Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:47

Bu roman epidemiyasından salamat qurtara bilsək, fikirləşərik...


Yazıçı Fəxri Uğurlunun "Alma"qəzetinə müsahibəsi

- Ədəbi-tənqidi yazılarda tez-tez belə bir fikrə rast gəlirik:

“Fəxri Uğurlu qədim Şərq mətnləri üzərində yazdığı yazıları müasir tematikaya gətirə bilmir”.

Doğrudanmı siz müasirləşə bilmirsiniz?


- Dünyada nə varsa, hamısı haqqında konseptual, sistemli düşünməyin tərəfdarıyam.

Müasirliyə mənim bir ayrı yanaşmam var.

Bu, birbaşa zaman haqqında düşüncələrə, zaman konsepsiyasına söykənən yanaşmadır.

Təbiətdəki zamanı Yerin Günəşin başına dolanması (yəni materiyanın bütün zərrələrinin aramsız hərəkəti) yaratdığı kimi cəmiyyətdəki zamanı da insan yaradır - yəni insanın zamansızlığa, hərəkətsizliyə, ali sükunətə, bir sözlə, fələyin çarxını saxlamağa can atması.

Əlbəttə, insan deyəndə mən say-seçmə adamları nəzərdə tuturam.

Bir var zamanı yaradan adam, bir də var zamanın yaratdığı adam.

Çoxları müasirliyi zamanla ayaqlaşmaq, ya da zamanın dalınca qaçmaq kimi başa düşür. Ancaq dünyanı yedəyinə alıb aparan, ölümündən yüz-yüz illər sonra hamını öz vaxtının-zamanının içinə yığan kişilər də var.

Məsələn, Avropa bu gün Volterin zamanında yaşayır. Avropa bu gün Volterin müasiri olmaq səviyyəsinə çatıb. Bax buna deyərəm müasirlik!

Sənətkar zamanın yox, zaman sənətkarın yedəyində getməlidir. Əlbəttə, ola bilsin, Volter bu gün Avropada, Fransada yazıçı kimi aktuallığını itirib.

Ancaq sənətkarın arzuladığı da elə aktuallığı bu sayaq “itirmək” deyilmi? İndi Volterin kitabını oxumurlar, onun dediyi, arzuladığı kimi yaşayırlar!

Ancaq elə həmin Avropa Şekspirin (populyarlığı bəlkə hamını üstələsə də), Şopenhauerin, Ştirnerin, Floberin, Freydin (seksual inqilab sizi aldatmasın), Çexovun (pyesləri bir gün belə səhnədən düşməsə də), Hessenin, Folknerin, Kamyunun, Selincerin... zamanına hələ çatmayıb.

Servantesin, Kantın, Hegelin, Hötenin, Dostoyevskinin, Tolstoyun, Nitsşenin, Berqsonun, Tomas Mannın, Yunqun... zamanındansa, zənnimcə, Avropanı yüz illər də yox, qollu-budaqlı, oğullu-uşaqlı bir minillik ayırır.

Yəni Avropanın (eləcə də, bütün dünyanın) bu kişilərin vaxtına çatmağı, onların müasiri olmağı, onların ideallarına layiq bir həyat qurmağı, qismət olsa, hələ qabaqdadır.

Fəxri Uğurlu Azadlıq Radiosunun Bakı bürosunda
Tomas Mann Yusif peyğəmbər haqqında dini rəvayəti nəhəng bir romana çevirəndə, Şekspir, Höte Avropa xalqlarının qədim əfsanələri üzərində bədii-fəlsəfi mətnlər quranda, Şopenhauer, Hesse, Selincer xilas yolunu qədim Şərq təlimlərində, buddizmdə tapanda, Nitsşe Zərdüşt peyğəmbəri öz fəlsəfəsinin carçısına döndərəndə müasirlikdən qaçmırdı.

Onlar keçmişdə də “dəbdə” olmuş, gələcəkdə də olası bir dəyərə öz dövrlərinə uyğun libas geyindirirdilər.

O dəyərin adı könül, qəlb, ruh, eşq, əxlaq, mənəviyyat, vicdan, bunların topasını bir adla deyəsi olsaq, Allahdır. Bəli, Allah ən böyük, həm də yeganə dəyərdir.

O, dindar-ateist tanımaz, ağlı əxlaqından güc alan hər kəsin gözüylə baxar, diliylə danışar.

Məncə, sənətkar olmaq istəyən kəs öz allahının dilindən danışmalı, beynini, qələmini qəlbinə təslim eləməlidir.

Həm də istisnasız olaraq hər zamana, hər yerə, hər kəsə aid mətləblərdən danışmalıdır. Bax, müasirlik dediyiniz məsələni mən təxminən belə başa düşürəm.

- Belə çıxır ki, sizin yox, oxucunun, tənqidçinin özünün sizinlə “müasirləşmək”, sizin “zamanınıza” çatmaq problemi var?

- Bilmirəm, bəlkə İsgəndəri, Fərhadı (istər böyük Nizaminin yaratdıqları olsun, istərsə də bəndənizin qələmindən çıxanlar) nə vaxtsa Bərdənin küçələrində görən olub, bəlkə Məcnun (istər böyük Füzulinin Məcnunu olsun, istərsə də bəndənizin) doğrudan da Ərəbistan səhrasında möcüzələr göstərirmiş, bəlkə Ruma, yoxsa Tiflisə yürüş elədiyi bilinməyən Şeyx Sənan (istər böyük Əttarın, Cavidin yazdığı olsun, istərsə də bəndənizin) min il qabaq həqiqətən yaşayıbmış?

Yox, bütün bunlar hələ ki, həyatın yox, qələmin reallıqlarıdır.

Mən öz “tarixi” personajlarımın yolunu onların həm sələfi, həm də adaşı olan qəhrəmanların yer üzündəki macəralarının bitdiyi yerdən başlamışam.

Əgər nə vaxtsa bu dünyada onlara bənzər bircə nəfər yaşamış olsaydı, onda daha nə yazmağın, nə düşünməyin, nə də bu planetdə gün keçirməyin bir anlamı qalardı.

İndi gələk sizin müasirlik dediyiniz anlayışın üzdə görünən tərəfinə, yəni içində olduğumuz dövrü, zamanı, cəmiyyəti, onun problemlərini ədəbiyyata gətirmək məsələsinə.

Söhbət sosial nəsrdən gedirsə, bu, mənlik deyil, qoy bu işi başqaları görsün. Sosiallıq ədəbiyyatın üst qatıdır.

Bir qat dərinə işləyəndə insanın yaşadığı cəmiyyətdən, irqindən, dinindən, ayağının altındakı torpağın quruluşundan asılı olmayan fərdi psixoloji dünyasına gedib çıxırsan.

“Bu niyə belə olur, insan niyə başqa cür yox, məhz belə davranır?” sualını verəndə isə bir qat da dərinə enib həyatın mənası haqda suallarla üz-üzə qalırsan, yəni fəlsəfə daşlığına düşürsən.

Oradan geriyə yol yoxdur, ya yeriməlisən, ya da ayağını daşlara yedirdib başını fəlsəfə daşına döyməlisən.

Əlbəttə, ədəbiyyata gəlməyən zaman, məkan, adam yoxdur, o cümlədən də bizim içində bulunduğumuz dövr, arasında olduğumuz insanlar. Ancaq doğrusu, yaşadığımız günlər ədəbi material kimi adamı heç cəlb eləmir.

Biz keçilmiş, tapdanmış, sürtülmüş bir zamanın içində yaşayırıq. Bu zamanın üzü o qədər ayaqaltı, o qədər tüpürcək görüb, adamda - nə mərhəmət, nə nifrət - yalnızca ikrah doğurur.

İkrahla, nifrətlə ədəbiyyat yaranmaz. Heç Brejnevin dövrü də bu qədər maraqsız, bu qədər ümidsiz deyildi.

- Azərbaycan dilinin bugünkü imkanları ilə dünya ədəbi xəzinəsinə töhfə ola biləcək bir əsər yazmaq olarmı?


- Əvvəla, yazıçı dildəki sözlərin az bir qismindən yararlanır. Tutalım, bizim dilimizin lüğət tərkibində bir milyon söz olsaydi, yazanda o sözlərin neçə faizini işlədəcəkdik? Məncə, böyük mətləbləri ən kasıb dildə də ifadə eləmək olar.

Vaqif İbrahimoğlu və Fəxri Uğurlu Azadlıq Radiosunun Bakı bürosunda. 30 dekabr 2008
Ümumiyyətlə, böyük həqiqəti dilə gətirmək üçün çox söz gərək deyil.

Özümüzdən danışsaq, Azərbaycan türkcəsinin imkanları son dərəcə geniş, hüdudsuzdur, sadəcə bu dilin imkanlarını duymaq, türkcə təkcə yazmağı yox, düşünməyi bacarmaq lazımdır.

