Keçid linkləri

2025, 13 Fevral, Cümə axşamı, Bakı vaxtı 22:29

Obama niyə hind məbədinə getmədi, məscidə isə getdi?


Barak və Mişel Obama İstiqlal məscidində
Barak və Mişel Obama İstiqlal məscidində
Barak Obama hindlilərin müqəddəs Qızıl Məbədinə də getməli idi, ancaq son anda köməkçilərinin təkidi ilə bunu təxirə saldı.

Çünki məbədə girmək üçün gərək xüsusi papaq geyinəydi və ya boğazına xüsusi yaylıq bağlayaydı.

Reuters yazır ki, prezidentin köməkçiləri Obamanı inandıra biliblər ki, belə görkəmdə Amerika televiziyalarında və qəzetlərində görsənmək arzuolunmazdır.

Çünki Obama xristian olsa da, Amerikada bəzi adamlar, o cümlədən bir sıra ictimai xadimlər var ki, Obamanın əslində müsəlman olduğunu düşünürlər və bunu imkan olan kimi deyirlər.
Prezidentin köməkçiləri deyiblər ki, getdiyi yer hindli məbədi olsa da, Obamanın görkəmi Amerikada söz-söhbətləri yenidən qızışdıra bilər.

Agentlik bu misalı ona görə çəkir ki, Obamanın müsəlmanlara müraciəti ona heç də asan başa gəlmir. O öz nüfuzunu müəyyən risk altında qoyur.
Ancaq buna baxmayaraq Obama Cənubi Asiyanın ən böyük məscidi olan İstiqlal məscidinə getdi.

MİŞEL OBAMA BAŞINI ÖRTDÜ

Barak Obama 100 min insan tuta bilən məscidə nəinki getdi, hətta onun xanımı Mişel Obama məscidə girəndə başını yaylıqla örtdü. Halbuki İstiqlal məscidində qeyri-müsəlmandan başı örtmək tələb olunmur.

Məscidə girəndə ayaqqabısını çıxardan Obama da məscidin qabağındakı katolik kilsəsini göstərib deyib ki, dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya dini tolerantlığa, dini plüralizmə nümunədir.

Əhalisinin 90 faizi müsəlman olan İndoneziya dünyəvi dövlətdir. Burda 6 rəsmi din var. Yalnız allahsızlıq, ateizm qadağandır.

NAZİR İLK DƏFƏ QADINA ƏL VERİB

Müsəlmanlar da Amerikanın prezidentinə və birinci ledisinə hörmətlə cavab veriblər.
İndoneziyanın informasiya naziri, islam partiyası PKS-dan olan Sembiring Mişel Obamaya əl verib. Bu görünməmiş hadisə yerli medianın hamısında yer alıb.

Sembiring ilk dəfədir ki, qadına əl verir. O həmişə rəsmi görüşlərdə qadınları iki əlini sinəsində çarpazlayaraq salamlayırdı.

Obama öz əsas nitqini isə İndoneziya Universitetində söyləyib. O bir neçə əsas mövzuya toxunub.

DEMOKRATİYA HAQDA

Obama deyib: “Biz bəzən eşidirik ki, guya demokratiya iqtisadi inkişafın yolunu kəsir. Bu yeni arqument deyil. İqtisadi çətinlik dövründə bəziləri dərhal bu arqumentə əl atırlar ki, insan haqlarından uzaqlaşanda guya inkişaf asanlaşır. Ancaq mənim Hindistanda və indi İndoneziyada gördüklərim bunun əksini deyir. Bu ölkələrin uğurları demokratiya ilə inkişafın bir-birinə güc verdiyini göstərir.”

DİN HAQDA

“Birləşmiş Ştatlarla müsəlman icmalarının münasibətləri illər ərzində korlanıb. Bu münasibətləri bərpa etməyə başlamağı mən bir prezident kimi əsas vəzifə etmişəm”.

“Mən aydın demişəm ki, Amerika İslamla müharibə aparmır və aparmayacaq da. Əksinə, bizim hamımız birləşib Əl Qaidanı məğlub etməliyik. Əl Qaida heç bir dinin, o cümlədən İslam kimi möhtəşəm dinin lideri ola bilməz”.

İQTİSADİYYAT HAQDA

“ 7 ya 8 ölkənin birləşib, dünya bazarlarının istiqamətini müəyyən etdiyi günlər keçdi. Məhz buna görə böyük 20-lik beynəlxalq iqtisadi əməkdaşlığın mərkəzinə çevrilib. İndoneziya kimi yeni yaranan iqtisadiyyatların səsi də artıb, məsuliyyəti də”.

AZADLIQ HAQDA

İndoneziyanı yeni yaranmaqda olan iqtisadiyyat və demokratiya kimi səciyyələndirən Obama deyib:

“Biz fərqli yollarla gəlmiş iki xalqıq. Qoy bizim ölkələr göstərsinlər ki, fərqli əqidəli yüz milyonlarla insan bir bayraq altda azadlıq yolunda birləşə bilir”.

Barak Obama müsəlman dünyasına ilk müraciətini 17 ay əvvəl Qahirə etmişdi. Ancaq onun dediyinin heç də hamısının həyata keçmədiyini görən Obama sonradan dedi ki, illərlə yaranan barışmaz ziddiyyətləri bir çıxış aradan qaldıra bilmir.
XS
SM
MD
LG