Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:10

Elçin Hüseynbəyli:“Sakitlik mənə yuxu gətirir”


Yazıçı Elçin Hüseynbəyli "Mədəniyyət" qəzetinin müxbiri Təranə Vahidə müsahibə verib. Müsahibənin mətnini olduğu kimi "Oxu zalı"nda çap edirik.


...Hərdən fikirləşirəm ki, görəsən, ədəbiyyatın qapısı var? Axı ədəbiyyata gələnlər haradansa keçməlidir? Tezcə də bu ağılsız fikri başımdan qovub uzaqlaşdırıram.

Ədəbiyyatın nə qapısı var, nə pəncərəsi, nə bacası... Ədəbiyyatın sözü var, sözün işığı var. Bu işığa gələnlər isə əvvəlcə özlərindən, vaxtlarından və hətta talelərindən keçib gəlirlər. Söhbət əsl ədəbiyyatdan gedir...

O keçmişi gələcəkdə, gələcəyi keçmişdə axtarır...

O, fərqli düşüncəsi, maraqlı ideyaları, iti qələmi ilə oxucunun vaxtını oğurlayır...

O, özünü məhsuldar yox, zəhmətkeş yazıçı sayır...

"Hazırda yeniyetmələr üçün “Azıx” romanının üzərində işləyirəm. O da virtual - sintetik tipli, yeni yazıçı texnologiyası ilə yazılan bir romandır.

İdeyası maraqlıdır, “Azıx” adamın dirildilməsi - klonlaşdırmadan bəhs edir. Klonlaşdırmada saf və sağlam hüceyrələr götürülür.

Amma bu romanda ölmüş hüceyrənin dirildilməsi və sonradan klonlaşdırılmasından bəhs olunur".
O, cəsarətsiz yazıçını maraqsız yazıçı adlandırır...

O, yuxuda uçsa da, ədəbiyyatda hələ yeridiyini etiraf edir...

O, yazıçıdır, yazmaq istədiyini yazır...

Müsahibimiz “Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab XXI əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “On üçüncü həvari – 141-ci Don Juan”, “Şah Abbas” kitablarının müəllifi yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylidir.


- Keçmişi gələcəkdə, gələcəyi keçmişdə axtaran yazıçı ilə söhbətimizə haradan başlayaq?


- İndidən.

- İndidən söz düşmüşkən, bir yazıçı kimi vaxtın qıtlığından, yoxsa vaxtın bolluğundan şikayətlənirsiniz?

- Bəlkə də mən yeganə yazıçıyam ki, vaxtın bolluğundan əziyyət çəkirəm.

Görünür, bu da ondan irəli gəlir ki, sadəcə vaxtı düzgün bölüşdürməyi bacarıram. Rasional təfəkkür daima saat kimi işləyir.

Eyni zamanda paralel bir neçə işi görmək mümkündür. O baxımdan mən həm yazıram, həm oxuyuram, həm danışıram, hətta kimə isə qulaq da asıram.

- Hər yazıçının özünəməxsus iş rejimi olur?

- Yazılarımı işdə yazıram. Səhər işə gəlirəm, elə bil emalatxananın qapısını açıram.

İş otağım bir az da laboratoriyaya oxşayır, yazıram, oxuyuram, yeri gələndə yazdıqlarımı pozuram, poçtuma gələn məktubları oxuyuram, yenə də vaxt çatır.

- Adətən yazıçı və şairlər əsər yazanda sakit bir guşəyə çəkilirlər...

- Sakitlik mənə yuxu gətirir. Görünür, bu mənim həyat təzimdən irəli gəlir. İşə başlayandan dinamik yerlərdə - informasiya agentliklərində işləmişəm. Daima başımın üstündə səs-küy olub. O səslərə öyrəşmişəm.

Yazmağa başlayanda heç nə məni yazıdan qopara bilmir. Həm də yazı prosesi düşüncə prosesidir, texniki proses deyil.

Hisslərin hansısa çalarları, cümlənin forması dəyişə bilər. Sadəcə bunlar ola bilər.

- Cəbrayıl rayonunda böyüyüb boya-başa çatmısınız, Moskvada ali təhsil alıb Bakıda əvvəl jurnalist, sonra yazıçı kimi tanınmısınız. Hansı əsər sizə ilk uğuru gətirdi və sizi bir yazıçı kimi ilk olaraq kim qiymətləndirdi?


- Birinci olaraq özüm-özümü yazıçı kimi dərk eləyib qiymətləndirmişəm. Yaradıcılığa erkən yaşlarımdan başlamışam.

21-22 yaşında hekayələr yazmağa başladım. İlk və indi də mükəmməl saydığım “Abunə pulu” adlı hekayəm isə çox gec çap olundu. Çünki tərəddüd edirdim?

- Nəyə tərəddüd edirdiniz?

- Deyirdim, bəlkə həvəsdir, keçib gedər. Sonra gördüm, yaradıcılığa çox ciddi meylim var. İstəyirdim yazdıqlarım kiminsə yazdığına bənzəməsin.

- Kiminsə yaradıcılığından təsirlənmədən ədəbiyyatın qapısını döymək mümkündür?

- Təbii ki, təsirlər olur. Oxuyursan, öyrənirsən, şüuraltı təsir həmişə mümkündür. Hətta, ağıllı şəkildə bəhrələnmək də mümkündür.

Orxan Pamuka bir müsahibəsində sual verirlər ki, deyilənə görə siz Umberto Ekodan təsirlənirsiniz. O cavabında bildirdi ki, təsirlənmək yumşaq sözdür, bəzi şeyləri ondan çırpışdırıram. Düşünürəm ki, burda qorxulu heç nə yoxdur.

Əsas odur ki, ideya, əsər özünün olsun.

- Dediniz ki, “Abunə pulu” gec dərc olundu.

- Bu hekayə 1989-1990-cı illərdə “Gənclik” jurnalında çap olundu.

- Bəs ədəbiyyat tənqidçilərindən ilk olaraq yazıçı kimi haqqınızda kim yazdı?

- O vaxt Vaqif Yusifli mənim haqqımda “Yaşıdlarından bir boy yuxarı görünən yazıçı” adlı bir yazı yazdı. İkinci yazısında isə məni bir boy da artıq qiymətləndirdi.

Yazdı ki, ədəbiyyatımıza Sabir Əhmədli kəndin dramını, İsa Hüseynov faciəsini, Əkrəm Əylisli şerini, Elçin Hüseynbəyli şeir və romantik nağılını gətirdi.

“HEKAYƏ MƏNİM ÜÇÜN DESERTDİR - ÇƏRƏZDİR”


- Vaqif Yusifli yanılmadı. Artıq bu gün hekayəçi, romançı, dramaturq kimi özünüzü təsdiqləmisiniz. Əvvəlcə hekayələrinizdən danışaq.

“Qara çadralı qadın”, “Pəncərədən baxan ayın şəkli”, Vulkan adam”, “Yekəpər”, Günahın gül üzü”, “Dezodarant qız” və yazdığınız hər bir hekayə axtarıb oxucusunu tapdı. Müxtəlif janrlarda özünüzü sınasanız da “mənə ən doğma olanı hekayəçilikdir” – deyirsiniz. Səbəbi?


- Müxtəlif janrlarda özümü sınamışam. Rəngarənglik, həyat tərzimdə olduğu kimi, yaradıcılığımda da izlənilir.

Hekayə mənim üçün desertdir, bir növ çərəzdir. Mən hekayəni ləzzət ala-ala, heç nə düşünmədən, heç nəyi qurmadan rahatlıqla yazıram.

- Bəs publisistika?

- Publisistika gündəlik həyatıma daxil olan və mənim qələmimin işlək olmasına xidmət edən bir sahədir.

- Qabriel Qarsia Markes böyük ədəbiyyata jurnalistikadan gəlmişdi və deyərdi ki, “jurnalistika mənə gerçəkliklərlə əlaqə saxlamağa imkan yaradır”. Sizdə necə, bu iki sahə bir-birinə mane olmur ki?

- Əksinə, bunlar bir-birinə stimul verir. Mən maraqlı adamlarla söhbət etməyi, maraqlı tarixçələri dinləməyi, xüsusilə tarixi yerləri gəzməyi xoşlayıram.

- Tarixin yadigarlarına baxdıqca nə düşünürdünüz?

- Dərhal həmin məkanı, həmin adamları təsəvvürümdə canlandırmağa çalışıram. Onların hənirtisini, səsini duyuram.

- Əsərlərinizdə də hiss olunur ki, sizin keçmişə və gələcəyə səyahətləriniz asanlıqla baş verir.

- Zaman və məkan vəhdəti ilə yanaşı, virtual zamanla keçmişə və gələcəyə getmək, o zamanı və məkanı duymaq, təsəvvüründə canlandırmaq mümkündür.

“MƏN ZƏHMƏTKEŞ YAZIÇIYAM”

- “Don Juan”, “Balıq adam”, “Şah Abbas”, “Metro vadisi”, “Tut ağacı boyunca” romanlarınız qısa vaxt ərzində məşhurlaşdı, sevildi. Romançılıq zəhmət tələb edən bir sahədir...

- Bəzən mənə məhsuldar yazıçı deyirlər. Mən məhsuldar yazıçı deyiləm, zəhmətkeş yazıçıyam. İş saatım 8 saatdır. Hesab etmirəm ki, bu qədər zəhmətin qabağında üzə çıxan məhsul o qədər də çoxdur. 50 yaşı haqlamışam 8 roman yazmışam.

Hazırda yeniyetmələr üçün “Azıx” romanının üzərində işləyirəm. O da virtual - sintetik tipli, yeni yazıçı texnologiyası ilə yazılan bir romandır.

İdeyası maraqlıdır, “Azıx” adamın dirildilməsi - klonlaşdırmadan bəhs edir. Klonlaşdırmada saf və sağlam hüceyrələr götürülür.

Amma bu romanda ölmüş hüceyrənin dirildilməsi və sonradan klonlaşdırılmasından bəhs olunur. Keçmişlə gələcək doğrudan da məni həmişə maraqlandırır.

Çünki keçmiş və gələcək qırılmaz tellərlə bir-birinə bağlıdır.

- Qələminizi dramaturgiya sahəsində də sınamısınız və sizi həm də ən yaxşı absurd pyes müəlliflərindən hesab edirlər.

Son 10 ildə “Axırı sakitlikdir”, “İlğım”, “Labrint”, “İki nəfər üçün oyun”, ”Fanatlar”, “Hamının günahı” pyesləriniz müxtəlif teatrların səhnəsində tamaşaya qoyulub. “Leyli və Məcnun”, “Adəm və Həvva”, “Sezar”, “İmperator” əsərləri janrına və üslub xüsusiyyətləri ilə seçilib.

Pyesləriniz səhnə həlli sizi qane edirmi?


- Qane edəni də var, qane etməyəni də. Rəhmətlik Hüseynağa Atakişiyev Gənclər teatrında 7 əsrimi tamaşaya qoyub.

O, həmişə mənə deyərdi ki, sənin səhnə duyumun çox fərqlidir, yaxşı olar ki, eksperiment eləyib bir əsərini özün səhnələşdirəsən.

Bu barədə fikirləşirəm, ola bilsin ki, nə vaxtsa öz əsərimi özüm səhnələşdirim.

Əgər dramaturqla rejissor oyunu yaxşı qurursa, bu məni cəlb eləyir. Ancaq istər dünya, istər klassik əsərlərin təkrar səhnəyə qoyulması tamaşaçı üçün maraqlı deyil, çünki tamaşaçı əsərin sonluğunu bilir.

O yalnız peşəkarlar - sənətşünaslar, rejissorlar üçün maraqlı ola bilər. Belə düşünürəm ki, teatr rəhbərləri yeni əsərlərdən, yeni imzalardan çəkinməməlidir.

“O YAZIÇI MARAQLIDIR Kİ, CƏSARƏTLİDİR”

- Müsahibələrinizin birində demisiniz ki, yazıçı cəsarətli olmalıdır.

- Şübhəsiz. Yazıçı cəsarətli olmasa, düşüncələrini qələmə alıb, fikirləşdiklərini oxucuya verə bilməsə, onda o nə yazıçıdır? O yazıçı maraqlıdır ki, cəsarətlidir.

- Bu gün yazıçının ən böyük problemi nədir?

- Bu gün yazıçının ən ciddi problemi kitab satış şəbəkəsinin olmamasıdır. Ölkə üzrə 11-12 işlək kitab mağazası var.

Bakı kimi şəhərdə 7-8 kitab mağazası ola-olmaya. İki yüz minlik əhalisi olan rayon mərkəzlərində kitab mağazaları yoxdur.

Demək, yazıçının bazarı yoxdur. Bu da bizim həm populyarlığımıza, həm maddi dolanışığımıza, həm də oxucularla birbaşa təmas yaratmağımıza imkan vermir.

YAXŞI VƏ PİS ƏDƏBİYYAT


- Nə olursa olsun, yazıçı yaxşı yazmalıdır? Bu fikrə münasibətiniz?

- İki cür ədəbiyyat var: pis və yaxşı ədəbiyyat. Oxunan və oxunmayan ədəbiyyat. Oxunmayan ədəbiyyat mənim nəzərimdə pis ədəbiyyatdır.

- Belə bir deyim var: yazıçını bütləşdirmək onu məhv etməkdir. Hər halda yazıçı istəməz ki, onu bütləşdirsinlər, yazıçı istəyər ki, onu sevsinlər.

- Bəzi televerilişlərdə yazıçıları və şairləri az qala müttəhim kimi ittiham edirlər ki, siz niyə populyar deyilsiniz, sizi niyə oxumurlar? Sosial status baxımından yazıçı oxucudan üstündür.

Çünki məhsul istehsal edən məhz yazıçıdır, şairdir. İndi onun günahıdır ki, kitab bazarı yoxdur, onu oxumurlar? Yaxşı əsərə görə yazıçıya minnətdar olmaq lazımdır.

- Çexov deyirdi ki, ədəbiyyat ağrının özüdür. Bu baxımdan Qarabağ ağrısını ədəbiyyata gətirmək o qədər də asan deyil.

- Qarabağla bağlı yazılarım çoxdur. “Kəndə gün çıxanda qayıdacağıq” hekayəm var, hər dəfə o hekayəni oxuyanda kövrəlirəm. Bunlar yaşanmış həqiqətlərdir.

Qarabağ mövzusunda yazdığım “Gözünə gün düşür” hekayəmin motivləri əsasında qısametrajlı film çəkilir.

“Qaracanın qara başı” hekayəm də Qarabağ mövzusundan bəhs edir. Axtarıb arayan olsa bütün əsərlərimdə Qarabağ var. Ən acı həqiqət isə budur ki, Qarabağ özü bu gün bizdə deyil.

- Son pulunu kitaba verən adam görsəydiniz ona necə baxardınız?

- Düşünərdim ki, bu doğurdan da ədəbiyyat vurğunudur.

Ədəbiyyat obrazlardan ibarətdir, insan ensiklopediyasıdır, insan mozaikasıdır. Ədəbiyyatı sevən insanları sevir. Mən də o insana bu sevgi ilə yanaşardım.

- Ədəbiyyat uçuşdu, hər kəs uça bildiyi qədər uçur, siz hara doğru uçursunuz?


- Yuxularımda çox uçuram, ədəbiyyatda isə hələ yeriyirəm. Uçmaq üçün sürət götürmək lazımdır...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG