Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:36

Təbriz toylarında Azərbaycan musiqiçiləri yasaqlanır


Azərbaycan Respublikası musiqiçilərinin İranın Şərqi Azərbaycan əyalətindəki toy mərasimlərində, digər el şənliklərində iştirakına qadağa qoyulub.

«Media forum» saytının məlumatına görə, İranın Şərqi Azərbaycan əyalətinin Xarici Vətəndaşların Mühacirəti və Pasport İdarəsinin rəisi polkovnik Məhəmmədəli Qafarzadə noyabrın 10-da jurnalistlərə açıqlamasında deyib:

«Bəzən vətəndaşlar öz toylarına və ya digər şənliklərə Azərbaycan Respublikasının müğənnilərini dəvət edirlər. Bu, qanunsuzdur və cəmiyyətin ayrı-ayrı təbəqələri arasında müxtəlif mədəni problemlərə, xoşagəlməz nəticələrə gətirə bilər.

Xarici vətəndaşların gəlib yerli əhalinin evlərində qalması da qanunsuzdur və bu qanunu pozanlar cəzalandırılacaq.

İran İslam Respublikası ərazisinə daxil olan xarici vətəndaş öz tanışları və ya qohum-əqrəbalarının evində qalmaq istəyəndə 72 saat içində bizim idarəyə yazılı müraciət etməli, icazə almalıdır. Əks təqdirdə müvafiq qurumlar üçün nəzarəti asan olan mehmanxanalarda qalmalıdır.

Son vaxtlar bir sıra xarici vətəndaşlar, o sıradan da azərbaycanlılar gəlib təbrizli vətəndaşların evlərində qalırlar. Bu isə onları vaxtında axtarıb tapmaq və fəaliyyətini nəzarətdə saxlamaq işini çətinləşdirməklə yanaşı həm də təhlükəsizlik, siyasi və əxlaqi baxımdan bir sıra problemlərin ortaya çıxmasına gətirir».

İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbriz şəhəridir.
XS
SM
MD
LG