Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Amerika İranın Aştianini asmaq planlarını pisləyir


İtaliyada Aştianinin müdafiəsi ilə bağlı İran səfirliyi qarşısında aksiya. 2 sentyabr 2010
İtaliyada Aştianinin müdafiəsi ilə bağlı İran səfirliyi qarşısında aksiya. 2 sentyabr 2010
Amerika Birləşmiş Ştatları İranı çağırıb ki, ərinə xəyanətdə təqsirli bilinmiş Səkinə Məhəmmədi Aştianini edam etmək planlarını təxirə salsın.

Mediada məlumatlar yayılmışdı ki, Aştianini noyabrın 3-də asacaqlar.

Ağ ev məsələ ilə bağlı yaydığı bəyanatda Tehranın bu planlarını qəti şəkildə pisləyir.

Bəyanatda qeyd edilir ki, İran hakimiyyəti Aştianinin işi ilə bağlı şəffaf və obyektiv istintaqın aparılmasını təmin edə bilməyib.

Amerika hesab edir ki, bütün bunlar sözügedən məsələdə insan haqlarının, o cümlədən qadın hüquqlarının pozulduğunu göstərir.

Aştiani öncə - ərinin qətlində iştirak və iki kişi ilə qanunsuz əlaqə, ərinə xəyanət ittihamı ilə daşqalaq üsuluyla edam cəzasına məhkum edilmişdi.

Amma Almaniyada yerləşən Daşqalaq Cəzasına qarşı Beynəlxalq Hərəkat bildirmişdi ki, İran hakimiyyəti Aştianini noyabrın 3-də “ərinin qətlində iştirak” ittihamı ilə asacaq.

Amma Fransanın Xarici İşlər Naziri Bernard Kuşner İranlı həmkarı Mənuçöhr Mottəki ilə telefon söhbətinə istinadla deyib ki, Aştianini noyabrın 3-də edam etməyəcəklər.

Avropa Parlamentinin prezidenti Buzek də məsələyə münasibət bildirib.

“Əgər Səkinə Aştianinin edamının təxirə salınması xəbəri təsdiqlənərsə, bu, düzgün istiqamətdə atılmış bir addım olar”.

Jerzy Buzek
Buzek qeyd edib ki, İran hakimiyyəti bundan istifadə edib xanım Aştianinin işinə yenidən baxmalıdırlar.

“Avropa Parlamentinin əvvəlki bəyanatları və qətnamələri ilə eyni mövqedən çıxış edirəm və xanım Aştiani haqqında çıxarılmış edam hökmünə qəti etirazımı bildirirəm”.

Cənab Buzek hesab edir ki, İran hakimiyyətinin bu məsələdə davranışı onun insanlarla bir vətəndaş olaraq yox, bir əşya kimi davrandığını göstərir.

“Mən Aştianiyə ölüm hökmü çıxarılmasını İranın Mülki və Siyasi Hüquqlar haqda Beynəlxalq Razılaşma ilə öz üzərinə götürdüyü öhdəlikləri pozması sayıram. Hər bir şəxsə münasibətdə məhkəmə prosedurlarına heç olmasa minimum səviyyədə riayət edilməlidir”

Avropa Parlamentinin rəhbəri – Avropa Birliyinin hər növ ölüm hökmünə qarşı çıxdığını bildirib və İran hakimiyyətini ümumiyyətlə edamlara maratorium qoymağa çağırıb.

Səkinə Aştianinin 43 yaşı var, iki uşaq anasıdır.

Avaaz.org beynəlxalq hüquq müdafiə qrupu məxsusi kampaniyaya başlayaraq insanları İranla yaxşı münasibətləri olan ölkələrdən - Türkiyə, Braziliya rəhbərlərinə müraciətə imza atmağa çağırmışdı.

Müraciətə indiyə qədər 270 min nəfər imza atıb.

Amma bir neçə ay qabaq Braziliya prezidenti Lula da Silva Aştianiyə öz ölkəsində sığınacaq vermək təklifi ilə İran rəhbərliyinə müraciət etsə də, rədd cavabı almışdı.

Aştiani mövzusu sosial şəbəkələrdə, xüsusən də Tvitterdə də ən çox müzakirə olunan mövzudur.

Bu ilin avqustunda Aştianini dövlət televiziyasına çıxarmışdılar və o, ərinin qətlində əli oldunu və ərinə xəyanəti boynuna almışdı. Amma vəkili Houtan Kian demişdi ki, buna qədər Aştianiyə işgəncə veriblərmiş.

Beynəlxalq hüquq müdafiə təşkilatları bildirir ki, İran hakimiyyəti vəkili də həbs edib.

Bundan başqa keçən ay Aştianinin oğlu da ondan anası haqda müsahibə götürən ik alman jurnalistlə birlikdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG