Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:41

«Alma» qəzeti bağlandı


Populyar həftəlik «Alma» qəzeti bağlanıb. Bu barədə «Turan»-a qəzetin redaktoru İsrail Musayev məlumat verib.

«Qəzetin təsisçisi onun nəşrini dayandırmaq qərarına gəldi», - redaktor bildirib.

O deyib ki, bu, islamçıların kəskin tənqidinə səbəb olmuş qalmaqallı yazının dərci ilə bağlıdır.

Söhbət islamçıların Məhəmməd Peyğəmbərin təhqir olunması kimi qəbul etdikləri məqalədən və karikaturadan gedir.

«Məni təsisçinin qərarından çox tənqidə qoşulan bir çox jurnalist həmkarlarımın, bəzi siyasi və ictimai xadimlərin mövqeyi təəccübləndirdi.

Belə ki, bizim qəzetin xətti cəhalətə və din xadimlərinin cəmiyyətə öz psevdo-maarifçilik ideyalarını sırımaq cəhdlərinə qarşı mübarizədən ibarətdir.

Odur ki, mən din və din xadimlərinin qeyri-demokratikliyini, ümumilikdə dini nəzəriyyəni müzakirə etmək baxımından bunda təhqiredici bir şey görmürəm.

Dinin cəmiyyətdə rolu və yeri açıq diskussiyalar mövzusudur ki, burada fikir söyləmək, mübahisə yürütmək olar.

Bunun əvəzinə, bəzi həmkarlarım məni rüsvay etməyə, «lənətləməyə» başlayıblar. Bu cür hallar yolverilməzdir və üstəlik, jurnalistlərin buna yol verməsi xoşagələn deyil», - Musayev vurğulayıb.

O xatırladıb ki, qəzetin ünvanına fanatik hücum redaksiyanın üzrxahlığından sonra da davam edir.

«Alma» qəzeti gənclərin populyar ictimai nəşri idi. Qəzet 2006-cı ildən nəşrə başlayıb.

Qəzetin əsas fərqli cəhəti odur ki, onun səhifələrində xalqın mədəniyyəti və mentalitetindəki stereotiplərə və ehkamlara qarşı mübarizəyə yönələn yazılar yer alırdı.
XS
SM
MD
LG