamaşalarla bağlı müqavilələr imzalananda subyektivlik amili də olacaq ki, onda da yenə yerini tapmayanlar olacaq. Uzun illər bu teatrda oynamış, hazırda isə Gənc Tamaşaçılar Teatrında çalışan aktyor Tariyel Qasımov:

«DOSTUN, QOHUMUNDURSA, OYNAYIR»

Tariyel Qasımov
«Azərbaycanda bu var, olub, olacaq da. Dostun, qohumundursa, oynayır. Ancaq belə şeylər olmamalıdır».

Teatrın yeni təyin olunmuş direktoru İsrafil İsrafilov isə deyir ki, bu addım islahat üçün atılır, gerilik üçün yox. Direktor deyir ki, istedadlılar, peşəkarlar narahat olmamalıdırlar. Kənarda qalanlar, özünü illərdir səhnədə təsdiq edə bilməyənlər olacaq:

«ÖZLƏRİNİ TƏSDİQ EDƏ BİLMƏYƏNLƏR VAR»

«Gizli deyil ki, bəzən teatrın repertuar sandığına müxtəlif yollarla zəif pyeslər daxil olduğu kimi teatrın kollektivinə də müxtəlif yollarla ayrı-ayrı adamlar daxil ola biliblər. Neçə müddət keçməsinə baxmayaraq, onlar özlərini səhnədə yaradıcı insan kimi təsdiq edə bilməyiblər».

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Akademik Milli Dram Teatrının aktyorlarının müsabiqəsini keçirəcək komissiyanın tərkibi artıq məlumdur. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov:

«QORXULU BİR ŞEY YOXDUR»

«Aktyorların, rejissorların imkanlarına bizim nazirliyin mütəxəssisləri də bələddirlər. Həm də burda təcrübəli, peşəkarlardan ibarət bir komissiya formalaşıb. Bu teatrın yaradıcı mühitinin yaxşılaşdırılması üçün atılan bir addımdır, burda qorxulu bir şey yoxdur».

Məryəm Əlizadə
Teatrşünas Məryəm Əlizadə isə deyir ki, proses çətinliklərsiz ötüşməyəcək:

«AĞRILI ŞEYLƏR OLACAQ»

«Burda insan amili var, ağrılı şeylər olacaq. Ancaq məqsəd çox böyükdür. Aktyor üçün teatr yalnız Akademik Milli Dram Teatrdan ibarət deyil ki... Azərbaycanda nə qədər teatrlar var, kənarda qalanlar həmin teatrlarda özlərini göstərə biləcəklər».

Akademik Milli Dram Teatrın 64 nəfərlik aktyor heyəti var. Gözlənilir ki, yeni islahatın tətbiqindən sonra onların yarıdan çoxu bu teatrdan uzaqlaşsın. O ki qaldı teatrda yeni tamaşanın nə vaxt oynanılacağına, teatrın direktoru bildirir ki, bu, sözügedən proses başa çatandan sonra, təxminən gələn il fevralın sonunda mümkün olacaq.

Akademik Milli Dram Teatrın 137 yaşı var.
XS
SM
MD
LG