Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Son gün, son çıxış


Mehriban Əliyeva
Mehriban Əliyeva
Noyabrın 5-də İctimai Televiziyada sonuncu çıxışlar edilir. Bu çıxışlardan bir neçə saat sonra isə ölkədə seçki təbliğatı dayandırılır.

Sonuncu çıxışları hakim partiyadan ölkənin birinci xanımı Mehriban Əliyeva, parlamentin vitse-spikeri Ziyafət Əsgərov, YAP-ın icra katibi Əli Əhmədov, parlamentin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova, İqtisad Universitetinin rektoru, parlamentin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev, deputat Cavanşir Paşazadə edir.

Sonuncu gün müxalifət liderlərindən heç kimin çıxışı yoxdur.

ARDICILLIĞI MSK, YOXSA İTV MÜƏYYƏNLƏŞDİRİB?


Bu təsadüfdürmü? Namizədlərin ardıcıllığını kim müəyyənləşdirib?

Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov deyir ki, onlar ardıcıllığı müəyyənləşdirərkən qeydiyyat problemi və ya şikayət olmayan dairələri qabağa salıblar.

Bəs necə olur ki, sonuncu təbliğat günündə İctimai Televiziyada YAP-ın bir neçə sanballı namizədi çıxış edəcəyi halda, müxalifət liderləri gözə dəymir? Fuad Cavadov deyir ki, bu sualı onlara yox, İctimai Televiziyaya verək.

Tahir Məmmədov
İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov isə deyir ki, ardıcıllığı onlar müəyyənləşdirməyiblər. Bu çıxışlar MSK ilə dairə seçki komissiyaları arasındakı razılaşma əsasında sıralanıb. Bir də bunu deyir ki, debatlar dairələr üzrə keçirilir deyə sıralamanın elə də fərqi yoxdur.

Onun sözlərinə görə, İTV-də noybarın 5-də də müxalifət düşərgəsindən yetərincə namizəd çıxış edəcək.

“SONUNCU TƏƏSSÜRATI ONLAR QOYACAQ”

“Hakimiyyət ağır artilleriyanı sonuncu günə qəsdən saxlayıb. Sonuncu təəssüratı məhz YAP-çıların qoymasını istəyib”.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu belə deyir:

“Hakimiyyətin indiyədək üzə çıxardığı kadrlar (istər bitərəf, istər YAP-çı olsun) ancaq rüsvayçılıqla məşğul olublar. Mətnləri üzündən oxuya bilmirdilər, məntiqsiz və son dərəcə aşağı səviyyəli açıqlamalar verirdilər”.

Ərəstun Oruclunun dediyinə görə, görünür, hakimiyyət bunu hesablayıb. Ona görə də YAP-ın sanballı bəzi namizədlərini axıra saxlayıb. Məqsəd də seçicidə son təəssüratı onların qoymasına nail olmaqdır.

“MONOLOQ SÖYLƏMƏK İMKANI QAZANDILAR”

Fuad Qəhrəmanlı
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qənaətincə, İctimai Televiziyadakı çıxışlar YAP üzvlərinin müxalifətçilərlə debata çıxmaq iqtidarında olmadığını göstərdi. Bu namizədlərin sonuncu günə saxlanması da debatdan qaçmağın bir formasıdır:

“YAP təmsilçiləri ictimaiyyət qarşısında pis vəziyyətə, arqumentsiz vəziyyətə düşdülər. Hətta öz mövqelərini ictimaiyyətə çatdırmaq imkanları olmadığını, nə qədər primitiv olduqlarını göstərdilər. Buna görə də bəzən ictimaiyyət bu çıxışlara məzhəkə kimi yanaşırdı. Görünür, hakimiyyət bunun fərqindədir. Ona görə də özünün əsas namizədlər korpusunu axıra saxlamaqla müxalifətlə müqayisə imkanını aradan qaldırmaq istəyir. Mümkün olduğu qədər yaxşı görünməyə çalışır”.

Amma Fuad Qəhrəmanlı deyir ki, kimin birinci, kimin axırıncı çıxış etməsi elə də önəmli deyil. Seçici istər YAP-çıları, istərsə də müxalifətçiləri çoxdan tanıyır və hər ikisinə də bələddir. Sadəcə, hakimiyyət bu təmsilçilərini həm də tənqiddən qorumaq üçün bu yoldan istifadə edib:

«Biri var çıxış edilərkən ona münasibət bildiriləydi. Amma o baxımdan bəzi namizədlərin monoloq söyləmək, birtərəfli yalan söyləmək imkanı yarandı. Bu yalanın ifşası imkanı da aradan qalxır. Səhərisi günü təbliğat-təşviqat dayandırılır deyə, bu istiqamətdə müzakirələr aparmaq mümkün olmayacaq”.

“BİRİNCİ YA AXIRINCI, NƏ FƏRQİ VAR”

Rəbiyyət Aslanova
“Mənim bugünki çıxışımı istəyir bütün qəzetlər tənqid etsin. Nə dəyişəcək ki? Həmişə seçilmişəm, yenə də seçiləcəm”.

YAP-ın namizədi Rəbiyyət Aslanova belə deyir. O Fuad Qəhrəmanlı və Ərəstun Oruclunun dedikləriylə razılaşmır. Rəbiyyət Aslanova deyir ki, onun çıxışının sonuncu günə qalması iki səbəblə bağlıdır. Əvvəla, görüşlərini başa çatdırmayıb, ikincisi, səhhətində problemlər olub:

“Yəni qətiyyən o deyilənlərlə əlaqədar deyil. Bizim içərimizdə hamı eyni statuslu insanlardır. Hadı Rəcəbli dünən danışdı. Bahar xanım bir həftə əvvəl danışdı...Mənə elə gəlir ki, kiminsə əvvəl, kiminsə axırda danışmasında nəsə axtarmaq lazım deyil. Əsas odur ki, seçicinin eşitmək istədiyini deyəsən. Seçicinin inandıra biləsən, nüfuzuna güvənəsən”.

“QİBTƏ OLUNASI NAMİZƏD YOXDUR”

Bəs üç həftə davam edən çıxışlardan adi seçicinin yadında nə qaldı? Vətəndaşların dedikləri:

- İki dəfə baxmışam. Hər dəfə də beş dəqiqə baxmışam. Danışığına qibtə olunası namizəd yoxdur.

- İzləyirəm. Amma hər gün yox. Heç birinin çıxışı xoşuma gəlmir. PR kampaniyanın tələbinə əməl etmirdilər. Əvvəlcə, danışmalıydılar ki, səni seçən vətəndaşa neyləyəcəksən, sonra prezident, partiya haqda danışaydılar.

- Partiyaları ayırmıram, YAP üzvüdür, müxalifət üzvüdür.

- Müxalifətin tərəfdarıyam. YAP ancaq ondan danışır ki, İlham Əliyev elə, Heydər Əliyev belə. Müxalifət real şeydən danışır.

- Mən istəyirəm namizədlər bitərəf olsunlar.

“BU DEBATLAR DEBATA PARODİYA İDİ”

Ərəstun Oruclu
Ərəstun Oruclu deyir ki, bu teledebatlar daha çox seçkiyə demokratik görüntü vermək üçün keçirilirdi. Üstəlik də bu debatlar tragikomediyaya bənzəyirdi. Həm ağlamaq, həm də gülmək istəyirdin:

“Bu əslində, debatlara parodiya idi. Cəmiyyət də bunu əyləncə kimi qəbul etdi. Hər zaman televiziyada belə əyləncə ilə üzləşmək olmur. Bitərəf namizədlərin 99 faizi prezidenti tərifləməklə məşğul idi. Gədəbəyin, Yevlaxın Avropa şəhərinə bənzəməsi kimi fikirlərin iqtidarın səviyyəli deputatlarının dilindən səslənməsi isə ancaq təəssüf doğururdu”.

“MAZIMÇAYLA KATEXÇAY ARASINDA DÜŞÜNMƏYİN”

Rəbiyyət Aslanova da sanballı çıxışların az olduğu qənaətindədir. O deyir ki, budəfəki seçkilər ortaya çox şey qoydu:

“Bu gün peşəkar və qeyri-peşəkar, intellektli və savadsız çıxışları gördük. Nə gözəl ki, bu, cəmiyyətin gözü qabağında oldu...Hadisələrə bir əyalət düşüncəsi ilə yanaşırlar. Mən rayonda da deyirdim ki, əzizlərim, Mazımçayla Katexçay arasındakı məsafədə düşünməyin. Geniş düşünün. Bu gün danışmayaq ki, xurma satıldımı, satılmadımı. Biz qabaqkı kimi seçmirik, parlamentə millət vəkili göndəririk”.
XS
SM
MD
LG