Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 05:37

Bir qrup siyasi partiya seçkilərlə bağlı birgə bəyanat imzalayıb


Noyabrın 10-da bir qrup siyasi partiya və seçki birliyi 7 noyabr Milli Məclisə seçkilərlə bağlı birgə bəyanat imzalayıb. Bəyanatda qeyd olunur ki, seçkiqabağı demokratik şərait, seçki kampaniyası dövründə bərabərhüquqlu rəqabət imkanları olmayıb:

«Sərbəst toplaşmaq, söz və mətbuat, ifadə azadlığının, o cümlədən seçki kampaniyası dövründə təbliğat və təşviqat imkanlarının məhdudlaşdırılması seçkinin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Seçki prosesinin bütün mərhələləri kütləvi qanun pozuntuları ilə keçirilib. Administrativ resurs hakimiyyətin dəstəklədiyi namizədlərin müdafiəsinə yönəldilib. İcra strukturları, hüquq-mühafizə orqanları qeyri-qanuni olaraq seçkilərin gedişinə zorakı müdaxilə edib».

Bəyanatında deyilir ki, «7 noyabr 2010-cu il seçkiləri azad, ədalətli, bərabər, şəffav seçkilər olmadı. Həmçinin səsvermənin həqiqi nəticələri kobud şəkildə saxtalaşdırılıb. Bu səbəblərə görə hesab edirik ki, 7 noyabr seçkilərinin rəsmən elan olunmuş nəticələri Azərbaycan xalqının iradəsini ifadə etmir».

Bəyanatı Müsavat partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP-in baş katibi Arzuxan Əlizadə, Xalq partiyasının adından Pənah Hüseyn, Azadlıq partiyasının sədri Əhməd Oruc, REAL hərəkatının həmtəsisçisi İlqar Məmmədov və Böyük Azərbaycan patiyasının sədri Elşad Musayev imzalayıblar.
XS
SM
MD
LG