Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:17

İlqar Rəsul "İkiallahlılıq"


İlqar Rəsul
İlqar Rəsul
(Hekayə)

Anamın taleyi alnına yox ətəyinə yazılıb. Çünki bu qədər müsibəti yazmağa heç Allahın özünün də alnında yer olmazdı.

Elə ona görə də ətəyi kimi bəxti də ayaqlarının altında daşa, torpağa sürtülməkdən didik-didik idi.

Ərini və qardaşını valideyinlərindən əvvəl itirmişdi Anam, oğlunu torpağından, ev-eşiyindən sonra.

Ürəyi fikirdən, ayaqları Ürəyindən xəstə düşmüşdü.

Allahı onun gözlərindən həmişə utancaq baxan görürdüm.

Elə bil bədbəxtliyin hec kim qaldıra bilməyən yükünü anamın üstünə yazmışdı və indi də buna görə xəcalət çəkirdi.

(Şəxsən mənimçün sonradan çəkilən xəcalət əslində əvvəlindən naqis yazılmış bir hekayənin özünə oxşayan epiloqundan başqa bir şey deyil)

Bəzən anamın lap çətin məqamlarında mənə elə gəlirdi ki, bax indicə Allah intihar edəcək.

Amma yox, nə O intihar edirdi, nə Anamın ürəyi partlayırdı. Elə bil Onlar bir birinin sifətində günah və xəcalət kimi asılıb qalmaqdan zövq alırdılar.

Qalmışdım İkisinin arasında. Bunun sözünü Ona deyirdim, Onun sözünü Buna.

İkisi də başımın bəlasına çevrilmiş nataraz uşaqlar kimiydi.

Hərdən mənə elə gəlirdi ki, əgər Allahla Anam çoxdan xərabə qalmış bu dünyanın hansısa küçəsində rastlaşsalar, Allah Özünü tanıtmamaq üçün gözünə eyək taxıb, gödəkcəsinin yaxalığını qaldıraraq tələsik ötüb keçər, Anamsa indicə gördüyünün kiməsə yamanca çox oxşadığını düşünməklə kifayətlənərdi.

Çünki, iki günahkarın - hansısa günaha görə cəza çəkənlə, cəzanı verib günaha batanın ayaq saxlayıb bir birinin əhvalını soruşması yersiz olardı. Hə, ancaq belə edərdilər. Mən Onların İkisini də yaxşı tanıyıram.

Çünki ağlım kəsəndən Hərəsini bir dizimin üstündə böyütmüşəm…

...Nə yazıqlar ki, Ayağının altında Cənnət olan Analar çox vaxt çiynilərində Cəhənnəm yükü daşıyırlar. Daşıya –daşıya da uşaqları böyütməyə çalışırlar. Amma əslində uşaqlar Analar öləndən sonra böyüyürlər...

Bir gün Anamı öldürdüm. Dəfnə Allah gəldi:

- Başın sağ olsun!

- Səndən narazıyam!

- Sənin bilmədiyin məsələlər var.

- Mənim bildiklərin narazı qalmaq üçün kifayət edir.

- O dünyası yaxşı olacaq.

- O tərəfdə yaxşı olacaq deyə İnsana bu tərəfdə bir belə zülm eləməzlər.

- Belə olmalıdır.

- Mən belə Allahlığı qəbul etmirəm.

- Başın sağ olsun….

…Telefonum zəng caldı:

- Hə Ana, dərmanlarını almışam, işdən çıxan kimi gətirəcəm.

- İndi gətirsən olmaz?

- Yox, düz gəlməz, hələ işimi qurtarmamışam.

- De ki, anam çağırır.

- Düz gəlməz.

- Başa düşməzlər?

- İnsandılar, niyə, başa düşəni də olar, başa qalxanı da. Gəl başa qalxa biləni daha bir günaha batırıb günahlanmayaq. Onsuzda sənin ətəyində salamat yer yoxdur...

İlqar Rəsul (Bakı-Avqust 2010)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG