Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:05

Obama: «Azad və ədalətli seçki gözləmirik»


Barak Obama
Barak Obama
Bu gün - hərbi rejimin idarə etdiyi Myanmarda (Birmada) axır 20 ildə ilk dəfə olaraq parlament seçkiləri keçirilir.

Hərbi xunta elan edib ki, bu seçki mülki hakimiyyətə keçid yolunda bir addımdır.

Amma bu seçkini zorakı xuntaya demokratik imic yaratmağa yönələn bir oyun adlandıranlar da var.

Hindistanda səfərdə olan Amerika prezidenti Barak Obama deyib ki, Myanmardakı seçkilərin azad və ədalətli olacağını gözləmir.

“Yaddan çıxarmamalıyıq ki, dünyanın bəzi yerlərində demokratiyanın gələcəyi hələ də sual altındadır. Sizə bir misal çəkim. İndi Myanmarda davam edən seçkilərin azad və ədalətli olacağı gözlənilmir. Uzun illər

Myanmar xalqı öz taleyini müəyyənləşdirmək hüququndan məhrum edilib”.

Bundan başqa yaydığı ayrıca hesabatda Obama Myanmar hakimiyyətini “bütün siyasi məhbusları dərhal və şərtsiz olaraq azadlığa buraxmağa və insan haqlarının sistematik olaraq pozulmasına son qoymağa” çağırıb.

Obama bildirib ki, ABŞ Myanmarla münasibətlərdə “təzyiq və danışıqlar strategiyası”ndan istifadə edəcək.

Bütün bunlar Myanmardakı vəziyyətdən və yerli hakimiyyətin davranışlarından asılı olacaq.

Yaponiyada Myanmardakı seçkilərə etiraz olaraq aksiya keçirilib.

Tailand. Myanmardakı seçkilərə etiraz aksiyası. Etirazçılardan bəziləri Myanmar əsgərləri forması geyib, digəri yaxınlaşıb "səs verir". 7 noyabr 2010
Aksiyada Myanmardan olan qaçqınlar da iştirak ediblər.

Aksiyaçılardan biri – Yaponiyadakı myanmarlı tələbə qrupunun üzvü Fon Myint Tun Röyters agentliynə deyib.

“Biz istəyirik ki, rejim diktaturaya son qoysun və An San Suu Ki ilə, eləcə də Myanmar xalqı ilə dialoqa getsin, ölkəni demokratik üsulla idarə etməyə başlasın”.

Nobel Sülh Mükafatçısı An San Suu Ki Myanmarın ana müxalifət partiyasının sədridir.

Onun rəhbərlik etdiyi Demokratiya Uğrunda Milli Liqa partiyası seçkiləri boykot edir.

Müxalifət bildirir ki, seçkilər saxtadır, çünki seçicilər təhdid yoluyla hərbi rejimə yaxın partiyaya səs verməyə məcbur edilib.

Xarici jurnalistlərə və beynəlxalq müşahidəçilərə səsverməni izləməyə icazə verilməyib.

Məlumatlara görə, Myanmarın ən böyük şəhəri Yanqonun küçələrində qeyri-adi bir sakitlik hökm sürür.

Polis qüvvələri yol ayrıclarında yerləşdirilib, amma səsvermə məntəqələrinə yaxın yerlərdə polis müşahidə edilmir.

Seçicilər 1160 nəfərlik parlamentin və 14 regional parlamentin üzvlərini seçməlidirlər.

Amma Konstitusiyaya görə seçkinin nəticələrindən asılı olmayaraq parlamentin və regional qanunverici orqanların dördə biri hərbi rejimin təyin etdiyi şəxslər üçün ayrılıb.

Gözlənilir ki, seçkidə xuntaya yaxın namizədlər qalib gələcəklər.

Seçkidə iştirak edən müxalifət partiyası – Milli Demokratik Qüvvə yalnız 170 dairədə mübarizə aparır.

An San Suu Ki
Başqa müxalifət partiyaları ya seçkidə iştirak üçün maliyyə tapa bilməyiblər, ya da təzyiqlərə görə seçkiyə getmədiklərini bildiriblər.

An San Suu Ki kimi yüzlərlə potensial namizəd ya ev dustağıdır, ya da həbsdədir.

An San Suu Ki 20 il qabaq həbs edilib və ev dustağıdır.

Onun partiyası 1990-cı ildəki seçkilərdə qalib gəlib, amma hərbi xunta onların qələbəsini tanımayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG