Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:03

Yaponiya-Rusiya münaqişəsi qızışır


Dmitri Medvedev
Dmitri Medvedev
Yaponiya müvəqqəti olaraq səfirini Moskvadan geri çağırıb. Buna bir gün əvvəl Rusiya prezidenti Dmitri Medvedevin iki ölkə arasındakı mübahisəli adalardan birinə səfər etməsi səbəb olub.

Tokionun ərazi mübahisəsinin tarixi 2-ci Dünya müharibəsi illərindən başlayır. Sovet ordusu Rusiyanın Kuril, Yaponiyanın isə Şimal ərazisi adlandırdığı 4 adanı tutub.

Yaponiyanın Nazirlər Kabinetinin rəhbəri Yoşito Sengoku noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib ki, Tokionun Rusiyadakı səfirini çağırmaqda məqsədi diplomatik cavab üçün seçimləri nəzərdən keçirmək olub:

“İNANMIRAM Kİ, PROBLEMİN BİR HƏLLİ OLSUN”

- Biz bir daha bu addıma qarşı daha səmərəli tədbirlər haqda düşünməliyik. Amma mən inanmıram ki, problemin bir həlli olsun.

Bundan əvvəl Yaponiya hökumətinin sözçüsü hər iki ölkə liderlərinin noyabrın 13-14-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində danışıqlar aparacağının gözlənildiyini deyib. Ancaq sonradan Yaponiyanın XİN-i hələlik görüşün baş tutacağı ilə bağlı son qərarın olmadığını bildirib.

Dünən Yaponiya Xarici İşlər naziri Seiji Maehara Rusiya səfiri Mixail Belını çağıraraq Medvedevin mübahisəli 4 adadan birinə səfərinə etirazını çatdırıb.

Bu, Sovet qoşunlarının adaları işğal etməsindən bəri Rusiya liderlərinin ərazilərə ilk səfəridir. Ərazi iddiası Moskva və Tokio arasında müharibənin rəsmən başa çatmasına dair sülh müqaviləsinin imzalanmasına da mane olub.

Sergey Lavrov
Mübahisənin qızışa biləcəyinə şərh verən Rusiya Xarici İşlər naziri Sergey Lavrov səfir Mixail Belının çağırılmasını pisləyib:

“BU, BİZİM TORPAĞIMIZDIR”


- Yaponiya tərəfinin prezident Medvedevin Kurilə səfərinə reaksiyası qəbuledilməzdir. Bu, bizim torpağımızdır və Rusiya prezidenti Rusiya torpağına səfər edib.

Yaponiyanın baş naziri Naoto Kan cavabında adaların Yaponiya ərazisi olduğunu və Medvedein səfərinin “təəssüf doğurduğunu” vurğulayıb.

Bununla belə, S.Lavrov qeyd edib ki, Moskva ərazi mübahisəsinin Yaponiya ilə iqtisadi əlaqələrə mane olmasını istəmir:

- Biz Rusiya-Yaponiya əməkdaşlığına mane olan heç bir addım atmayacağıq. Ancaq Yaponiya lazımi nəticələr çıxarmalıdır. Mən təkrarlayıram, bu cür demarşlar qəbuledilməzdir.

Bu hadisələr Yaponiyanın Pekinlə gərginliyi zəiflətməyə çalışdığı zamana təsadüf edir. Yaponiya Şərqi-Çin dənizində bir qrup adaya nəzarət edir ki, Çin də öz növbəsində həmin adaları özününkü bilir.

KLİNTONDAN TƏMKİN ÇAĞIRIŞI


Hillari Klinton
Yaponiya və Çin arasında gərgin münasibətlər dərin iqtisadi əlaqələrə malik olan iki ölkə arasında narahatlıqları artırıb. Ötən həftə ABŞ Dövlət katibi Hillari Klinton hər iki ölkəni təmkinli olmağa çağırıb və üçtərəfli görüş keçirməyi təklif edib.

Çin isə Birləşmiş Ştatların təşəbbüsü ilə Yaponiya ilə üçtərəfli danışıqlardan imtina edib.

Bununla belə, Klinton noyabrın 2-i yenidən tərəflərin öz ziddiyyətlərini müzakirə etməyə ehtiyacının olduğunu deyib.

Vaşinqton narahatdır ki, Asiya sularında ərazi iddiaları beynəlxalq ticarət gəmiçiliyinə təhlükə yaradar və işarə vurub ki, gərginlik artacağı təqdirdə regional müttəfiqlərini, o cümlədən Yaponiyanı dəstəkləyə bilər.

Çin isə öz növbəsində ABŞ-Yaponiya müdafiə alyanasının gətirdiyi sabitlikdən faydalansa da, buna Çinə nəzarət etmək vasitəsi kimi də baxır.

/Sayta hazırladı Sevinc Hüseynzadə/
XS
SM
MD
LG