Bizim 60-70-80-ci illər ədəbiyyatımızın dilin potensialını oyatmaq baxımından böyük uğurları olub. Sonrakı illərdə də ədəbi dilimizin çox sanballı tapıntılarını görmüşük.

Bu prosesi dayandığı yerdən davam elətdirmək lazımdır.

Öz dilinin imkanlarına şübhəylə baxmaq əyalətçi təfəkkürün nişanəsidir.

Nəinki dünya ədəbiyyatı xəzinəsinə layiq, mən bir gözəl ilin gözəl ayında bir gözəl oğlanın bu dildə dünyanın ən gözəl kitabına nöqtə qoyacağı günü gün kimi aydın görürəm.

- Bu yay mətbuatın gündəmini məşğul etmiş Milli Kitab Mükafatının qalibləri sırasında siz də vardınız. Bu mükafat ətrafındakı mübahisələrə sizin də münasibətinizi bilmək maraqlı olardı...

- Milli Kitab Mükafatı məni müstəqilliyinə, heç bir rəsmi orqandan, yaradıcı qurumdan asılı olmamasına görə cəlb eləmişdi.

Nigar Köçərlinin bu işdə zəhmətini yüksək qiymətləndirirəm.

Hələ nəticələr elan olunmamışdan xeyli qabaq onun basqılara uğradığını eşitmişdim. Şəxsən mənimlə bağlı (özü də təkcə mənimlə yox), xüsusən də adım onluqda yer alandan sonra təzyiqlər olduğu qulağıma çatmışdı.

On minlərlə bələdiyyə üzvündən bircəciyinin öz gücünə seçilməsinə razı olmayanlar hətta ədəbiyyat sahəsində də presedent yaranmasına dözə bilməzdilər, dözmədilər də.

Mən bu prosesi sonacan səbrlə izlədim, bir qəzetçi hərisliyilə xeyli məlumat topladım, ancaq o məlumatları burda xırdalamağı lazım bilmirəm.

Sanballı ekspert beşliyi öz işini vicdanla, professionallıqla (əlbəttə, mübahisəli məqamların olduğunu danmamaq şərtilə) görüb münsiflərə təhvil verəndən sonra gedişat dəyişdi.

Nigar xanıma basqıların səmərə vermədiyini görən qara qüvvələr bəzi münsiflərin əliylə istəklərinə çatdılar.

Bildiyimə görə, ən azı üç istiqamətdən bu layihəyə çirkli əllər uzanıb. Onlar bu işə haram qatdılar, Nigar Köçərlinin əməyini puç elədilər.

Hətta mənim bir nəfərlə şərikli üçüncü yerə qoyulmağım da kimlərinsə xoşuna gəlməyib.

Qısaca bir sorğu keçirsəniz, münsiflərin təqribən yarısının onlara verilmiş əsərlərdən, müəlliflərdən xəbərsiz olduğunu görərsiniz. Bəs onlar kimin xahişi, göstərişiylə əsərləri qiymətləndiriblər?

Rəşad Məciddən başqa heç bir münsif verdiyi balları mətbuata açıb demədi. Gərək proses bitəndən sonra Nigar xanım hər bir münsifin qərarını ictimaiyyətə açıqlayaydı.

Belədə həm məsuliyyəti öz çiynindən atardı, həm də gələcək müsabiqələrdə münsiflərin daha məsuliyyətli davranmasına səbəb olardı.

Sizə bir misal çəkim. 1998-ci ildə mənim adım prezident təqaüdü alan on gənc yazıçının siyahısına düşəndə hakimiyyəti tənqid mövqeyində duran “Rezonans” qəzetinin baş redaktoruydum.

Axşam evə gedəndə dedilər xəbərlər proqramında oxunan prezident sərəncamında adın çəkildi.

Hələ də bilmirəm mənim adım o siyahıya necə düşmüşdü. Söz yox, siyahı Yazıçılar Birliyində tutulmuşdu, prezident də onu olduğu kimi imzalamışdı.

Milli Kitab Mükafatı
İndisə Yazıçılar Birliyinin tutduğu siyahı üç-dörd instansiyada təftiş olunur, daha elə siyahı tuturlar, heç təftişə də ehtiyac qalmır. 2008-ci ildə tutulan ilk təqaüd siyahısından bir neçə məşhur yazıçının adını silmişdilər, bunu mətbuat gen-bol işıqlandırdı.

1998-ci illə 2008-ci ilin fərqini görmək üçün təkcə elə bu iki fakt, zənnimcə, yetər...

- Qarşıdan parlament seçkisi gəlir. İndiyə qədərki seçkilərdə daim öz fəal mövqeyi ilə seçilən qələm adamlarının əksəriyyəti kimi sizin də səsiniz eşidilmir. Bunu necə izah edirsiniz? Müxalifətdən incimisiniz, yoxsa ümidiniz tükənib?


- Müxalifətdən inciməyə haqqım çatmır, çünki müxalifətin şəxsən mənim qarşımda hakimiyyətə gəlməklə bağlı heç bir öhdəliyi olmayıb.

Ümidim də tükənməyib, ümidsiz şeytandır, deyiblər.

Çoxumuz bundan xəbərsiz olsaq da, biz üçüncü dünya müharibəsi şəraitində yaşayırıq.

Klassik savaş üsulları, texnologiyaları getdikcə sıradan çıxır, müasir müharibə elə belə olur. İndi savaş torpaqlar uğrunda yox, adamlar uğrunda gedir.

Eynən futboldakı kimi: qabaqlar sən öz ölkənin komandasında başqa ölkələrin klublarına qarşı oynayırdın, indi kiminsə başqa bir ölkənin komandasında öz ölkəsinə qarşı oynaması çox adi görünür.

İndi müsəlman köklü biri ABŞ prezidenti olur, xristian əsilli bir başqası da islamı qəbul eləyib Əl-Qaidənin aparıcı simalarından birinə çevrilir.

Biz bu savaşda torpaqlarımız bir yana, adamlarımızı uduzmuşuq.

İndi azərbaycanlıların azından doxsan faizi öz ölkəsinə qarşı oynamaq həddinə çatdırılıb. Millətdə özünə qarşı ikrah qatqılı istehzalı münasibət yaranıb.

Onlar bu torpaqda bircə sağlam toxumun belə cücərəcəyinə inamlarını itiriblər. Ancaq hələ bütün olanımız əldən çıxmayıb, bu xalqın namuslu ziyalıları hələ də var.

Yer üzündə müstəqil fikrin olduğuna inanmayanlar qəzetçilik fəaliyyətimə görə çox vaxt məni müxalifətçi sayıblar.

Bir söz demirəm, saysınlar (hərçənd hansısa partiyaya üzv olmaq heç ağlıma da gəlməyib). Ancaq mən ziyalının həmişə müxalifətdə olması fikriylə razı deyiləm.

Daim müxalifətdə olan qüvvənin adı Şeytandır. Ziyalı hər zaman öz Tanrısının adından danışdığına görə hər zaman hakimiyyətdədir.

Tarixin gedişatını ziyalı dediyimiz adamlar yönəldir, bu gedişata qarşı çıxanlarsa şeytan fəhlələri, əsl müxalifdilər. Onların süqutu qaçılmazdır.

Mənə elə gəlir, üçüncü dünya savaşının şıdırğı dövrü artıq geridə qalıb.

Yaxın illərdə yer üzündə böyük dəyişiklər olacaq, yeni demokratiya dalğası baş qaldıracaq. 1992-ci ildə milli-demokratik qüvvələr hakimiyyətə gələndə mən elə bildim daha getdikcə Axundov, Sabir, Mirzə Cəlil, Haqverdiyev... bizdən ötrü aktuallığını itirəcək, biz onların “zamanında” yaşamağa başlayacağıq.

Ancaq az keçmiş bizim zamanımız yenə zəbt olundu, daha doğrusu, universal zamanın içindən oğurlanıb girov götürüldü. Nəticədə biz klassiklərimizin “zamanında” yox, onların dərdləriylə, tipajlarıyla baş-başa yaşayası olduq.

Yenə həmin fırıldaqçılar - kimyagərlər, din tacirləri - şeyxnəsrullahlar, yaltaq zalımlar - xudayarbəylər, yenə həmin bəxtsiz cavanlar, dağılan tifaqlar...

Bu gün bizim gənc yazıçılarda sosial-siyasi mövzulara aşırı meylin yaranması da şikəst zamanın doğduğu anormallıqlardan biridir.

Əslində biz bu mərhələni çoxdan keçmiş olmalıydıq, “axundovşina” ilə çoxdan “qurtarmalıydıq.”

- “Tanrı Dağları” adlanan hekayələr silsiləniz böyük maraqla qarşılandı. İri həcmli əsər yazmağı planlaşdırırsınızmı?


- Ölkəni bürümüş bu roman epidemiyasından salamat qurtara bilsək, fikirləşərik.

(ixtisarla)
Nərmin HÜSEYNZADƏ
"Alma" qəzeti

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG