Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:58

MSK İsa Qəmbərin müraciətini təmin etmədi


Mərkəzi Seçki Komissiyası noyabrın 4-də keçirdiyi iclasında İsa Qəmbərin müraciətinə baxıb

İsa Qəmbər MSK-ya müraciətində bildirib ki, İTV ilə 4 dəqiqəlik çıxışı zamanı 29 saylı Səbail Seçki Dairəsindən namizəd Elbrus Abdullayev onun barəsində təhqir və böhtan dolu məlumat yayıb.

E. Abdullayev Füzuli rayonunu ermənilərə İsa Qəmbərin təhvil verdiyini iddia edib.

İ. Qəmbər MSK-dan onun haqqında səslənən fikirlərə münasibət bildirmək üçün İTV-də əlavə efir vaxtının ayrılmasını istəyib.

MSK-nın katibi Natiq Məmmədov dedi ki, müraciət araşdırılıb və onun təmin olunması üçün heç bir hüquqi əsaslar yoxdur:

«Pulsuz efir vaxtı MSK tərəfindən hər bir namizəd üçün bərabər şərtlərlə ayrılır. Efir vaxtından istifadə edən bütün namizədlər Azərbaycan qanunvericiliyi ilə məsuliyyət daşıyırlar. Kimsə şərəf və ləyaqətin pozulmasını iddia edirsə, bunu məhkəmə qaydasında mübahisələndirə bilər. Düzdür, İsa Qəmbər öz müraciətində seçkilərə az qaldığından məhkəmənin gec baş tutacağını göstərib. Qanunvericiliyə əsasən, hər bir namizədə cavab hüququndan istifadə imkanı yaradılıb. Amma bunu ödənişsiz efirdən istifadə etməklə yox».

Komissiya üzvü Akif Qurbanlı isə bildirdi ki, qanunvericiliyə əsasən, şəxsə böhtan atılırsa, onun təkzib vermək hüququ var və bunun üçün KİV-lər şərait yaratmalıdır. Qanunvericilikdə bu şəraitin birmənalı olaraq ödənişli olması göstərilməyib:

«Şəxsin pullu efir vaxtını ödəmək imkanı yoxdursa, ona şərait yaradılmalıdır».

Komissiyanın son qərarına əsasən, İsa Qəmbərin müraciəti təmin olunmadı.
XS
SM
MD
LG