Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:01

Gürcüstan polisi casusluqda şübhəli bilinən 20 nəfəri həbs edib


Gürcüstan polisi 20 nəfəri Rusiyaya casusluq etmək ittihamı ilə həbs edib.

Onlardan ikisi ermənidir – Ruben Şikoyan və Armen Gevorkyan.

Gevorkyanın vəkili Nana Tsuladze deyib ki, onun müdafiə etdiyi şəxsləri oktyabrın 17-də saxlayıblar və barələrində 2 aylıq həbs-qəti imkan tədbiri seçiblər. (İnterpressnyus)

Vəkilin bildirdiyinə görə, iş çox məxfi aparılır.

“Mənə həbs edilənlərin ümumi sayı məlum deyil. Mənim müdafiə etdiyim şəxslər Gürcüstan vətəndaşı olan ermənilərdir.

Həbs edilənə qədər yük və neft təftişi ilə məşğul olan bir şirkətdə işləyiblər. Gevorkyan şirkətin rəhbəri, Şikoyan isə müavini idi”.

"İnterpressnyus" xəbər verir ki, həbs edilənlər Gürcüstan Daxili İşlər və Müdafiə nazirliklərinin aldığı mallar, güc nazirlikləri və ayrı-ayrı məmurlarla bağlı məlumat toplayırmışlar.

20 nəfərin Rusiyaya casusluq ittihamı ilə tutulması xəbərini ilk olaraq Röyters agentliyi Gürcüstan hakimiyyətindəki adı açıqlanmayan mənbələrinə istinadla yayıb.

Məlumata görə, tutulanların hamısı Gürcüstan vətəndaşlarıdır. Onları casus şəbəkəsi yaradıb məxfi məlumatları Rusiyaya ötürməkdə günahlandırırlar.

Gürcüstanın Daxili işlər nazirliyi məlumatı nə təsdiq, nə də təkzib edib.

“Biz indi hər hansı şərh vermək istəmirik. Rəsmi məlumat noyabrın 5-də keçiriləcək mətbuat konfransında açıqlanacaq” – deyə nazirliyin sözçüsü Şota Utiaşvili bildirib.

Gürcüstan iki il qabaq Rusiya ilə qısa sürən müharibəni uduzub. Moskva Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini dövlət kimi tanıyıb.

Müharibədən qabaq Gürcüstan 4 rus hərbçisini və digər 12 nəfəri Rusiyaya casusluqda ittiham edib tutmuşdu.

O zaman bu, iki dövlət arasında münasibətləri daha da gərginləşdirmişdi.

O vaxt Gürcüstan bildirmişdi ki, tutulanlar ölkənin NATO ilə əlaqələri, liman və dəmiryol xətləri, ordusu və müxalifəti haqda məlumat toplayırmış.

Gürcüstan həmin hərbçiləri Moskvaya təhvil vermişdi.

Kreml isə onların həbsini “Gürcüstan rəhbərliyinin anti-Rusiya siyasətini sübut edən böyük saxtakarlıq” adlandırmışdı.

XS
SM
MD
LG